PDF Oxu

Siyasət

  • 697

Qələbənin davamı sülhə aparan yolun təzahürüdür - ŞƏRH

image

Tarix göstərir ki, müharibələr çox zaman böyük itkilər, yarımçıq razılaşmalar və uzun illər davam edən mübahisələrlə nəticələnir. Əksər hallarda qalib tərəf belə tam siyasi və hüquqi məqsədlərinə çata bilmir. Bəzən ərazi bütövlüyü bərpa olunur, amma ədalət yerini tapmır. Bəzən də hərbi üstünlük əldə edilsə də, suverenlik tam təmin edilmir. Bu baxımdan, həm hərbi, həm siyasi, həm də hüquqi müstəvidə nəticə əldə etmək nadir tarixi hadisə sayılır.

Azərbaycanın 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsi bu mənada müasir tarixdə xüsusi yer tutur. 27 sentyabr 2020-ci ildə başlayan və 10 noyabrda başa çatan müharibə nəticəsində Azərbaycan uzun illər işğal altında qalmış torpaqlarını azad etdi. Bu müharibə Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərində aparılırdı və əsas məqsəd ölkənin ərazi bütövlüyünün bərpası idi.

44 gün ərzində Azərbaycan Ordusu bir sıra strateji əhəmiyyətli şəhər və rayonları azad etdi. Xüsusilə Şuşa şəhərinin azad olunması müharibənin taleyini həll edən əsas məqamlardan biri oldu. Şuşanın azad edilməsi həm hərbi, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyırdı. Bu qələbə təkcə cəbhədə deyil, diplomatik müstəvidə də Azərbaycanın mövqeyini gücləndirdi.

Nəticədə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat imzalandı və bununla da Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsi faktiki olaraq bərpa edildi. Ardınca aparılan proseslər nəticəsində ölkə suverenliyini bütün ərazilərində təmin etmək istiqamətində qətiyyətli addımlar atdı.Ədalətli müharibə anlayışı beynəlxalq hüquqda müdafiə xarakterli, ərazi bütövlüyünü və suverenliyi qorumağa yönəlmiş mübarizə kimi qiymətləndirilir. Azərbaycanın apardığı müharibə də məhz bu çərçivədə qiymətləndirilə bilər. Çünki məqsəd başqa torpaqları ələ keçirmək deyil, öz beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində nəzarəti bərpa etmək idi.Müharibədən sonra qarşıda duran əsas məsələlərdən biri dağıdılmış ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılması oldu.

Bu gün azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və abadlıq işləri aparılır, yeni yaşayış məntəqələri salınır, infrastruktur yenidən qurulur. Bu proses həm də qələbənin davamı, sülhə aparan yolun praktik təzahürüdür.Eyni zamanda, müharibə zamanı törədilmiş cinayətlərin araşdırılması və məsul şəxslərin hüquqi məsuliyyətə cəlb olunması məsələsi də gündəmdədir.

Bu, təkcə bir dövlətin deyil, ümumilikdə beynəlxalq hüququn prinsiplərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Ədalət yalnız döyüş meydanında deyil, məhkəmə zalında da təmin olunmalıdır.Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbə göstərdi ki, milli birlik, güclü ordu və siyasi iradə bir araya gəldikdə ən çətin problemlər belə həllini tapa bilir. Bu qələbə təkcə hərbi uğur deyil, həm də dövlətçilik tarixində mühüm dönüş nöqtəsidirBelə nümunələr həqiqətən də tarixdə nadir hallarda rast gəlinir. Həm ədalətli mübarizə aparmaq, həm tam qələbə qazanmaq, həm suverenliyi təmin etmək, həm də ədaləti hüquqi müstəvidə bərqərar etmək — bu, güclü dövlətin və həmrəy xalqın göstəricisidir. Azərbaycanın 44 günlük Vətən müharibəsi də bu baxımdan müasir dövrün diqqətəlayiq tarixi hadisələrindən biri kimi yadda qalmışdır.

Xaliq Cabbarov

YAP Fəalı

Digər xəbərlər