PDF Oxu

Siyasət

  • 1 426

Enerji gücü rəqəmsal transformasiyanın əsası kimi

image

Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirdiyi tezislər ölkənin inkişaf strategiyasında yeni mərhələnin başlandığını göstərir. Bu mərhələ artıq ənənəvi enerji və nəqliyyat layihələrinin məntiqi davamı kimi rəqəmsal transformasiya, süni intellekt və data iqtisadiyyatı üzərində qurulur. Qlobal miqyasda formalaşan yeni iqtisadi modeldə əsas rəqabət üstünlüyü təbii resurslarla deyil, texnologiya, innovasiya və məlumatların effektiv idarə olunması ilə müəyyən edilir. Dövlət başçısının çıxışı da məhz bu reallıqlara söykənərək Azərbaycanın gələcək inkişaf trayektoriyasını müəyyənləşdirir. Müasir dünyada süni intellektin tətbiqi, böyük həcmli data mərkəzlərinin yaradılması və dövlət xidmətlərinin tam rəqəmsallaşdırılması ölkələrin iqtisadi və siyasi çəkisini müəyyən edən əsas amillərə çevrilib. Cənab Prezident bu istiqamətin Azərbaycanın prioritetlər siyahısında ön mövqeyə çıxarılmasını strateji qərar kimi qiymətləndirdi. Bu yanaşma təsadüfi deyil. Çünki rəqəmsal inkişaf artıq təkcə texnoloji məsələ deyil, milli təhlükəsizlik, iqtisadi dayanıqlılıq və qlobal rəqabət qabiliyyəti məsələsidir. Azərbaycanın bu sahədə mühüm üstünlükləri mövcuddur. İlk növbədə, ölkənin əlverişli coğrafi mövqeyi diqqət çəkir. Asiya ilə Avropa arasında yerləşən, Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizlərinin mərkəzində qərarlaşan Azərbaycan artıq fiziki infrastruktur baxımından regionun əsas bağlantı qovşaqlarından birinə çevrilib. Prezidentin vurğuladığı kimi, mövcud nəqliyyat və enerji dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərə transformasiya olunmalıdır. Bu isə Azərbaycanın yalnız enerji tranziti ölkəsi deyil, həm də rəqəmsal məlumat axınının etibarlı platformasına çevrilməsi deməkdir. Neft-qaz layihələri çərçivəsində formalaşmış beynəlxalq əməkdaşlıq təcrübəsi də rəqəmsal mərhələyə keçid üçün ciddi əsas yaradır. Otuz ildən artıq müddətdə transmilli şirkətlərlə uğurla icra olunan layihələr göstərdi ki, Azərbaycan həm müqavilə intizamı, həm də investisiya təhlükəsizliyi baxımından etibarlı tərəfdaşdır. Son 20 ildə iqtisadiyyata 350 milyard dollardan artıq sərmayənin qoyulması və xarici investisiyaların qorunması ölkədə müsbət investisiya iqliminin formalaşdığını təsdiqləyir. Bu təcrübə artıq rəqəmsal dünyada aparıcı rol oynayan şirkətlərlə münasibətlərdə də tətbiq edilməlidir. Enerji potensialı rəqəmsal transformasiyanın əsas dayaqlarından biridir. Data mərkəzləri və süni intellekt platformaları böyük enerji resursları tələb edir. Son 20 ildə Azərbaycanın generasiya gücünün iki dəfəyə yaxın artaraq 10 min meqavata çatdırılması və hazırda ən azı 2 min meqavat istifadə edilməyən ehtiyat gücün mövcudluğu bu sahədə ciddi üstünlük yaradır. Ölkənin həm ənənəvi, həm də bərpaolunan enerji mənbələri ilə tam təmin olunması və eyni zamanda ixrac imkanlarının genişlənməsi rəqəmsal iqtisadiyyat üçün möhkəm enerji bazası formalaşdırır. Fiber-optik bağlantıların genişləndirilməsi istiqamətində görülən işlər də strateji əhəmiyyət daşıyır. Xəzərin şərq sahilləri ilə Azərbaycanı birləşdirəcək kabel layihəsinin icrası ölkənin Şərqə doğru rəqəmsal bağlantılarını gücləndirəcək. Qərb