Azərbaycan dövlətinin tarixi yaddaşa münasibəti təsadüfi deyil, ardıcıl və strateji xarakter daşıyan dövlət siyasətinin tərkib hissəsidir. İki il əvvəl əsası qoyulan və bu gün açılışı həyata keçirilən Xocalı Soyqırımı Memorial Kompleksi həmin siyasətin maddi, ideoloji və hüquqi təcəssümüdür. Bu kompleks bir memarlıq nümunəsi olmaqla yanaşı, milli yaddaşın qorunması, tarixi ədalətin təsdiqi və dövlətçilik iradəsinin nümayişi baxımından mühüm əhəmiyyət kəsb edir. Təməlqoyma mərasimindən açılışa qədər keçən zaman kəsiyi Azərbaycan dövlətinin tarixi məsuliyyət anlayışına necə yanaşdığını aydın şəkildə ortaya qoyur. Bu mərhələ emosional reaksiyadan çox, sistemli yanaşmanın göstəricisidir. Xocalı faciəsi burada keçmişin ağrılı xatirəsi kimi deyil, milli özünüdərk prosesinin əsas dayaqlarından biri kimi təqdim olunur. Dövlət bu yanaşma ilə tarixə sentimental yox, məsuliyyətli və strateji münasibət sərgiləyir. Memorial Kompleksin əsas fəlsəfəsi yaddaşın institutlaşmasıdır. Bu məkan Xocalı həqiqətlərini zamanın axarına buraxmır, onu milli şüurun daimi elementinə çevirir. Burada hər detal susdurulmuş həqiqətlərin bərpasına, unudulmaq təhlükəsi ilə üz-üzə qalan tarixin görünən formaya salınmasına xidmət edir. Ziyarətçi bu məkanda faktlarla tanış olmur, o, hadisənin mənəvi ağırlığını dərk edir və bu dərk fərdi hissiyyatdan çıxaraq kollektiv məsuliyyətə çevrilir. Azərbaycanın müasir dövlətçilik modeli hərbi və siyasi uğurlarla ölçülmür. Dünyada nadir hallarda rast gəlinən bir reallıq ondan ibarətdir ki, Azərbaycan həm ədalətli müharibədə tam və mütləq qələbə qazanmış, həm öz ərazi bütövlüyünü və suverenliyini hər qarış torpağını azad edərək təmin etmiş, həm də müharibə cinayətlərinə hüquqi qiymət verilməsi mərhələsinə keçmişdir. Bu yanaşma gücün hüquqla, qələbənin isə ədalətlə tamamlanmasıdır. Əldə olunan qələbə hərbi üstünlük kimi təqdim edilmir. Bu qələbə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan legitim müdafiə mövqeyinin nəticəsidir. Azərbaycan münaqişə dövründə və ondan sonra hüquqi çərçivədən kənara çıxmamış, gücdən istifadənin məqsədinin ədalətin bərpası olduğunu ardıcıl şəkildə nümayiş etdirmişdir. Müharibə cinayətlərinə görə məsuliyyətin təmin edilməsi cəzasızlıq anlayışına qarşı prinsipial mövqedir və gələcək təhlükəsizlik üçün mühüm zəmin yaradır. Bu model beynəlxalq münasibətlər sistemində yeni presedent formalaşdırır. Azərbaycan sübut edir ki, suverenlik real hüquqi və mənəvi məsuliyyətdir. Dövlətin gücünü hərbi potensialla deyil, tarixi ədalətə sadiqliklə ölçülür. Bu baxımdan atılan addımlar regional çərçivəni aşaraq qlobal miqyasda əhəmiyyət kəsb edir. Xocalı Soyqırımı Memorial Kompleksi eyni zamanda Azərbaycan xalqının əyilməz ruhunun, sarsılmaz iradəsinin və milli ləyaqətinin simvoludur. Xocalı faciəsi xalqın yaddaşında məğlubiyyət deyil, ağır, lakin formalaşdırıcı sınaq mərhələsi kimi yaşayır. Bu yaddaş milli şüuru zəiflətmir, əksinə, onu daha da möhkəmləndirir. Tarixi travma burada passiv kədərə çevrilmir, milli məsuliyyət və şüurlu mövqe formalaşdırır. Memorialın ideoloji mahiyyəti ondan ibarətdir ki, fiziki zorakılıq və mənəvi təzyiq xalqın iradəsini sındıra bilməz. Bu məkan yaddaşın gücə çevrildiyi nöqtədir. Burada keçmişin ağrısı gələcək üçün dayaq rolunu oynayır. Azərbaycan dövlətçilik fəlsəfəsində yaddaşda saxlanılan və formalaşdırılan gələcəkdir. Bu baxımdan Memorial Kompleks həm cəmiyyətə, həm də beynəlxalq aləmə ünvanlanmış açıq mesajdır: Azərbaycan xalqı tarixi həqiqətləri unutmur, milli ləyaqətini qoruyur və öz suverenliyini hər zaman müdafiə etməyə qadirdir. Bu kompleks gələcək nəsillər üçün mənəvi dayaq nöqtəsi, dövlətçilik iradəsinin səssiz, lakin son dərəcə güclü ifadəsi kimi tarixdə qalacaq.
YAP Yasamal rayon təşkilatının fəalı