Mən Astara Pedaqoji Kollecində olanda burada çalışan Ümidə Mirzəyeva və Nurcan Əskərova ilə tanışlıq zamanı bir daha dərk etdim ki, ömrü vaxtla yox, əməllərlə ölçmək lazımdır. Hər iki ziyalı xanım baharlı günlərini yaşayırlar. Qaldı ki, xarakterlərində cəm olunmuş insanlığa zinət sayılan səmimiyyət, xeyirxahlıq, yüksək əxlaq, daxili gözəllik onları çoxlarının sevimlisi etmişdir. Bir də bu xanımların xoşbəxtliyi ondadır ki, xalqın məhəbbətini bütün var-dövlətdən üstün tuturlar. Vətənə layiqli vətəndaş olmaq üçün öz işlərinə elə həvəslə yanaşırlar ki, adam onlara həsəd aparır.
Hər iki xanım ictimai işlərdə də fəallıq göstərir. Ümidə Mirzəyeva YAP Astara rayon təşkilatının Astara Pedaqoji Kolleci üzrə ərazi partiya təşkilatı sədrinin müavinidir. Nurcan Əskərova isə partiya üzvü olmaqla gördüyü işlərlə yaxşı tanınır.
Astara Pedaqoji Kollecində Ümidə Mirzəyeva və Nurcan Əskərovanın doğum günü münasibətilə görüş keçirildi. Tədbirdə Kollecin direktoru, professor Kamran Kazımov, YAP Astara rayon təşkilatının məsul əməkdaşı Elçin Məmmədəliyev, partiya fəalları və təhsil ocağının pedaqoji heyəti iştirak edirdilər.
Təbrik sözündə ərazi partiya təşkilatının sədri K. Kazımov xanımlara dedi:- Kim ki, başqaların sevincinə sevinə bilir, axırda bu sevinc səadət olub onun öz qapısında bitir. İnsanlara gərəkli yaşamaqla sizin də həyatınız belədir. Sizə öz, eləcə kollecin bütün kollektivi adından parlaq gələcək, getdiyiniz düzgün yolda daha böyük uğurlar arzulayıram.
YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərovun ziyalı xanımlara doğum günü münasibətilə səmimi təbrik və salamlar çatdırıldı , onlara özlərinə bənzər qiymətli hədiyyələr verildi.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü