PDF Oxu

Siyasət

  • 1 238

Milli Məclisdə yeni qanun layihələri və mövcud qanunlara dəyişikliklər müzakirə olunur

image

Milli Məclisdə yeni qanun layihələri və mövcud qanunlara dəyişikliklər müzakirə olunur

Fevralın 24-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. Milli Məclisin sədri iclasın əvvəlində bildirib ki, Birinci Qarabağ müharibəsinin gedişində Ermənistan silahlı qüvvələri xalqımıza qarşı bir sıra soyqırımı cinayətləri törədib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədilmiş soyqırımı aktı isə bütün insanlığa qarşı ən ağır cinayətlərdən biridir. 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalıb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.

Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında əldə etdiyi tarixi qələbələr sayəsində dövlətimizin ərazi bütövlüyü bərpa olunub və xalqımıza qarşı etnik təmizləmələrə və soyqırımı cinayətlərinə son qoyulub. Xocalı qurbanlarının qisası döyüş meydanında alınıb.

İclasda Xocalı şəhərində, digər yaşayış məntəqələrində erməni şovinizminin vəhşiliyinin qurbanı olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrdə deputatlar Asif Əsgərov, Bəhruz Məhərrəmov, Bəxtiyar Əliyev, Aydın Mirzəzadə, Razi Nurullayev, Elman Nəsirov, Ceyhun Məmmədov, Vüqar Bayramov, Sahib Alıyev və Aydın Hüseynov çıxış edərək qeyd ediblər ki, həm Birinci, həm də İkinci Qarabağ müharibələri dövründə Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı müharibə cinayətləri və vandalizm aktları törədilib.

Deputatlar vurğulayıblar ki, Xocalı faciəsi öz miqyasına, qəddarlığına və dinc əhaliyə qarşı yönəlmiş məqsədli soyqırımı siyasətinə görə bəşər tarixinin ən ağır cinayətlərindən biri kimi qiymətləndirilməlidir. Çıxışlarda faciənin beynəlxalq müstəvidə tanıdılması, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bu gün həyata keçirilən ardıcıl və prinsipial siyasətin əhəmiyyəti xüsusi qeyd olunub. Bildirilib ki, məhz Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi nəticəsində vaxtı ilə faciəyə hüquqi-siyasi qiymət verilib və beynəlxalq səviyyədə tanıdılması istiqamətində sistemli fəaliyyətə başlanılıb.

Bu gün Ümummilli Liderin siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında qazanılan möhtəşəm qələbələr nəticəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. Bununla da işğala son qoyularaq ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olundu.

Bildirilib ki, Xocalı və digər faciələr heç vaxt unudulmayacaq. Azad edilmiş torpaqlarda ucaldılan memorial komplekslər, bərpa olunan məscidlər və tarixi abidələr xalqımızın əyilməz ruhunun simvoludur. Bu, təkcə keçmişə ehtiram deyil – gələcəyə mesajdır: Azərbaycan bir daha belə faciələrin təkrarlanmasına imkan verməyəcək. Qeyd olunub ki, Xocalı qatilləri və müharibə cinayətlərini törədən şəxslər ədalət mühakiməsinə cəlb olunub, Azərbaycan məhkəmələri tərəfindən layiqli cəzalarını alıblar.

Bu gün işğaldan azad olunmuş rayonlara vətəndaşlarımızın mərhələli qayıdışı uğurla təmin edilir, geniş infrastruktur layihələri reallaşdırılır, şəhər və kəndlərin bərpası, sosial və yaşayış sahələrinin yaradılması istiqamətində sistemli tədbirlər aparılır. Böyük Qayıdış modelini milli birliyi, sabitliyi və dövlətçiliyi gücləndirən strateji layihə kimi xarakterizə edən deputatlar layihəni tarixi ədalətin təntənəsinin nümunəsi kimi qiymətləndiriblər.

Çıxışlarda vurğulanıb ki, Azərbaycan bu gün milli maraqları qətiyyətlə müdafiə edən, müstəqil siyasət yürüdən və beynəlxalq müstəvidə mövqeləri möhkəmlənən güclü dövlətdir. Əldə olunan nailiyyətlər xalqın birliyi, siyasi sabitlik və uzaqgörən dövlət siyasətinin məntiqi nəticəsidir.

Sonra gündəlikdəki məsələlərin müzakirəsi başlayıb. Spiker Sahibə Qafarova bildirib ki, gündəliyin birinci məsələsi “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi ilə bağlıdır.

Məsələ barədə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai məlumat verib.

O, qeyd edib ki, beş ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərlərinin seçilməsi təklif olunub. Belə ki, Keniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Namazov Ramid Zakir oğlunun, Qambiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Qurbanov Eyvaz Daşdəmir oğlunun, Laos ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Paşayeva Gülşən Məmmədəli qızının, Maldiv ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Allahverənov Azər Kərim oğlunun, Nepal ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Qafarov Vasif Vaqif oğlunun namizədliyi irəli sürülüb.

Müzakirədə deputat Qüdrət Həsənquliyevin fikirləri dinlənildikdən sonra Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul olunub.

Gündəliyin növbəti məsələsi olan “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib. O, bildirib ki, yol hərəkəti qaydalarının təkmilləşdirilməsi məqsədilə hazırlanan qanun layihəsinin mətni olduğu kimi qalır.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov layihə ilə bağlı təmsil etdiyi komitənin müsbət rəyini diqqətə çatdırandan sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “İnvestisiya fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. Komitə sədri diqqətə çatdırıb ki, layihə barədə həm birinci, həm də ikinci oxunuş zamanı ətraflı məlumat təqdim olunub, həmçinin deputatların qaldırdıqları məsələlərə də münasibət bildirilib. O, sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

“Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. Komitə sədri bildirib ki, layihədə İcbari Tibbi Sığortada müştərək maliyyələşmənin tətbiqinin daha bir il təxirə salınması təklif olunub. Qüvvədə olan qanunvericiliyə əsasən, maliyyələşmə məbləği 2026-cı il yanvarın birindən ödənilməyə başlanmalı idi. Qanunda nəzərdə tutulan dəyişiklikdə bu tarixin 1 yanvar 2027-ci ilə qədər uzadılması nəzərdə tutulur.

Deputat Müşfiq Məmmədlinin məsələ haqqında fikirləri dinlənildikdən sonra layihə səsə qoyularaq qəbul edilib.

Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O bildirib ki, layihənin birinci oxunuşu zamanı dəyişikliklər barədə ətraflı məlumat verilib. Layihədə Azərbaycanın qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyasının tələblərinə uyğun olaraq bir sıra ifadələr müasir terminlərlə əvəz edilir. Həmçinin sənəddə cinayət mühakimə icraatının elektron qaydada aparılması məsələləri tənzimlənir.

Sənədin müzakirəsində deputatlar Qüdrət Həsənquliyev və Erkin Qədirli çıxış edərək, məsələ ilə bağlı fikirlərini, qeydlərini bildiriblər. Komitə sədri Əli Hüseynli qaldırılan məsələlərə aydınlıq gətirəndən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib.

O, bildirib ki, təklif olunan dəyişikliyə əsasən məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə, cərimə növündə cəzanın icrası hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada icraya yönəldilməklə həyata keçirilir. Bu halda, cərimə ilk növbədə məhkumun əməkhaqqına və ya başqa qazancına yönəldilir.

Deputat məsələnin birinci oxunuşda müzakirəsindən sonra əlavə heç bir təklifin daxil olmadığını deyib və sənədin dəstəklənməsini xahiş edib.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

O, birinci oxunuş zamanı sənəd barədə ətraflı məlumat verildiyini, mətndə heç bir dəyişikliyin edilmədiyini söyləyib və məsələnin səsə qoyulmasını xahiş edib.

