III minilliyin birinci qərinəsində dəyişən dünya mənzərəsi dövlətlərarası münaqişələr, müharibələr (silahlı, hibrid, informasion və s.), Covid-19 Pandemiyası, qlobal böhran, geoiqtisadi kataklizmlər, sülh və dialoq tendemləri ilə tarixə yazılır.
Müasir Azərbaycanda institusional mühit, hakimiyyətdə və qanunvericilik sahəsində, eləcə də sosio-mədəni-iqtisadi istiqamətdə islahatların aparılmasını labüdləşdirir ki, bunun da əsasında məhz hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyəti, idarəetmənin təkmilləşməsi və müasirləşdirilməsi strategiyası durur.
Dünyanın dəyişən reallıqları fəlsəfəsində Azərbaycanın yeni dövrdə çoxtərəfli inkişafının əsasını ölkənin resursları, imkan və potensialının qarşıya çıxan hədəf və çağırışları paralelliyində, həm də respublikanın strateji prioritetləri də zəruriləşdirir. XXI əsrin üçüncü onilliyində respublikanın inkişaf mənzərəsi “Güclü Azərbaycan” modelinin yeni innovativ tərəqqisini gerçəkləşdirən və həyata keçirilən islahatlarla səciyyələnən reallıqlardır. İnstitusional islahatlar ölkədə dövlət idarəetmə sistemini zamanın dəyişən hədəf və tələblərinə adaptik qurulmasını zəruri edir. İslahatlar institusional qurumların, dövlət və hakimiyyət sisteminin dəyişən tələb və çağırışlarına uyğun mexanizmlərinin də yenilənməsini şərtləndirirdi.
Demokratik quruluşlarda hakimiyyət təmsilçiliyi, qarşılıqlı vətəndaş münasibətləri ilə tənzim edilir. Belə quruluşlarda da çox yayılan siyasi isarəetmə forması prezident və parlament respublikaları və onların tərkib hissələridir.
Dünya dövlətləri siyasi idarəetməsində prezidentlik institutlarının fərqli modelləri olmasına baxmayaraq, bu təsisat dünyadahər dövlətin öz konstitusiyasına riayət olunmasını, xalqın ehtiyac və maraqlarının təminatçısı və milli birliyin rəmzi kimi qəbul olunur. Dövlətlərin idarəçilik sistemində prezidentlik institutu idarəetmə formasından asılı olaraq, tarixi dövlətçilik yolunu və hakimiyyət sistemində də müxtəlif yer, rol və xüsusiyyətləri ilə əks edir.
Bu kontekstdən Azərbaycanda dövlət siyasi idarəetmə formasına nəzər yetirək. Müstəqil Azərbaycan Konstitusiyasının “İcra hakimiyyəti” adlanan VI fəslinin, “İcra hakimiyyətinin mənsubiyyəti” adlanan 99-cu maddəsində “Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur” yazılmışdır.
-Prezidentlik institutu müstəqil Azərbaycanda dövlət hakimiyyətində əsas siyasi idarəetmə sistemidir. Zamanın tələblərinə uyğun Prezidentlik institutunun təşəkkülü və inkişafı Ali Qanuna - Konstitusiyaya dəyişikliklər və islahatlar nəticəsində daha təkmil metoda keçibdir. Azərbaycan Konstitusiyasının “Dövlətin əsasları” bölməsi II fəslinin 7-ci maddəsi “Azərbaycan dövləti” adlanır və onun 3-cü müddəasında “Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir” əks edilmişdir.
Müasir Azərbaycanda prezidentlik institutuna aid dəyişikliklərdə yenilik Azərbaycanda konstitusion əsasla ilk dəfə vitse-prezidentlik təsisatının yaradılmasıdır. Vitse-prezidentlik institutu dövlət siyasi idarəetməsində yeni bir prosesdir. Bu institut yeni islahatların getdiyi müasir Azərbaycanda dövlətçilik sistemində, siyasi-hüquqi idarəetmədə effektivliyin artırılması, ictimai-humanitar-mədəni istiqamətlərin reallaşdırılmasında səmərəli inkişaf yoludur. Vitse-prezidentlik institutunun konstitusion əsaslarla təsis olunması Respublikada dövlət siyasi idarəetməsinin təkmilləşdirilməsi paradiqmasıdır.
2016-cı ildə Konstitusiyaya əlavə edilmiş 103-1-ci maddə “Azərbaycan Respublikasının vitse-prezidentləri” adlanır və onun 1-ci bəndində yazılır ki: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər”. Konstitusiyanın 103-1-ci maddəsinin 2-ci bəndində də yazılıb: “Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir”.
