Bakıda Azərbaycan Hakimlərinin II Forumu keçirilir. Forumda çox maraqlı mövzular müzakirə edilib, maraqlı fikirlər səsləndirilib. 600-dək məhkəmə hakiminin, həmçinin Məhkəmə-Hüquq Şurası üzvlərinin iştirak etdiyi forumun məqsədi fəaliyyətin hesabatlılığının təmin edilməsi, qarşıdakı dövr üçün prioritetlərin və gələcək planların müzakirəsi, hüquq ictimaiyyətini və cəmiyyəti ölkəmizdə gedən məhkəmə-hüquq islahatları barədə məlumatlandırmaqdır. Bu yazıda Forumun mahiyyətinə və məhkəmə sisteminin, hakimlərin fəaliyyətinə qısa bir baxış verəcəyik.
Ramiz Rzayev: “Hakimlər cəmiyyətin ədalətə olan inamının əsas təminatçısıdır”
Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev açılış nitqində bildirib ki, bugünkü forum Azərbaycan məhkəmə hakimiyyəti üçün xüsusi məna və əhəmiyyət daşıyan bir dövrə təsadüf edir. O, qeyd edib ki, müasir dövrdə məhkəmə hakimiyyətinin qarşısında duran vəzifələr təkcə hüququ tətbiq etməklə məhdudlaşmır: "Hakimlər cəmiyyətin ədalətə olan inamının əsas təminatçısıdırlar. Bu inam isə yalnız peşəkarlıq, obyektivlik və qanunun aliliyi prinsiplərinə sadiqliklə deyil, eyni zamanda, institusional güc, həmrəylik və davamlı inkişafla möhkəmlənir”.
İnam Kərimov: Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üçün islahatlar aparılıb
Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov deyib ki, 2025-ci il məhkəmə hakimiyyəti üçün də kifayət qədər məhsuldar və uğurlu olub. Sədr qeyd edib ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində qanunvericilik və institusional islahatlar aparılıb, bu islahatların beynəlxalq aləmdə təbliği məqsədilə mühüm tədbirlər həyata keçirilib: "Vahid məhkəmə təcrübəsinin formalaşdırılması, hüquqi məsələlərin həllində yanaşmanın sabitliyinin və mövqelərin proqnozlaşdırılan olmasının təmin edilməsi istiqamətində işlər davam etdirilib".
Fərhad Abdullayev: "Konstitusiya insan hüquq və azadlıqlarının müdafiəsinə təminat verir”
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev vurğulayıb ki, konstitusion şərh hüquqi müəyyənliyin və qanunun aliliyinin təmin edilməsində mühüm rol oynayır:"Konstitusiya dövlət hakimiyyətinin sərhədlərini müəyyən etməklə yanaşı, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat verir və ictimai münasibətlərin tənzimlənməsinin əsas istiqamətlərini müəyyənləşdirir. Bu baxımdan Konstitusiyada təsbit edilmiş təməl prinsiplərin düzgün anlaşılması və tətbiqi xüsusi əhəmiyyət daşıyır".
Forumda məhkəmə-hüquq sistemində uzunmüddətli səmərəli fəaliyyətinə, həmçinin çıxardıqları məhkəmə qərarlarının sabitlik göstəricilərinə görə bir qrup hakim təltif edilib, onlara mükafatlar təqdim olunub.
Toğrul Hüseynov: Rəqəmsallaşma icra prosesində əsas problemləri aradan qaldırır
Məhkəmə qərarlarının vaxtında və səmərəli icrası ədalət mühakiməsinin əsas tərkib hissəsidir və bu sahədə rəqəmsallaşma ilə süni intellekt texnologiyalarının tətbiqi xüsusi əhəmiyyət daşıyır. Bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov "Rəqəmsallaşma və süni intellektin tətbiqi imkanları" adlı panel müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, ənənəvi icra prosesində icra növbələrinin uzanması, borcluların aktivlərinin müəyyənləşdirilməsində çətinliklər, qurumlararası koordinasiyanın zəifliyi və statistik uyğunsuzluqlar mövcud olub. Rəqəmsallaşdırılmış icra mexanizmləri bu problemlərin aradan qaldırılmasına imkan verib.
