PDF Oxu

Siyasət

  • 1 203

Fəal siyasi dialoqdan strateji tərəfdaşlığa

image

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Vitse-prezidenti Cey Di Vensin rəsmi səfəri çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya iki dövlət arasında münasibətlərin mahiyyət etibarilə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Dövlətimizin başçısının mətbuata bəyanatında səsləndirilən fikirlər sübut edir ki, tərəflər münasibətləri sistemli və institusional müstəviyə keçirməyi qarşıya məqsəd qoyublar. Bu amillər isə əlaqələrin davamlı və proqnozlaşdırıla bilən xarakter alması baxımından xüsusi əhəmiyyət daşıyır.

Altı ay əvvəl Vaşinqtonda başlanmış dialoq prosesinin konkret sənədlə nəticələnməsi onu göstərir ki, tərəflər arasında siyasi etimad kifayət qədər yüksək səviyyədədir. İşçi qrupunun formalaşdırılması, mütəmadi məsləhətləşmələr və sahələr üzrə koordinasiyalı fəaliyyət bu tərəfdaşlığın real məzmun daşıdığını təsdiqləyir. Xartiya münasibətlərin hüquqi əsaslarını möhkəmləndirməklə yanaşı, gələcək əməkdaşlıq üçün yol xəritəsi rolunu oynayır və prioritet istiqamətləri aydın şəkildə müəyyənləşdirir.
Regionda formalaşmış yeni sülh mühiti Strateji Tərəfdaşlıq sənədinin əsas siyasi fonunu təşkil edir. Ağ Evdə paraflanmış saziş və Birgə Bəyannamə yalnız diplomatik nailiyyət deyil, eyni zamanda yeni geosiyasi reallığın təsbitidir. Münaqişə sonrası mərhələdə altı ay davam edən sabitlik göstərir ki, tərəflər qarşıdurmadan əməkdaşlığa keçidin praktik mexanizmlərini işə salıblar. Bu dövr ərzində atılan addımlar sülhün deklarativ deyil, real proses olduğunu nümayiş etdirir.
Ermənistana tətbiq olunmuş tranzit məhdudiyyətlərinin aradan qaldırılması və enerji təchizatının başlanması iqtisadi inteqrasiyanın ilkin elementləri kimi dəyərləndirilir. Bu addımlar regionda qarşılıqlı asılılığın artmasına və iqtisadi əlaqələrin normallaşmasına xidmət edir. Sülhün iqtisadi ölçüsü nə qədər geniş olarsa, onun davamlılıq ehtimalı da bir o qədər yüksək olur. Məhz bu baxımdan iqtisadi inteqrasiya sabitliyin təminatçısına çevrilir və regionu qarşıdurma zonasından əməkdaşlıq platformasına transformasiya edir.
Strateji Xartiyada qeyd olunan TRIPP layihəsi yalnız nəqliyyat təşəbbüsü deyil, daha geniş geoiqtisadi konsepsiyanın tərkib hissəsidir. Trans-Xəzər Nəqliyyat Dəhlizi üzərində qurulan bu model Asiya ilə Avropa arasında alternativ və təhlükəsiz ticarət xətti formalaşdırmağı hədəfləyir. Mövcud qlobal geosiyasi gərginlik fonunda alternativ marşrutların əhəmiyyəti artdıqca, Orta Dəhlizin rolu daha da aktuallaşır. TRIPP layihəsi məhz bu reallıqlara cavab verən strateji təşəbbüs kimi çıxış edir. Layihə multimodal daşımaların inkişafını, liman və logistika infrastrukturunun modernləşdirilməsini, rəqəmsal gömrük sistemlərinin tətbiqini və sərmayə axınının təşviqini nəzərdə tutur. Bu amil region ölkələrinin tranzit potensialını artırmaqla yanaşı, qlobal ticarət zəncirində onların rolunu gücləndirir. Eyni zamanda, layihə daxili iqtisadi inteqrasiyanı stimullaşdırır və ölkənin nəqliyyat-logistika mərkəzinə çevrilməsi perspektivini genişləndirir. Bu baxımdan TRIPP təkcə marşrut deyil, iqtisadi və siyasi təsir vasitəsidir. Dövlətimizin başçısı mətbuata bəyanatında qeyd edib ki, biz bu cür böyük töhfəyə görə ABŞ Hökumətinə çox minnətdarıq: “Biz Azərbaycan vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə nəinki bütün məhdudiyyətləri qaldırmışıq, o cümlədən özümüz Ermənistana neft məhsullarının təchizatına başlamışıq. Beləliklə, ticarətin və əməkdaşlığın başlanğıcı reallaşır. Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Beləliklə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir”.
Enerji sektoru iki ölkə arasında əməkdaşlığın ən dayanıqlı istiqamətlərindən biri olaraq qalır. Bu gün Azərbaycanın 16 dövlətin enerji təhlükəsizliyinə töhfə verməsi onun beynəlxalq enerji sistemində mühüm aktor olduğunu göstərir. Xüsusilə Avropa məkanında təchizatın şaxələndirilməsi kontekstində ölkənin rolu daha da əhəmiyyət qazanır. Bu faktor enerji diplomatiyasını strateji tərəfdaşlığın əsas sütunlarından birinə çevirir.