2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən Referendumda dövlət siyasi-ictimai idarəçiliyində ilk və yeni institut – Birinci vitse-prezidentlik yaradıldı. Müstəqil Azərbaycanda Birinci vitse-prezidentlik institutunun formalaşdırılması dövlət siyasi idarəçiliyində funksional vahid olaraq ölkənin idarəetmə sistemində yeni və aktuallıq kəsb edən təsisatdır.
Birinci vitse-prezidentlik institutu ölkədə funksional dövlət idarəçiliyində çeviklik və effektliyin artırılmasında, prezidentlik institutunun tərkib hissəsi kimi aktuallığı ilə mühüm təsisatdır.
Bu kontekstdə Azərbaycan Respublikası Konstitusiyasının 105-ci maddəsinin I, II, III bəndləri, 106-1 maddəsi, həmçinin 108-1 maddəsi və 110-1 maddəsi vitse-prezidentlik institutunun səlahiyyət və fəaliyyətlərini qanunla təsbit edir.
Bu baxımdan da 26 sentyabr 2016-cı ildə Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı keçirilən Referenduma əsasən dövlət və hakimiyyət idarəetmə sistemində yeni təsisat - Birinci vitse-prezidentlik institutunun yaradılması da nəzərdə tutulurdu. Müstəqil Azərbaycanda bu yeni təsisat dövlət və hakimiyyət idarəetmə mexanizmində funksional institut olaraq yenilənən respublikanın yeni idarəetmə modeli oldu.
Birinci vitse-prezidentlik institutu:
- Müstəqil Azərbaycanda 2016-cı il 26 sentyabrda keçirilən Referendum ilə təsbit olunan Konstituson İnstitutdur.
- Müstəqil Azərbaycanda ilk dəfə təsis edilibdir.
- İlk növbədə humanizm qayəli milli təhlükəsizlik məsələsidir.
-Dövlət idarəetməsində səlahiyyətlilik statuslarının şaxələnmə prosesidir.
-İcraetmə ilə idarəetmənin vəhdətində xarakterik komponentdir.
-Türk-Şərq-İslam aləmində də optimal idarəçilik modelidir.
-Çevik, operativ qərarların daha da məsuliyyətliliyinin formalaşdırılmasıdır.
-Ölkədə hakimiyyət və idarəetmədə yeni layihə və islahatlara dəstəkdir.
-Humanitar, beynəlxalq, qlobal, lokal, səviyyədə milli-mədəni “güc”dür.
Azərbaycanda Prezident İlham Əliyevin 2684 nömrəli Sərəncamı ilə 21 fevral 2017-ci ildə Azərbaycan Respublikasında Birinci vitse-prezidentlik institutu təsis edildi. Bu vəzifəyə ilk dəfə olaraq Xanım Mehriban Əliyeva təyin olundu. 2017-ci il 21 fevralda Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında Dövlət Başçısı Xanım Mehriban Əliyevanı təqdim edərək dedi: “Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipal, çox xeyirli bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır”.
Dövrün geosiyasi və sosio-mədəni tələbinə müvafiq dəyişikliklərin tərkib hissəsi olaraq Birinci vitse-prezident institutunun təsisçiliyi dövlətçilik sistemində ən yeni mərhələ oldu. Xanım Mehriban Əliyevanın Birinci vitse-prezidentliyə təyin olunması 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin qadınlara seçib-seçilmək hüququnun verilməsindən qaynaqlanan gender hüququnun davamı olaraq, Ulu öndər Heydər Əliyevin Dövlət Qadın məsələsinin uğurla həyata keçirilməsi, Prezident İlham Əliyevin imzaladığı “Gender bərabərliyinin təminatı” Qanununun reallaşdırılması yönündə Azərbaycanda gender siyasəti tarixində yeni dövlət idarəçiliyi təsisatı oldu.
Xanım Mehriban Əliyevanın istər ölkəmizdə, istərsə də beynəlxalq aləmdə peşəkar işgüzarlığı, təşkilatçılıq bacarığı, humanizmi onun ulu öndər Heydər Əliyevin dövlətçilik institutunun təşəbbüskar yetirməsi olduğunun təsdiqidir. Elə bu kontekstdən də Xanım Mehriban Əliyeva vurğulayır ki: “Mən əminəm ki, vəzifədən aslı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yaşamalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır”.
