Azərbaycan və Ukrayna arasındakı münasibətlər hər zaman qarşılıqlı hörmət, etimad və bir-birinin milli maraqlarına dəstək prinsipləri üzərində qurulub. Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə növbəti səfəri və Prezident İlham Əliyevlə apardığı danışıqlar bu əlaqələrin yalnız diplomatik xarakter daşımadığını, həm də dərin strateji köklərə malik olduğunu bir daha sübut etdi. Bu baxımdan aprelin 25-də Qəbələdə keçirilən təkbətək və geniş tərkibdə görüş ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün mühüm və geniş imkan yaratdı. Prezident İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi, son dörd il ərzində dövlət başçıları səviyyəsində yeddi görüşün keçirilməsi ikitərəfli əlaqələrin nə qədər dinamik və intensiv inkişaf etdiyinin bariz göstəricisidir. Bu dialoqların təməli hələ 2019-cu ildə Prezident Zelenskinin Bakıya ilk səfəri və dövlət başçımızın 2022-ci ilin yanvarında Kiyevə etdiyi tarixi səfər zamanı qoyulmuşdur. Şəxsi münasibətlərin yüksək səviyyədə olması dövlətlərarası əməkdaşlığın sürətini artıran əsas hərəkətverici qüvvədir.Azərbaycan-Ukrayna münasibətlərinin ana xəttini ölkələrin suverenliyi və ərazi bütövlüyünə verilən qarşılıqlı dəstək təşkil edir. Hələ 2008 və 2011-ci illərdə imzalanmış strateji tərəfdaşlıq sənədləri bu gün də öz aktuallığını qoruyur. Hər iki dövlət beynəlxalq platformalarda sərhədlərin toxunulmazlığı məsələsində vahid mövqedən çıxış edir. Bu prinsipial yanaşma beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyin nümunəsidir. Keçən il Bakıda keçirilən XİN-lərarası məsləhətləşmələr və Hökumətlərarası Komissiyanın iclası siyasi dialoqun praktiki müstəvidə də uğurla davam etdiyini göstərir.Səfərin iqtisadi aspekti də xüsusi diqqətə layiqdir. Azərbaycan regionun enerji mərkəzlərindən biri kimi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu gün ticarət dövriyyəmizin yarım milyard dolları ötməsi mühüm nailiyyət olsa da, hər iki ölkənin potensialı bu rəqəmin qat-qat artırılmasına imkan verir. Görüşdə xüsusilə energetika sahəsində birgə layihələr, investisiya qoyuluşları və yeni təşəbbüslər ətrafında aparılan müzakirələr yaxın gələcəkdə iqtisadi bağlarımızın daha da şaxələnəcəyindən xəbər verir. Hökumətlərarası Komissiyanın aktiv fəaliyyəti isə iqtisadi gündəliyin şaxələndirilməsinə xidmət edir.Humanitar və mədəni əlaqələr də münasibətlərin mühüm tərkib hissəsidir. Ukraynada yaşayan azərbaycanlı diasporu və Azərbaycanda fəaliyyət göstərən ukraynalı icma iki xalq arasında körpü rolunu oynayır. Təhsil, mədəniyyət və elm sahəsində əməkdaşlıq əlaqələrin dərinləşdirilməsinə töhfə verir.Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu görüş Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə oldu. İki ölkə arasındakı münasibətlər yalnız bu günü deyil, həm də gələcəyi hədəfləyən, regionda sülh və sabitliyə xidmət edən bir tərəfdaşlıq modelidir. İnanırıq ki, əldə olunmuş razılaşmalar xalqlarımızın rifahı və dövlətlərimizin qüdrətlənməsi yolunda yeni üfüqlər açacaqdır.
Anar Məmmədov
Milli Məclisin deputatı