PDF Oxu

Siyasət

  • 741

Ruslan Vətənini canından əziz tutdu - FOTO

image

Ruslan Sakit oğlu İbadlının qismətinə də bəşər övladı üçün ən ali məqam sayılan şəhidlik yazıldı. 44 günlük haqq savaşımızda qazanılan qələbəmizin qəhrəmanlıq simvoluna dönərək 25 yaşında əbədi olaraq ürəklərə köçdü. Biləsuvar rayonu, Nəsimikənd kəndində dünyaya göz açan qəhrəman oğlu ilə indi bütün Azərbaycan fəxr edir, keçdiyi şərəfli həyat yolu gənclərə örnək göstərilir. Vətənimizin qeyrətli oğlu Ruslan İbadlının mübarizə meydanında misilsiz şücaəti həm də ölümündən sonra dövlət tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü, Füzuli və Cəbrayılın azadlığına görə medallarla təltif olundu.

Vətəninə, torpağına, yaşadığı yurd yerinə sevdalı boya-başa çatan Ruslan İbadlı orta məktəbi başa vuranda əsas amalı Azərbaycanın müqəddəs parçası-Qarabağımızı işğal edən yağıdan qisas almaq olub. Məhz buna görə də ordu sıralarına yola düşəndə öz yerini səngərdə görüb. Qohum-qonşu qarşısında isə müharibə olarsa, düşmənlə sona qədər döyüşüb qisas alacağına and içib.

Ruslan elə əyninə hərbi formanı cəbhə bölgəsində geyinib. Burada əlinə silah götürüb Vətənin keşiyində durmağı özünə şərəf bilib. Göstərdiyi nümunəvi xidməti, nizam-intizamı qısa zamanda ona hörmət qazandırıb. Komandirlərin verdiyi tapşırıqları yerinə yetirəndə fədakarlıq, mərdlik Ruslana yoldaşlıq edib. Həmçinin müxtəlif təlimlərə qoşulmaqla hərb sənətinin sirlərini öyrənib. Ən əsası ona etibar olunan silahla davranma qaydalarını dərindən mənimsəyib.Hər qarşı torpağını canı qədər istəyən Ruslanın bacarığı, qabiliyyəti onu zabitlərin, əsgərlərin sevimlisinə çevirib.

Hər əməlində xalqına layiqli övlad olduğu bilinən Ruslan İbadlı Vətən qarşısında oğulluq borcunu şərəflə başa vurub. Erməni dığalardan alacağı öcə görə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi döyüş gününü gözləyib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistana 30 il əsir düşən ərazilərin azadlığı üçün başlanan haqq savaşımızın birinci günü elə odun-alovun içinə girib. Mərdliklə vuruşub, neçə-neçə çətin döyüşlərin qalibi olub. Həmçinin öz igidliyi sayəsində əsgərlər arasında ruh yüksəkliyi yaradıb, onlarda doğma Vətənə məhəbbət hissi aşılamaqla inamla qələbəyə doğru gediblər. Dığaların alınmaz saydığı bir neçə postunu, hərbi texnikasını ələ keçirib. Cəbrayılda gedən ağır müharibə meydanında həmişəki kimi, yenə də qalib olmaq istəyi ilə yağıya qarşı çıxıb. Onun endirdiyi sarsıdıcı zərbələri nəticəsində böyük itkilərlə məğlub olan düşmən geriyə qaçmağa üz qoyub. Təəssüf ki, özünü də düşmən gülləsindən qoruya bilməyib və Vətən eşqi ilə döyünən ürəyi dayanıb. Torpaq uğrunda axıtdığı qızıl qanı Ruslanı əbədiyyətə qovuşdurub.

Ruslan İbadlı ömrünün ən gözəl cağında bizi cismən tərk edib. Qaldı ki, qısa ömrü onu ürəklərdə yaşatmaq üçün torpağına, Vətəninə sonsuz məhəbbət mücəssəməsinə döndərib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər