2026-cı il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif edilməsi ölkəmizin beynəlxalq miqyasda sülhə, humanizmə verdiyi töhfələrin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Bu mükafat dövlətlər və xalqlar arasında dialoqun, qarşılıqlı hörmətin və əməkdaşlığın təşviqinə xidmət edən liderlərə təqdim olunur.
Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi onun rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi ardıcıl və prinsipial siyasətin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Dövlət başçısının fəaliyyətində sülh, qarşılıqlı anlaşma və tolerantlıq prinsipləri əsas yer tutur. Azərbaycan bu gün müxtəlif mədəniyyətlərin, dinlərin və millətlərin dinc şəraitdə birgə yaşadığı nümunəvi ölkə kimi tanınır.
Tarixi multikultural ənənələrə malik olan Azərbaycan, Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə bu dəyərləri müasir dövrün çağırışlarına uyğun şəkildə qoruyub inkişaf etdirir. Multikulturalizm və tolerantlıq ölkəmizdə yalnız ictimai həyatın tərkib hissəsi deyil, eyni zamanda dövlət siyasətinin prioritet istiqamətidir. Bakının beynəlxalq humanitar forumlara və mədəniyyətlərarası dialoq platformalarına ev sahibliyi etməsi də bu siyasətin praktik nəticələridir.
Əbu-Dabidə təqdim olunan “Zayed İnsan Qardaşlığı Mükafatı” Prezident İlham Əliyevin regional və beynəlxalq sülhə verdiyi töhfələrin rəmzi ifadəsidir. Xüsusilə münaqişədən sonrakı dövrdə Azərbaycan tərəfindən irəli sürülən sülh təşəbbüsləri, qarşılıqlı etimadın formalaşdırılmasına yönəlmiş çağırışlar Cənubi Qafqazda davamlı sabitliyin təmin olunmasına xidmət edir. Bu yanaşma yalnız region üçün deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın xarici siyasətində də insan qardaşlığı ideyaları xüsusi yer tutur. İslam dünyası ilə Qərb arasında etibarlı körpü rolunu oynayan ölkəmiz dialoq, əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərini ardıcıl şəkildə müdafiə edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanır və yüksək qiymətləndirilir.
Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif edilməsi bir daha təsdiq edir ki, Azərbaycan sülhü, birgəyaşayışı və humanist dəyərləri təşviq edən məsuliyyətli dövlət kimi qlobal miqyasda etibarlı mövqeyə malikdir. Bu mükafat eyni zamanda ölkəmizin beynəlxalq nüfuzunun artmasının və regionda sülhün təmin olunmasında oynadığı mühüm rolun göstəricisidir.
L.Məmmədova
YAP Samux rayon təşkilatının məsləhətçisi