Martın 5-də Naxçıvan Muxtar Respublikasında mülki infrastrukturu hədəf alan dron hücumu ilə bağlı Azərbaycanın rəsmi qurumları sərt mövqe ortaya qoydu. Hadisə ilə bağlı açıqlamalarda bildirildi ki, pilotsuz uçuş aparatları İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasınayönəlib. Naxçıvan Beynəlxalq Hava Limanı da daxil olmaqla mülki obyektlər zərbə altına düşüb. Azərbaycan RespublikasınınXarici İşlər Nazirliyi isə hadisəni beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirərək diplomatik etirazın bildirildiyini açıqladı.
Həmin gün cənabPrezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasının keçirilməsi, məsələyə ən yüksək siyasi və təhlükəsizlik səviyyəsində yanaşıldığını göstərdi. Bu addım Azərbaycan dövlətinin öz suverenliyinə, sərhəd təhlükəsizliyinə və mülki əhalinin qorunmasına yönəlmiş təhdidlərə prinsipial münasibətini bir daha nümayiş etdirdi.
Lakin baş verənlərin ən mühüm tərəflərindən biri yalnız hadisənin təhlükəsizlik ölçüsü ilə məhdudlaşmadı. Martın 5-dən etibarən Prezident İlham Əliyevə edilən çoxsaylı telefon zəngləri və ünvanlanan müraciətlər Azərbaycanın beynəlxalq müstəvidə geniş dəstək və həmrəylik gördüyünü aydın şəkildə nümayiş etdirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, Latviya Prezidenti Edqars Rinkeviçs, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif və Serbiya Prezidenti Aleksandar Vuçiçlə yanaşı, Bosniya və Herseqovina və Çexiya tərəfindən də Azərbaycana dəstək mesajları ünvanlandı. Bununla yanaşı, bir sıra digər ölkələrdən, beynəlxalq tərəfdaşlardan və diplomatik dairələrdən də çoxsaylı dəstək bəyanatları, məktublar və müraciətlər daxil oldu. Bu ardıcıl təmaslar göstərdi ki, Naxçıvan Muxtar Respublikasına qarşı törədilmiş hücum beynəlxalq ictimaiyyət tərəfindən ciddi narahatlıqla qarşılanmış, Azərbaycanın suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə dəstək açıq siyasi mövqe kimi ifadə olunmuşdur. Bu zəngləri sadəcə diplomatik nəzakət forması kimi qiymətləndirmək düzgün olmaz. Çünki burada söhbət protokol xarakterli təmaslardan deyil, konkret hücum faktına verilən siyasi reaksiyadan, Azərbaycanın haqlı mövqeyinə açıq dəstəkdən və ölkəmizlə həmrəyliyin nümayişindən gedir. Müxtəlif regionları, fərqli siyasi mərkəzləri və tərəfdaş platformaları təmsil edən liderlərin qısa müddət ərzində eyni məzmunlu mövqe ortaya qoyması Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı, məsuliyyətli və sözünün çəkisi olan dövlət kimi qəbul edildiyini təsdiqləyir.
Əslində, belə məqamlarda dövlətlərin real çəkisi yalnız öz bəyanatlarında deyil, dost və tərəfdaşlarının reaksiyasında da görünür. Naxçıvan Muxtar Respublikasında baş verən hadisədən dərhal sonra Azərbaycanın yanında olduqlarını açıq şəkildə ifadə edən liderlər göstərdilər ki, ölkəmizin xarici siyasətdə qazandığı etimad, qurduğu strateji tərəfdaşlıqlar və formalaşdırdığı siyasi nüfuz konkret anda real dəstəyə çevrilə bilir. Bu, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndiyini və Prezident İlham Əliyevin yürütdüyü siyasətin xarici aləmdə ciddi qəbul olunduğunu göstərən mühüm göstəricidir.
Bugünkü geosiyasi şəraitdə Azərbaycanın qarşılaşdığı hər bir təhlükəyə verilən beynəlxalq reaksiya təkcə cari hadisəyə münasibət deyil, həm də ölkəmizin dünya siyasətində tutduğu yerin ölçüsüdür. Dünya liderlərinin Prezident İlham Əliyevə telefon zəngləri də məhz bu baxımdan dəyərləndirilməlidir. Bu zənglər Azərbaycana beynəlxalq səviyyədə dəstəyin, ölkəmizin suverenliyinə hörmətin və Azərbaycan xalqı ilə həmrəyliyin aydın siyasi ifadəsidir. Naxçıvan Muxtar Respublikasına hücumdan sonra ortaya çıxan bu mənzərə bir daha təsdiq edir ki, Azərbaycan tək deyil və onun haqlı mövqeyi beynəlxalq müstəvidə getdikcə daha geniş anlayış və dəstək qazanır.
Mövlan Məmmədov
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı