PDF Oxu

Siyasət

  • 1 165

Azərbaycan qlobal və regional proseslərdə etibarlı tərəfdaş kimi qəbul olunur. ŞƏRH

image

Amerika Birləşmiş Ştatlarnın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri, mövcud siyasi dialoqun, qarşılıqlı hörmət və etimad mühitinin bariz nümunəsidir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens ilə görüşü zamanı Cənubi Qafqaz regionunda dayanıqlı sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasının vacibliyi vurğulanıb, regionda uzunmüddətli əməkdaşlıq və inkişaf üçün əlverişli şəraitin yaradılmasına dair ortaq mövqe ifadə edilib. ABŞ-nin bölgədə sülh və sabitliyin möhkəmləndirilməsində Azərbaycanın aparıcı və konstruktiv rolunu yüksək qiymətləndirməsi, ölkəmizin artan geosiyasi əhəmiyyətinin beynəlxalq səviyyədə qəbul edildiyini bir daha göstərir.

Görüşdə ötən ilin avqustunda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülhün təmin olunması üçün ABŞ Prezidenti Donald Trampın rolu xüsusi vurğulanıb. Vaşinqton görüşündə məsələyə faktiki olaraq nöqtə qoyulması Azərbaycanın iradəsinin dünya gücləri tərəfindən qəbul edildiyini göstərdi. Bu, sadəcə, bir sülh sazişinin paraflanması deyil, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam və şərtsiz tanıması, revanşist xülyalardan rəsmən imtina etməsi demək idi.

Regionda sülh və əməkdaşlığı təmin edəcək faktorlardan biri də TRIPP layihəsidir. Bu layihə regionun tranzit imkanlarını genişləndirir, iqtisadi inteqrasiyanı sürətləndirir və uzunmüddətli sabitliyin əsas dayaqlarından birinə çevrilir. Prezident İlham Əliyevin dediyi kimi, TRIPP layihəsi nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlər müstəqilliyimizin ilk illərindən etibarən formalaşmış və zamanla strateji məzmun qazanmışdır. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra ABŞ ölkəmizin suverenliyini tanıyan ilk dövlətlərdən biri olmuşdur. Bu münasibətlərin hüquqi və siyasi çərçivəsini müəyyən edən əsas sənədlərdən biri isə Azərbaycan ilə ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasıdır. Həmin sənəd iki dövlət arasında siyasi dialoqun, təhlükəsizlik əməkdaşlığının, enerji tərəfdaşlığının və demokratik inkişaf istiqamətində qarşılıqlı dəstəyin əsasını təşkil edir

Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu aydın şəkildə nümayiş etdirir . Strateji Tərəfdaşlıq Xartiyası iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiq edən mühüm sənəddir. Bu xartiya qarşılıqlı hörmət, suverenlik və ərazi bütövlüyünün tanınması, daxili işlərə qarışmamaq və beynəlxalq hüququn prinsiplərinə sadiqlik kimi fundamental prinsiplərə əsaslanır. Sənəd Azərbaycan ilə ABŞ arasında siyasi məsləhətləşmələrin davamlı xarakter daşımasını, regional və qlobal məsələlər üzrə koordinasiyanın gücləndirilməsini nəzərdə tutur.

Azərbaycan Cənubi Qafqaz regionunda mühüm geosiyasi mövqeyə malikdir. ABŞ isə qlobal siyasətdə aparıcı rol oynayan dövlətdir. Bu baxımdan tərəflər arasında strateji dialoq təkcə ikitərəfli münasibətlər baxımından deyil, həm də regionun sabitliyi və təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edir. Xartiya çərçivəsində tərəflər terrorizmə, transmilli cinayətkarlığa, kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizədə əməkdaşlığı prioritet istiqamətlərdən biri kimi müəyyən etmişlər.

Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində müdafiə və təhlükəsizlik strukturları arasında əməkdaşlıq, hərbi təlim proqramları, sərhəd təhlükəsizliyinin gücləndirilməsi və dəniz təhlükəsizliyi məsələləri xüsusi yer tutur. Xəzər dənizində enerji infrastrukturunun qorunması, sərhəd nəzarət sistemlərinin modernləşdirilməsi və beynəlxalq təhlükəsizlik təşəbbüslərində iştirak bu əməkdaşlığın əsas istiqamətlərindəndir.

Azərbaycanın regionda sabitlik və təhlükəsizliyin təmin olunmasına yönəlmiş siyasəti ABŞ tərəfindən dəstəklənmişdir. Eyni zamanda, ABŞ Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan etmişdir ki, bu da ikitərəfli münasibətlərin mühüm siyasi dayaqlarından biridir. Azərbaycan–ABŞ münasibətlərinin əsas sütunlarından biri enerji əməkdaşlığıdır. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”ndə ABŞ şirkətlərinin fəal iştirakı iki ölkə arasında iqtisadi əlaqələrin təməlini qoymuşdur. Sonrakı illərdə Bakı–Tbilisi–Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi qlobal əhəmiyyətli layihələr enerji təhlükəsizliyi baxımından mühüm rol oynamışdır.

Strateji Tərəfdaşlıq Xartiyası enerji sahəsində əməkdaşlığın genişləndirilməsini, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində təcrübə mübadiləsini və investisiya imkanlarının artırılmasını təşviq edir. ABŞ Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirir və regionda enerji marşrutlarının şaxələndirilməsini dəstəkləyir. Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası ikitərəfli münasibətlərin sistemli və uzunmüddətli əsasını təşkil edən mühüm sənəddir. Siyasi dialoq, təhlükəsizlik əməkdaşlığı, enerji layihələri, iqtisadi və humanitar əlaqələr bu tərəfdaşlığın əsas sütunlarını təşkil edir. Qarşılıqlı hörmət və milli maraqlara əsaslanan əməkdaşlıq regionda sabitlik və inkişafın təmin olunmasına töhfə verir.

Dövlət başçısının uzaqgörən və prinsipial siyasəti nəticəsində Azərbaycan qlobal və regional proseslərdə etibarlı tərəfdaş və dialoqa açıq aktor kimi qəbul olunur.

Azər Ağayev

YAP Tərtər rayon təşkilatının sədr müavini

Digər xəbərlər