PDF Oxu

Siyasət

  • 843

Keçmişdən gələcəyə uzanan güc və ləyaqət yolu - ŞƏRH

image

Azərbaycan tarixini araşdırdıqca bir həqiqət daha aydın görünür: bu xalqın taleyində qadınlar hər zaman mühüm rol oynayıb. Bəzən dövlət idarəçiliyində, bəzən elm və mədəniyyətdə, bəzən də ən çətin dövrlərdə xalqın mənəvi dayağı kimi qadınlarımız tariximizin formalaşmasına təsir göstəriblər. Mən bu mövzunu araşdırarkən bir daha əmin oldum ki, Azərbaycan qadını sadəcə ailə daxilində deyil, bütövlükdə cəmiyyətin inkişafında fəal mövqedə olub.

Orta əsrlərə nəzər saldıqda qadın hökmdar obrazı ilə qarşılaşırıq. XII əsrdə yaşamış Möminə Xatun təkcə Eldənizlər dövlətinin sarayında nüfuz sahibi deyildi, o, siyasi proseslərdə də təsir gücünə malik idi. Onun adı ilə bağlı inşa edilmiş Möminə Xatun türbəsi bu gün də Naxçıvanda ucalır və qadının dövlətçilik tariximizdəki yerini simvolizə edir. Bu fakt göstərir ki, Azərbaycan cəmiyyətində qadına verilən dəyər tarixən yüksək olub.

Ədəbiyyat sahəsində də qadınlarımız mühüm iz qoyublar. XII əsrdə yaşamış Məhsəti Gəncəvi Şərq poeziyasında qadın sözünün gücünü nümayiş etdirən ilk sənətkarlardandır. Onun yaradıcılığı sübut edir ki, qadın düşüncəsi və estetik baxışı Azərbaycan ədəbiyyatının inkişafında mühüm yer tutub.

XX əsrin əvvəllərində isə qadınlarımız yeni bir mərhələyə qədəm qoydular. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçmək və seçilmək hüququ verdi. Bu, Şərq aləmində ilk addımlardan biri idi və Azərbaycan qadınının ictimai-siyasi həyata inteqrasiyasını sürətləndirdi. Təhsilin yayılması, qızların məktəblərə cəlb olunması bu dövrdə daha da genişləndi.

Tibb və elm sahəsində isə akademik Zərifə Əliyeva xüsusi yer tutur. O, oftalmologiya sahəsində apardığı elmi araşdırmalarla yalnız Azərbaycanda deyil, keçmiş sovet məkanında da tanınmış alim idi. Zərifə xanımın fəaliyyəti göstərir ki, Azərbaycan qadını elmin ən mürəkkəb sahələrində belə yüksək nailiyyətlər əldə edə bilir. Onun həm alim, həm də ziyalı qadın kimi formalaşdırdığı nümunə bu gün də gənclər üçün örnəkdir.

Azərbaycan qadını yalnız bir sahə ilə məhdudlaşmır, həm ailədə, həm ictimai mühitdə, həm də peşə fəaliyyətində məsuliyyət və prinsipiallıq nümayiş etdirir. Bu qadınlar öz zəhmətləri və möhkəm xarakterləri ilə yeni nəslə örnək olurlar.

Müasir dövrdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva humanitar və sosial layihələrlə ölkəmizin beynəlxalq nüfuzunun artmasına töhfə verir. Bu fəaliyyət qadınların idarəçilik və diplomatiya sahəsində də uğur qazana bildiyini sübut edir.

Vətən müharibəsi dövründə də qadınlarımız öz gücünü nümayiş etdirdi. Onlar həm ön cəbhədə tibb işçisi kimi, həm də arxa cəbhədə mənəvi dayaq kimi fəaliyyət göstərdilər. Şəhid analarının, qazı həyat yoldaşlarının göstərdiyi səbir və iradə Azərbaycan qadınının mənəvi gücünün bariz nümunəsidir.

Azərbaycan tarixində qadınların rolu heç vaxt ikinci planda olmayıb. Nəticə olaraq demək istəyirəm ki, Azərbaycan qadını həm keçmişin daşıyıcısı, həm də gələcəyin qurucusudur. Onun iradəsi, zəhməti və vətənpərvərliyi tariximizin ayrılmaz hissəsidir. Məncə, qadınlarımızın tarixdəki rolunu öyrənmək təkcə keçmişi tanımaq deyil, həm də gələcək üçün doğru istiqamət seçmək deməkdir.

Selcan Nağdəliyeva

YAP Kəngərli rayon təşkilatının fəalı

Digər xəbərlər