PDF Oxu

Siyasət

  • 537

Görkəmli xalçaşünas, pedaqoq və sənətşünas alim

image

Dövlət başçısının Sərəncamı əsasında Lətif Kərimovun 120 illiyi qeyd olunaçaq

Azərbaycan xalçaçılığının inkişafında böyük xidmətləri olmuş Lətif Kərimov incəsənət tariximizdə çox nadir şəxsiyyətlərdən biridir. 1906-cı ildə Şuşa şəhərində dünyaya göz açmış Lətif Kərimovun 120 illiyi tamam olur. Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sənədə əsasən, dünya mədəni irs xəzinəsində şərəfli mövqeyə malik Azərbaycan xalça mədəniyyətinin hazırkı inkişaf səviyyəsinə yüksəlməsində təqdirəlayiq xidmətləri olan Lətif Kərimovun 120 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası 120 illiklə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəçək. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək. Azərbaycan təsviri sənətinin böyük ustası, görkəmli xalçaşünas, pedaqoq və sənətşünas alim, SSRİ Dövlət mükafatı laureatı, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimovun eskizləri əsasında toxunmuş xeyli sayda süjetli, portret xalçalar və monumental xalılar milli xalçaçılığın parlaq ənənələrini özündə yaşadan misilsiz sənət nümunələridir. Fitri istedadla yaradılan və naxışlarının ifadəliliyi, bitkin üslubu ilə seçilən dərin koloritli əsərləri sənətkara dövrün məşhur xalça ustalarından biri olaraq xüsusi şöhrət qazandırmışdır. Lətif Kərimov Azərbaycan xalçalarının ornamental, kompozisiya xüsusiyyətlərini müəyyənləşdirmiş və mükəmməl sistemli təsnifatını işləyib hazırlamışdır. Xalça sənətinin beynəlxalq miqyasda mahir bilicisi kimi tanınmış alimin bu istiqamətdə apardığı fundamental tədqiqatlar indi də ən çox istinad olunan mötəbər mənbələrdəndir. Qeyd edək ki, onların nəsli - bütün "Allahverənlər" tayfası toxuduqları bənzərsiz xalçaları ilə Qarabağ mahalında məşhur olmuşdu. Mənbələrdə göstərilir ki, 1912-ci ildə onların ailəsi İranın Məşhəd şəhərinə köçmüşdü. Xalça sənətinə olan məhəbbət Lətifi məşhur xalçaçı Mirzə Ələkbər Hüseynzadənin şəhərdəki emalatxanasına gətirib çıxarmışdı. Gənc Lətif Təbriz, Ərdəbil kimi məşhur xalça mərkəzlərini gəzib, hər sənətkardan, hər toxucudan bir təkrarsız ilmə vurmaq, bir naxış salmaq öyrənir, bu sahəyə böyük maraq göstərirdi. Bir müddət sonra onlar vətənə dönmüşlər.

Şuşa şəhərindəki "Qarabağxalça" artelində təlimatçı işləyən Lətif Kərimov yerli xalçatoxuma işlərinin sirlərini dərindən mənimsəyirdi. Getdikcə bilik və bacarığını təkmilləşdirən, zənginləşdirən L.Kərimov 1930-cu ildən xalça sənəti mütəxəssisi kimi "Azərbaycanxalça" birliyində rəssam-təlimatçı vəzifəsində çalışmağa başlamışdı. İlk dəfə olaraq məhz onun təşəbbüsü ilə Bakıda və Qubada xalça məktəbləri açılmışdır. Sənətinin bilicisi olan Lətif Kərimov təkcə xalçaçılıq sahəsində deyil, dekorativ tətbiqi sənətin başqa sahələrində də çalışır, uğurlar qazanırdı. Ömrünün 1930-1940-cı illəri Lətif Kərimovun yaradıcılığında mühüm yer tutur. Bu illərdə yaratdığı bədii tərtibatlarda və başqa sahələrdə Şərqin bədii sənət xəzinəsindən ilham almış ustad əlinin izləri açıq-aydın görünür. Həmin illərdən başlayaraq Lətif Kərimovun xalçaları Azərbaycandan uzaqlarda da böyük rəğbət və maraqla qarşılanır. Lətif Kərimovun eskizləri əsasında toxunmuş “Əfşan” (1932), “Qonaqkənd” (1939), “Ləçəkturunc” (1952), “Şuşa” (1953), “Göy- göl” (1958), “Qarabağ” (1960), “İslimi” (1964), “Butalı” (1965), “Bahar” (1966- 1976), “Heyvanlar aləmində” (1969), “Şəbi-hicran” (1975), “Zərxara” (1977), “Firdovsi” (1934), “Səməd Vurğun” (1956), “Vaqif” (1967), “Füzuli” (1972), “Nəsimi” (1974), “Səfiəddin Urməvi” (1975), “Əcəmi” (1976) və s. xalçaları Azərbaycan xalçaçılıq sənətinin qiymətli nümunələrindəndir.

Kərimovun "Azərbaycan xalçalarında ornament" kitabı xalçalarımızdakı naxışların, ornamentlərin öyrənilməsi baxımından misilsiz əhəmiyyətə malikdir. Böyük elmi əhəmiyyəti olan bu əsərə görə 1950-ci ildə Lətif Kərimova Leninqrad şəhərində sənətşünaslıq namizədi alimlik dərəcəsi verilmişdir. Onun monumental tədqiqat işlərindən biri də çoxcildli "Azərbaycan xalçası" monoqrafiyasıdır. 1972-ci ildə Bakıda Xalça muzeyinin yaradılması da L.Kərimovun təşəbbüsü ilə olmuşdur. Lətif Kərimovun xidmətləri layiqincə qiymətləndirilmişdir. Müxtəlif illərdə "Azərbaycan SSR Xalq rəssamı", "Azərbaycan SSR Əməkdar incəsənət xadimi" fəxri adlarına, "Stalin" mükafatına, 2 dəfə "Qırmızı Əmək Bayrağı", həmçinin "Xalqlar dostluğu", "Şərəf nişanı" ordenlərinə, "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə", "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medallarına və Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanına layiq görülmüşdür.

1991-ci il sentyabrın 8-də vəfat edən xalçaçı rəssam Lətif Kərimov 1-ci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər