“Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi beynəlxalq konfransın siyasi və geosiyasi əhəmiyyətini bir neçə müstəvidə qiymətləndirmək olar".Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.Onun sözlərinə görə, bu cür platformalar Azərbaycanın beynəlxalq diskursda öz mövqeyini daha fəal şəkildə təqdim etməsi baxımından önəmlidir: "Xüsusilə post-müstəmləkə məkanında, o cümlədən Fransanın keçmiş və mövcud təsir dairəsində olan regionlarda – məsələn, Fransanın uzun illər siyasi, iqtisadi və hərbi baxımdan dominant rol oynadığı Afrika və okean regionlarında – dekolonizasiya məsələsi hələ də tam başa çatmış proses hesab edilmir. Bu mənada Bakı platforması mövzunu yenidən beynəlxalq gündəmə çıxarmağa xidmət edir. Geosiyasi baxımdan konfrans iki əsas istiqamətdə əhəmiyyətlidir. Birincisi, qlobal Cənub ölkələrinin səsini eşitdirmək və onların inkişaf, suverenlik, iqtisadi ədalət tələblərini beynəlxalq ictimaiyyətə çatdırmaq cəhdidir. Bu, beynəlxalq münasibətlər sistemində uzun müddət Qərb mərkəzli yanaşmaların dominant olduğu şəraitdə alternativ diskurs formalaşdırmaq təşəbbüsü kimi qiymətləndirilə bilər. İkincisi isə, bu tip tədbirlər normativ müstəvidə beynəlxalq hüququn – xalqların öz müqəddəratını təyinetmə hüququnun – aktuallaşdırılmasına xidmət edir.Fransanın keçmiş və bəzi hallarda davam edən təsir mexanizmləri, xüsusilə Afrikada hərbi bazalar, iqtisadi asılılıq modelləri və siyasi patronaj sistemi kontekstində tez-tez tənqid olunur. Bu baxımdan konfransın Fransaya yönəlik siyasi mesaj daşıdığı açıq görünür. Lakin məsələ yalnız konkret bir dövlətlə məhdudlaşmır; burada daha geniş – neokolonial münasibətlər sisteminə qarşı normativ mövqe nümayiş etdirilir. Belə platformaların real təsiri məsələsi daha mürəkkəbdir. Qısa müddətdə bu cür konfransların konkret siyasi qərarlara və ya dekolonizasiya proseslərinə birbaşa təsir göstərməsi çətindir. Çünki beynəlxalq sistemdə güc balansı, iqtisadi asılılıqlar və təhlükəsizlik mexanizmləri hələ də böyük dövlətlərin xeyrinə işləyir. Lakin orta və uzunmüddətli perspektivdə normativ-siyasi diskursun formalaşdırılması, ictimai rəyin istiqamətləndirilməsi və beynəlxalq təşkilatlarda müzakirələrin intensivləşdirilməsi baxımından bu tip təşəbbüslər əhəmiyyətli rol oynaya bilər.Tarix göstərir ki, dekolonizasiya prosesləri təkcə silahlı və ya siyasi mübarizə ilə deyil, həm də ideoloji və informasiya müstəvisində aparılan müzakirələrlə sürətlənir. Bu baxımdan Bakı Təşəbbüs Qrupunun platforması daha çox normativ-siyasi mesaj xarakteri daşısa da, eyni zamanda gələcəkdə beynəlxalq hüquqi və siyasi müzakirələr üçün zəmin formalaşdıran bir mexanizm kimi qiymətləndirilə bilər. Bu konfransı nə yalnız simvolik addım, nə də dərhal real geosiyasi dönüş yaradan faktor kimi qiymətləndirmək doğrudur. O, daha çox ideoloji müstəvidə təsir göstərən, beynəlxalq ictimai rəyə istiqamət verməyə çalışan və qlobal bərabərsizlik məsələsini siyasi gündəmdə saxlamağa xidmət edən bir təşəbbüsdür".
Müəllif: Ziya Hikmətoğlu