Bu gün Birləşmiş Ərəb Əmirliklərinin əldə etdiyi uğurlar Şeyx Zayed siyasətinin davamlılığının bariz nümunəsidir. Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə kursunu uğurla davam etdirərək ölkəsini qlobal miqyasda nüfuzlu və güclü mövqeyə yüksəltmişdir. Onun rəhbərliyi altında həyata keçirilən islahatlar iqtisadiyyatın şaxələndirilməsinə, innovasiyaların təşviqinə, sosial rifahın yüksəldilməsinə və beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edir. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın fəlsəfəsində dayanan ən mühüm məqamlardan biri sülh və birgəyaşayıla bağlıdır. Ayrı-ayrı regionlarda qanlı müharibələrin davam etdiyi indiki dövrdə dünyanın heç vaxt olmadığı qədər sülhə böyük ehtiyacı var. Qalib Azərbaycan da beynəlxalq birlik üçün nümunə sayıla biləcək sülh gündəliyinə malikdir. Mükafat Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin, diplomatik məharətinin və sülhə nail olmaq üçün göstərdiyi qətiyyətin dünya miqyasında tanınması və yüksək dəyərləndirilməsi deməkdir.
Prezident İlham Əliyev 4 fevral 2026-cı ildə Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindəki çıxışı zamanı bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. O, elə bir böyük lider idi ki, onun uzaqgörənliyi və fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan və ən uğurlu ölkələrindən birinə çevirmişdir.Şeyx Məhəmməd atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini davam etdirir. Bu gün Birləşmiş Ərəb Əmirlikləri tarixi köklərinə möhkəm bağlı qalmaqla yanaşı, gələcəyə də inamla baxan, sülh və ahəngdar şəraitdə yaşayan bir cəmiyyətin necə qurulması baxımından həqiqətən də bir çox ölkələr üçün nümunədir. Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir.
Şeyx Zayedin adını daşıyan bu nüfuzlu mükafata layiq görülmək Azərbaycan üçün qürurverici hadisə olmaqla yanaşı, ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə töhfə verir. Bu mükafat Prezident İlham Əliyevin liderliyinin, Azərbaycanın uğurlu inkişaf yolunun və dünyaya verdiyi müsbət mesajların yüksək səviyyədə tanındığının rəmzidir.
Hüseyn Süleymanov
YAP Kəngərli rayon təşkilatının sədr müavini