Dünyada qarşıdurmalar, amansız müharibələr əksər ölkələrin daxilində qeyri-stabil vəziyyət yaradıb. İnsanlar müharibələrdən qaçmaq üçün yaşadıqları əraziləri kütləvi şəkildə tərk edirlər. BMT-nin hesablamalarına görə, son bir il ərzində 200 milyona yaxın insan müharibələrdən, daxili qarşıdurmalardan qaçaraq nisbətən sabit ərazilərə köç ediblər. Təbii ki, bu vəziyyət dünyanın təhlükə qarşısında olduğunu göstərir. ABŞ və İsrailin fars- molla rejiminin nəzarət etdiyi ərazilərə intensiv raket zərbələri endirməsi Yaxın Şərqdə vəziyyəti kritik vəziyyətə yüksəldib. Qarşılıqlı raket zərbələri nəticəsində yüzlərlə insan öldürülür, şəhər və qəsəbələr dağıdılır. Bunun fonunda insanlar sağ qalmaq ümidi ilə kütləvi şəkildə yurd-yuvalarını tərk edirlər. Vəziyyətin bundan sonra daha da gərginləşəcəyi ehtimal olunur. Çünki ABŞ və İsrail fars-molla rejiminə qarşı quru əməliyyatları keçirməyi planlaşdırır. Belə olacağı təqdirdə, mülki insanlar daha çox zərər görə bilər. Təhlükədən qaçmaq üçün əhali öz isti ocaqlarını tərk etmək məcburiyyətində qalacaq.
Bu məqamda görünən ondan ibarətdir ki, dünyada barmaqla sayılan sabit, sakit dövlətlərdən biri və birincisi Azərbaycandır. Aparılan düzgün, müdrik siyasət nəticəsində ölkəmiz qarışıq dünyamızda sabitlik adasına çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin dünyada sülhü və konstruktiv əməkdaşlığı tərənnüm edən beynəlxalq təşəbbüsləri qlobal təşkilatların gündəliyinə daxil olunur. Əsaslı olaraq Prezident İlham Əliyev dəfələrlə çıxışlarında vurğulayıb ki, əldə edilmiş uğurların dünyada bərabəri yoxdur, bu danılmaz aksiomadır: “Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik”.
Azərbaycanın uğurlu inkişaf strategiyası
Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail olub, əhalinin sosial-iqtisadi vəziyyəti daha da yaxşılaşıb, beynəlxalq aləmdə nüfuzu daha da artıb, dövlətimiz Cənubi Qafqazın siyasi, iqtisadi mərkəzinə çevrilib. Əhalinin sosial vəziyyətinin yaxşılaşması isə davamlı xarakter daşıyır. Vaxtaşırı olaraq şəhid ailələrinin, qazilərin mənzil, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ümummilli Lider Heydər Əliyev irsini qətiyyətlə davam etdirərək, Qarabağ problemini birdəfəlik həll etdi, ata vəsiyyətini, xalqına vermiş olduğu vədini yerini yetirərək, tarix yazan lider olduğunu nümayiş etdirdi. 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində qələbə ilə başa çatdı.
Tarixi kəlamlar diqqəti çəkir
2023-cü ilin sentyabrın 19-da başlayan və cəmi bir neçə saat çəkən antiterror əməliyyatları ilə Qarabağdakı separatizmə tamamilə son qoyuldu və hərbi canilərin əsas başçıları həbs edilərək istintaq orqanlarına təhvil verildilər. Artıq onların hər biri məhkəmənin qərarı ilə layiq olduqları cəzanı alıblar. Ali Baş Komandamız, Prezidentimiz İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində üçrəngli Bayrağımızı ucaltdıqdan sonra xalqa müraciətində dediyi tarixi kəlamlar diqqəti çəkir: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək”.
Hazırda isə Azərbaycan uğurları fonunda, Qarabağımız yenidən qurulur. Təmir-tikinti quruculuq və abadlıq işlərindən sonra insanlar öz dogma yurd-yuvalarına qayıdırlar. Bu qayıdış Prezidentimiz İlham Əliyevin dediyi kimi əbədidir.
İLHAM ƏLİYEV