Layihədə dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının (aeroportların) və aerodromların inşasının torpağın alınmasına əsas verən dövlət ehtiyacları siyahısına daxil edilməsi təklif olunur. Bununla yanaşı, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun 3.1.5-ci maddəsindən irəli gələrək, uyğunlaşdırma çərçivəsində Mülki Məcəllənin 157.9-cu maddəsinə "dəniz limanının ərazisinin artırılması" sözləri əlavə edilir.

Parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev təqdim edilən layihəyə rəhbərlik etdiyi komitədə baxıldığını və müsbət rəy verildiyini açıqlayıb.

Məsələnin müzakirəsi zamanı komitə sədri Siyavuş Novruzov, deputatlar Razi Nurullayev, Naqif Həmzəyev, Aydın Hüseynov çıxış edərək, bəzi qeyd və təkliflərini söyləyiblər.

Deputat Nurlan Həsənov çıxışlarda səslənən fikirlərə münasibət bildirdikdən sonra, qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

O, bildirib ki, layihədə “sosial sığorta nömrəsi” sözlərinin “fərdi identifikasiya nömrəsi (FİN)” sözləri ilə əvəz edilməsi nəzərdə tutulur. Bu dəyişiklik sosial sığorta sistemində məlumatların idarə olunmasında vahidliyi və uyğunluğu təmin edəcək, qurumlar arasında məlumat mübadiləsini asanlaşdıraraq e-sistemlərin inteqrasiyasını sürətləndirəcək.

Qeyd edilib ki, sənədlə bağlı komitəyə əlavə təkliflər daxil olmayıb, komitənin rəyi müsbətdir.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra iclasda ikinci oxunuşda “Dövlət qulluğu haqqında” Qanunda və digər qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə” və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Konstitusiya qanununun layihələri müzakirə olunub.

Müzakirələrdən sonra hər iki qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin son 2 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu nəzərə çatdırıb.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı (birinci oxunuş) məlumatı diqqətə çatdırıb.

O, bildirib ki, qanun layihəsi ölkə Prezidentinin 2024-cü il 23 dekabr tarixli 420 nömrəli Sərəncamına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb. Sənəddə yerin təkindən istifadə sahəsində mövcud problemlərin analizləri nəzərə alınmaqla bir sıra məsələlər, o cümlədən yerin təkindən istifadəyə icazə və tələblərin sadələşdirilməsi, istismardan sonrakı mərhələdə rekultivasiya işlərinin aparılması ilə bağlı və digər təkliflər irəli sürülür. Təkliflərin məqsədi yerin təkinin istifadəsi sahəsində hüquqi tənzimləmə prosedurlarının təkmilləşdirilməsi, təbii ehtiyatlardan istifadənin səmərəliliyinin artırılması, ekoloji təhlükəsizliyin gücləndirilməsi və dağ-mədən fəaliyyəti nəticəsində yaranan tullantıların dövriyyəyə cəlb olunmasının hüquqi əsaslarının dəqiqləşdirilməsidir.

Nəzərə çatdırılıb ki, layihədə su anbarlarında və ya sututarlarda toplanan çöküntülərin (qum, qum-çınqıl, gil), habelə tunellərin və ya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılan süxurların istifadəsinin yerin təkindən istifadənin növləri sırasına daxil edilməsi təklif olunur. Qeyd edilib ki, respublikamızda həyata keçirilən infrastruktur layihələri, o cümlədən tunellərin və metro stansiyalarının tikintisi zamanı çıxarılan süxur kütləsinin iqtisadi dövriyyəyə cəlb olunması mineral xammal ehtiyatlarından səmərəli istifadəyə və dayanıqlı resurs idarəçiliyinin təmin edilməsinə əhəmiyyətli töhfə verə bilər.

Sənəddə, habelə yer təkindən istifadə sahəsində bir sıra qaydaların təsdiq edilməsinin hüquqi əsasının yaradılması nəzərdə tutulur. Bura yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi qaydası, qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar aid edilir.

Bununla yanaşı, qanuna yeni “Yerin təki sahələrinin rekultivasiyası” adlı 13-1-ci maddə əlavə olunur. Yeni maddəyə əsasən, yerin təki istifadəçiləri işlərin aparıldığı ərazidə torpağın münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpa edilməsi və yüksəldilməsi, o cümlədən ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması məqsədilə həmin torpaqların rekultivasiyasını rekultivasiya planı əsasında təmin etməlidirlər. Həmçinin, yerin təkindən istifadə sahəsinin xüsusiyyətləri, süxurların kimyəvi tərkibi, çirklənmənin növündən asılı olaraq rekultivasiyanın üsulları (mexaniki, bioloji, kimyəvi, termik) və istiqamətləri, o cümlədən müddəti müəyyənləşdirilir, istismarın dərinliyi, faydalı qazıntının növü və istismar ediləcək həcmə uyğun olaraq rekultivasiya planı tərtib edilir.

Təklif olunan dəyişikliklər yerin təkinin istifadəsi sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsinə, təbii ehtiyatlardan istifadə olunmasının səmərəliliyinin yüksəldilməsinə, ekoloji təhlükəsizliyə, ekoloji balansın qorunmasına, dağ-mədən fəaliyyəti nəticəsində yaranan tullantıların dövriyyəyə cəlb olunmasına və istismara cəlb olunan yer təki sahələrinin rekultivasiya tədbirlərinin sistemli aparılmasına xidmət edəcək.

Müzakirələr zamanı çıxış edən parlamentin komitə sədri Siyavuş Novruzov, deputatlar Razi Nurullayev, Asif Əsgərov məsələ barədə bəzi qeydlərini səsləndiriblər.

Komitə sədri Sadiq Qurbanov deputatların suallarını cavablandırdıqdan sonra, qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra iclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

O, bildirib ki, qanun layihəsi sərnişinlərin və yüklərin daşınmasında təhlükəsizlik səviyyəsinin yüksəlməsinə, keyfiyyətli xidmətin göstərilməsinə xidmət edir, müxtəlif sığorta hadisələri zamanı sığortaolunanların, xüsusilə zərərçəkən sərnişinlərin qorunmasına və onların həyatına və sağlamlığına zərər dəyməsinə görə sığorta təminatı yaradır.

Diqqətə çatdırılıb ki, avtomobil nəqliyyatı ilə daşımanın bir növü olan ölkədaxili sifarişli daşımalar sahəsində, xüsusilə bu fəaliyyətə icazə verilməsi sahəsində təkmilləşdirilmənin aparılmasına zərurət yaranıb. Hazırda ölkədaxili sifarişli daşımalara icazə buraxılış vəsiqəsinin verilməsi ilə həyata keçirilir. Təklif olunan dəyişiklik buraxılış vəsiqəsinin əldə olunması üçün əlavə tələblərin müəyyən edilməsini nəzərdə tutur. Bu tələblər sürücünün peşəkarlığının, sürücülük vəsiqəsinin kateqoriyasının bu fəaliyyətlə məşğul olmağa uyğunluğunun, onun sağlamlıq vəziyyətinin və nəqliyyat vasitəsinin texniki vəziyyətinin qiymətləndirilməsinə xidmət edir.

Eyni zamanda, qeyd olunub ki, qanun layihəsi ilə ölkədaxili sifarişli daşımaların növü olan qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə, eləcə də müntəzəm beynəlxalq və şəhərlərarası (rayonlarası) sərnişin daşımalarına münasibətdə icazənin alınması üçün avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın olmasını təsdiq edən sənədlərin mövcudluğu da tələb olunacaq. Həmin tələblər bu Qanunda avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcının vəzifəsi kimi müəyyən olunur, həmçinin həmin sığortaların icbariliyi “İcbari sığortalar haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlarda təsbit edilir.

Layihədə təklif olunan digər dəyişiklik qeyri-müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki göstəricilərinin, daxili və xarici tərtibatının müvafiq tələblərə uyğunluğu ilə bağlıdır. Dəyişikliklər çərçivəsində, həmçinin daşıyıcı anlayışı da dəqiqləşdirilir.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Bununla Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Elçin Bayramlı

Parlement müxbiri

Digər xəbərlər