istiqamətində yeni bağlantıların yaradılması isə Azərbaycanın qlobal data marşrutlarında mövqeyini daha da möhkəmləndirə bilər. Bu infrastruktur yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır. Qlobal maliyyə institutları və aparıcı fondlarla mövcud əməkdaşlıq da rəqəmsal layihələrin maliyyələşdirilməsi baxımından mühüm üstünlükdür. Azərbaycan Dövlət Neft Fondunun illərdir dünyanın ən iri maliyyə təsisatları ilə əməkdaşlığı və bu platformalar vasitəsilə investisiyaların idarə olunması yeni mərhələdə əks-investisiya mexanizmlərinin işə salınmasına imkan yaradır. Eyni zamanda, ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası və Avropa İttifaqına üzv 10 ölkə ilə mövcud strateji tərəfdaşlıq sənədləri, eləcə də Çin ilə hərtərəfli strateji tərəfdaşlıq münasibətləri Azərbaycanın aparıcı güc mərkəzləri ilə paralel əməkdaşlıq imkanlarını genişləndirir. Bu balanslı və çoxşaxəli xarici siyasət rəqəmsal transformasiya prosesində də əlavə siyasi və iqtisadi təminat yaradır. Dövlət idarəçiliyində vahid koordinasiya məsələsi müşavirədə xüsusi vurğulandı. Rəqəmsal inkişafın pərakəndə deyil, mərkəzləşdirilmiş və sistemli şəkildə həyata keçirilməsi üçün konkret fəaliyyət planının hazırlanması tapşırıldı. Hər bir dövlət qurumunda rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxslərin müəyyənləşdirilməsi institusional yanaşmanın gücləndirilməsinə xidmət edir. Bu, idarəetmədə operativliyi və məsuliyyət bölgüsünü təmin edən mexanizmdir. Dövlət xidmətlərinin “mygov” platforması üzərindən vahid mərkəzdə birləşdirilməsi vətəndaş məmnunluğunun artırılması və resursların optimallaşdırılması baxımından mühüm addımdır. Bu yanaşma rəqəmsal dövlət modelinin formalaşmasına xidmət edir və idarəetmədə şəffaflıqla yanaşı, effektivliyi də artırır. Kadr hazırlığı məsələsi strateji prioritet kimi müəyyənləşdirilib. Ali təhsil müəssisələrində və xaricdə təhsil proqramlarında süni intellekt və rəqəmsal texnologiyalar üzrə ixtisasların genişləndirilməsi, orta məktəblərdə ilkin biliklərin aşılanması uzunmüddətli perspektivdə insan kapitalının formalaşmasına yönəlib. Çünki rəqəmsal iqtisadiyyatın əsas resursu məhz yüksək ixtisaslı kadr potensialıdır. Süni intellektin dövlət qurumlarında tətbiqi və qərar qəbuletmə prosesində istifadə edilməsi idarəetmədə keyfiyyətin yüksəldilməsinə xidmət edə bilər. Eyni zamanda, kibertəhlükəsizlik məsələsi prioritet istiqamət kimi önə çəkilib. Keçən il baş vermiş kiberhücumlar göstərdi ki, rəqəmsal mühitdə təhlükəsizlik məsələsi milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir. Mövcud Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi bu baxımdan zəruridir. Bütün bu istiqamətlər göstərir ki, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sadəcə texniki modernizasiya proqramı deyil, dövlətin uzunmüddətli inkişaf strategiyasının mühüm komponentidir. Enerji, nəqliyyat və investisiya sahələrində əldə edilmiş uğurların rəqəmsal mərhələyə transformasiyası ölkənin qlobal rəqabət qabiliyyətini artıracaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyən edilən bu strateji kurs Azərbaycanın gələcək onilliklərdə də dayanıqlı və innovativ inkişaf modelini təmin etməyə yönəlib.

Mehriban Vəliyeva
Milli Məclisin deputatı

Digər xəbərlər