Xartiyada neft və qaz layihələri ilə yanaşı, elektrik enerjisi mübadiləsi, interkonnektor xətləri və yeni enerji texnologiyalarının tətbiqi də xüsusi yer tutur. Mülki nüvə əməkdaşlığı və kritik mineralların qlobal bazarlara çıxışı isə enerji təhlükəsizliyinin gələcək ölçülərini formalaşdırır. Bu yanaşma ənənəvi enerji əməkdaşlığını daha geniş və kompleks təhlükəsizlik konsepsiyasına inteqrasiya edir. Beləliklə, enerji artıq yalnız iqtisadi resurs deyil, geosiyasi sabitliyin vasitəsinə çevrilir.
Müasir beynəlxalq münasibətlər sistemində texnologiya və rəqəmsal infrastruktur strateji güc amili kimi çıxış edir. Strateji Xartiyada süni intellekt mərkəzlərinin yaradılması, data mərkəzlərinə investisiyalar və rəqəmsal təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi kimi məsələlərin yer alması tərəfdaşlığın gələcəyə yönəlik xarakterini göstərir. Bu faktor iqtisadiyyatın bilik və innovasiya əsaslı modelə keçidini sürətləndirə bilər.
Amerikanın qabaqcıl texnologiya şirkətləri ilə əməkdaşlıq tədqiqat və inkişaf mühitinin genişlənməsinə, startap ekosisteminin formalaşmasına və yüksək ixtisaslı insan kapitalının yetişdirilməsinə təkan verə bilər. Trans-Xəzər rəqəmsal xətləri və regional data mübadiləsi platformaları isə ölkəni rəqəmsal tranzit mərkəzinə çevirmək potensialına malikdir. Bu istiqamət iqtisadi şaxələndirmə strategiyasının mühüm komponenti kimi çıxış edir.
Xartiyanın təhlükəsizlik bölməsi iki ölkə arasında müdafiə və antiterror sahəsində əməkdaşlığın sistemləşdirilməsini nəzərdə tutur. Müdafiə sənayesi məhsullarının alınması və texniki əməkdaşlıq hərbi modernləşmə prosesinə əlavə imkanlar yarada bilər. Bu əməkdaşlıq yalnız ikitərəfli çərçivədə deyil, regional təhlükəsizlik sisteminin gücləndirilməsi kontekstində də dəyərləndirilir.
Kibertəhlükəsizlik, kritik infrastrukturun qorunması və hibrid təhdidlərə qarşı mübarizə müasir təhlükəsizlik konsepsiyasının əsas elementlərindəndir. Humanitar minatəmizləmə sahəsində əməkdaşlıq isə post-münaqişə reabilitasiyasının sosial və iqtisadi aspektlərini sürətləndirir. Təhlükəsiz mühit olmadan iqtisadi inkişafın mümkün olmadığı nəzərə alınarsa, bu istiqamət strateji tərəfdaşlığın fundamental dayaqlarından biri kimi çıxış edir.
Strateji tərəfdaşlığın effektivliyi onun icra mexanizmlərindən asılıdır. Xartiya çərçivəsində müxtəlif sahələr üzrə İşçi Qruplarının yaradılması, konkret yol xəritələrinin hazırlanması və mütəmadi yüksək səviyyəli görüşlərin təşkili bu əməkdaşlığın davamlı xarakter alacağını göstərir. Bu, siyasi bəyanatların praktik layihələrə çevrilməsi üçün institusional baza yaradır. İllik görüşlər və əlavə dialoq mexanizmləri tərəflərə prioritetləri yenidən qiymətləndirmək və dəyişən beynəlxalq şəraitə uyğunlaşmaq imkanı verir. Beləliklə, münasibətlər dinamik və çevik idarəetmə modelinə əsaslanır. Bu isə strateji tərəfdaşlığın uzunmüddətli perspektivdə sabit qalmasına zəmanət yaradır.
İmzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya göstərir ki, Bakı–Vaşinqton münasibətləri artıq daha geniş geosiyasi kontekstdə inkişaf edir. Enerji, nəqliyyat, təhlükəsizlik və texnologiya sahələrində paralel əməkdaşlıq modeli regionun sabitlik və inkişaf arxitekturasına təsir göstərir. Bu sənəd iki ölkə arasında qarşılıqlı etimadın və uzunmüddətli strateji baxışın təcəssümüdür.
ABŞ Vitse-prezidentinin səfəri və əldə olunan razılaşmalar yalnız diplomatik hadisə deyil, yeni mərhələnin başlanğıcıdır. Bu mərhələ sülhün möhkəmləndirilməsi, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və texnoloji transformasiyanın sürətləndirilməsi üzərində qurulur. Beləliklə, Strateji Xartiya regionun gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas sənədlərdən biri kimi tarixi əhəmiyyət kəsb edir.

Asif Əsgərov
Milli Məclisin deputatı

Digər xəbərlər