21 fevral 2017-ci il Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edən Prezident İlham Əliyev Xanım Mehriban Əliyevanın müasir Azərbaycanın ictimai-mədəni,siyasi həyatında vacib və aktiv rol apardığını, Yeni Azərbaycan Partiyasında sədrin müavini, Milli Məclisin deputatı olaraq səmərəli və əhəmiyyətli işlər aparmasını, çoxistiqamətli beynəlxalq fəaliyyətini, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həm Azərbaycan, həm də bölgənin ən böyük ictimai təşkilatı olmasını və ölkədəki bir çox qlobal tədbirlərin təşkilində aparıcı rol oynadığını, Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif olunmasını, bu çoxşaxəli fəaliyyəti onun Ali statuslu təyinatında mühüm rol daşımasını qeyd etmişdir.
Bu baxımdan Diqqətə yetirək ki, bu illər ərzində ölkədə Birinci vitse-prezidentlik çevik, formalaşmış funksional bir təsisat olaraq çoxyönlü istiqamətlərdə ölkənin inkişaf xəttində “mədəni gücdür”.
Konstitusion Azərbaycanda İlk Birinci vitse-prezident Xanım Mehriban Əliyevanın ölkədə çoxşaxəli fəaliyyəti, Ulu öndər Heydər Əliyev məktəbindən mənimsədiyi çoxillik idarəçilik təcrübəsi də vacib rol daşıyır. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Xanım Mehriban Əliyevanın bu kimi fəaliyyət və keyfiyyətlərinə nəzər yetirərək vurğulayıb: “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır”.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçirilən COP29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti bu konfransda ictimai-siyasi və sosio-humanitar paradiqmalı məzmunda ətraflı məruzə ilə çıxış etmişdir. Xanım Mehriban Əliyevanın məruzəsinin əsas paradiqmaları “ölkələrə sülh və əmin-amanlıq diləməklə” dünyaya BARIŞ çağırışlı “mədəni güc” fəlsəfəsini ehtiva edir.
Yenilənən Azərbaycanda prezidentlik institutunun tərkib hissəsi olan vitse-prezidentlik təsisatının yaradılması, bu zəmində də ölkədə konstitusion əsaslarla ilk dəfə olaraq, Birinci vitse-prezidentlik institutuna təyinat, aparılan islahatların bir istiqamətidir. Birinci vitse-prezidentlik qurumunun mədəni-humanitar, sosio-strateji istiqamətləri və bu mətndə də ölkədə həyata keçirilən siyasi-hüquqi inkişafa dəstək dövlət institutudur.
Dövlət siyasi idarəetməsində Birinci vitse-prezidentlik institutu da məhz “Güclü Azərbaycanın” inkişafı modelində effektivliyi əks etdirir. Belə ki, müasir Azərbaycanda dövlət institusional sahəsində siyasi-ictimai və “mədəni güc” təsisatı olaraq idarəetmədə daha çevik və effektliliyin formalaşması, hüquqi dövlət zəminində demokratik dəyişimlərin qanuni əsaslarının da yenilənməsi, islahatlar mexanizminin aparılma ehtivasıdır. Müasir Azərbaycanda dövlət idarəetmə sahəsində gerçəkləşdirilən islahatlar aparıcı ölkələrin təcrübəsinə istinadən modernləşmə xəttinə uyğun icra edilir.
Azərbaycanın 2020-ci il Vətən müharibəsində Zəfərindən sonra Cənubi Qafqaz regionunda yaratdığı yeni reallıqlar zəminində ölkə modern inkişaf xəttinə yönəlik strateji yolu seçibdir. 2023-cü il 20 sentyabrda ərazi bütövlüyünü tam bərpa edən suveren Azərbaycanda daxili siyasi-ictimai və vətəndaş həmrəyliyi milli birlik, ictimai-siyasi sabitlik amilini nizamlayır. Məhz bu yolda Birinci vitse-prezident təsisatının da həm ictimai-siyasi, həm də “mədəni güc” olaraq ölkədə çoxsaylı layihələrin reallaşdırılmasında, şəhərsalma və memarlıq sahəsində modernləşmənin tətbiqində məqsədyönlü rolu və yeri vardır.
Nəzərə yetirək ki, Suveren Azərbaycanda Birinci vitse-prezidentlik Konstitusion ilk innovativ ictimai-siyasi və mədəni “güc” İnstitutu olaraq ölkənin beynəlxalq müstəvidə tanıdılmasında da mühüm fəaliyyət həyata keçirir.
Rəna Mirzəzadə, AMEA Fəlsəfə və Sosiologiya İnstitutu Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, professor