PDF Oxu

Siyasət

  • 962

Unudulmayan faciə, sarsılmayan yaddaş və ədalət çağırışı - ŞƏRH

image

Xocalı soyqırımı təkcə Azərbaycan tarixinin deyil, bütövlükdə bəşər yaddaşının ən ağrılı səhifələrindən biridir. 1992-ci ilin fevralında baş verən bu faciə, dinc əhaliyə qarşı yönəlmiş misli görünməmiş zorakılıq aktı kimi, müasir dövrün ən dəhşətli humanitar cinayətlərindən biri olaraq xatırlanır.

Xocalıda yaşananlar sıradan bir hərbi əməliyyatın nəticəsi deyildi. Bu hadisə mülki insanların – qadınların, uşaqların, qocaların – hədəfə alındığı, insanlıq prinsiplərinin kobud şəkildə tapdalandığı bir vəhşilik nümunəsi idi. Soyqırımı anlayışı məhz belə hallarda öz real və sarsıdıcı mənasını qazanır: insanın yalnız kimliyinə, mənsubiyyətinə görə məhv edilməyə çalışılması. Ümummilli Lideri Heydər Əliyevin dediyi kimi:- “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür".
Faciənin ən ağır tərəfi isə yalnız fiziki itkilərlə ölçülmür. Xocalı, bütöv ailələrin dağıldığı, uşaqların valideynsiz, valideynlərin övladsız qaldığı, insan talelərinin birdəfəlik dəyişdiyi bir ağrı simvoluna çevrildi. Bu, bir şəhərin deyil, bir xalqın yaddaşına həkk olunmuş kollektiv travmadır.

Tarix boyu bəşəriyyət saysız-hesabsız müharibələr, qırğınlar görüb. Lakin bəzi hadisələr var ki, zaman keçdikcə unudulmur, əksinə, daha da dərin mənəvi məsuliyyət yaradır. Xocalı soyqırımı da belə hadisələrdəndir. Bu faciə, beynəlxalq hüququn, insan haqlarının, humanitar dəyərlərin yalnız kağız üzərində deyil, real həyatda qorunmasının nə qədər həyati əhəmiyyət daşıdığını bir daha xatırladır.
Xocalıdan çıxarılan əsas dərs ədalət və yaddaş məsələsidir. Unudulan faciələr təkrarlanmağa meyllidir. Buna görə də Xocalı təkcə keçmişin ağrısı kimi deyil, gələcək nəsillər üçün xəbərdarlıq kimi dərk olunmalıdır. Bu, həm də humanizm ideyasının müdafiəsidir: harada baş verməsindən asılı olmayaraq, dinc əhaliyə qarşı zorakılığın qəbuledilməzliyi.

Bu gün Xocalı, Azərbaycan xalqının yaddaşında kədər, ağrı və eyni zamanda dirəniş rəmzidir. Çünki yaddaşı yaşatmaq, tarixi həqiqətləri qorumaq, ədalət çağırışını davam etdirmək – bunlar yalnız bir xalqın deyil, bütövlükdə bəşər vicdanının borcudur.

Hüseyn Süleymanov

YAP Kəngərli rayon təşkilatının sədr müavini

Digər xəbərlər