Nazir müavini qeyd edib ki, elektron icra informasiya sistemi vasitəsilə qərarların icrası sürətlənib, məlumat mübadiləsi operativləşib və şəffaflıq təmin olunub. 2025-ci ilin mayında qüvvəyə minmiş qanunvericilik dəyişiklikləri isə icra sənədlərinin yalnız elektron qaydada qəbulunu və icra prosesinin tam rəqəmsal əsasda aparılmasını mümkün edib.
Nazir müavininin sözlərinə görə, bu islahatlar icra prosesində çevikliyi artırmaqla yanaşı, vətəndaşların ədalət mühakiməsinə çıxış imkanlarını da genişləndirir.
Sənan Hacıyev: “Əsas mövzu rəqəmsallaşma və süni intellektin tətbiqidir”
Dövlətimizin başçısının təsdiq etdiyi süni intellektin tətbiqi ilə bağlı strategiyaya uyğun olaraq məhkəmə sistemində ədalət mühakiməsində süni intellektin istifadəsini nəzərdə tutan xüsusi proqram hazırlanıb. Yaxın zamanda həmin proqramın təsdiqi ilə bir sıra sahələr üzrə konkret mexanizmlərin tətbiqi mümkün olacaq. Bunu Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, süni intellekt vasitəsilə iddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin məhkəmələrə daxil olan zaman prosessual normalara uyğun tərtib olunmasının yoxlanılması imkanları üzərində işlər aparılır. Eyni zamanda, sadə işlər üzrə əmr və icra icraatı qaydasında verilən sənədlər üzrə qərar layihələrinin hazırlanmasında süni intellekt imkanlarından istifadə nəzərdə tutulur.
“Bu sahədə əsas və yekun məqsədimiz məhkəmə qərarlarının proqnozlaşdırılmasının təmin edilməsidir. Bu, vətəndaşlara məhkəməyə müraciət edərkən iddialarının uğur ehtimalını qiymətləndirməyə imkan verəcək. Süni intellekt texnologiyaları vahid məhkəmə təcrübəsinin təhlili baxımından da yaxın gələcəkdə geniş imkanlar yaradacaq”, – Sənan Hacıyev deyib.
Azərbaycan məhkəmələri və hakimləri cəmiyyətin inamını qazanıb
Göründüyü kimi, məhkəmə sistemində islahatlar davam edir və burada əsas məqsəd vətəndaşların hüquqlarını qorumaqdır. Azərbaycan məhkəmələri ədalətlilik, humanistlik, qanunçuluq əsasında fəaliyyət göstərir. Son dövlərdə məhkəmə proseslərində yeni, gənc hakimləri tez-tez görürük və vətəndaşlar onlardan razılığını mediada və sosial şəbəkədə qeyd edirlər. Əgər əvvəllər məhkəmə proseslərində qeyri-obyektivlik hallarına rast gəlmək olurdusa, son dövrlərdə belə bir şikayət eşitmirik. Əksinə, vətəndaşlar hakimlərdən və qərarlardan razılığını bildirirlər. Maraqlı burasıdır ki, hətta məhkəməni uduzanlar arasında belə qərarın ədalətli olduğunu etiraf edənlər çoxdur.
Şəxsən mən özüm də iştirak etdiyim məhkəmə prosesləri zamanı buna şahid olmuşam. Azərbaycanda məhkəmələrin proseslərə ədalətlilik və humanizm prinsiplərindən yanaşması bizim həm qanunvericiliyimizin yüksək səviyyədə olduğunu, həm də insanlarımızın mənəvi dəyərlərinin yüksək səviyyədə olduğunun göstəricisidir. Hakimlərimiz də vətəndaşlara qarşı yüksək prinsiplərdən yanaşır.
Hakimlik həyatda ən çətin, ən müqəddəs, ən məsuliyyətli peşələrdən biridir. Çox yaxşı haldır ki, ölkəmizdə fəaliyyət göstərən hakimlərin demək olar ki hamısı bu müqəddəs peşəyə layiq olduğunu göstərir. Bütün hakimlərimizi və məhkəmə işçilərinə öz müqəddəs vəzifələrində uğrular arzulayıram.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti çərçivəsində hazırlanıb