PDF Oxu

Siyasət

  • 590

Etnik təmizləmə və deportasiya planı

image

Ermənistanın Azərbaycana təcavüzü zamanı qədim torpaqlarımızda 1600 müsəlman dini abidəmiz ermənilər tərəfindən dağıdılıb, 1700 tarix və mədəniyyət abidəsinin üzərindəki tarixlər, divar yazıları götürülərək erməni mətnləri ilə əvəzlənib. Statistik rəqəmlərə nəzər saldıqda görürük ki, 500-dək tarixi memarlıq, 100-dən artıq arxeoloji abidə, fondlarında on minlərlə əşyanın toplandığı 22 muzey, 4 rəsm qalereyası, 4,6 milyon kitab və əlyazmaları saxlanılan 927 kitabxana, 808 klub, 85 musiqi və incəsənət məktəbi, 10 istirahət və mədəniyyət parkı, 20 konsert təşkilatı, bundan əlavə əhalinin şəxsi evlərində saxlanılan 100 minlərlə dekorativ-tətbiqi sənət nümunələri Ermənistanın silahlı hərbi təcavüzü nəticəsində yandırılıb, talan-qarət edilib. XVII əsrə aid olan Cəbrayıl bölgəsindəki Cümə məscidi, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri və Şuşa şəhərindəki Saatlı məscid (bu məscidlər XVIII əsrə aiddir) vandalizm, dağıdılma və uçurulma aktlarına məruz qalmış, Ağdam məscidi isə təhqir olunaraq donuzlar və inəklər üçün tövləyə çevrilmişdir. Tarixi dövrdə baş verənlərə nəzər saldıqca görürük ki, ermənilərin həyata keçirdikləri əməllər iyrənc siyasətidən qaynaqlanır.

Son iki yüz il ərzində regionda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. Ermənilərin "tarixi əzəli torpaqları"nı yaratmaq siyasəti mərhələ-mərhələ həyata keçirilib. Əvvəlcə onlar Azərbaycan torpaqlarında, yəni keçmiş İrəvan xanlığı ərazisində kiçik Ermənistan Respublikasını yaradıb, tədricən onun ərazisini böyüdüblər. Tarixdən bəllidir ki, İran və Rusiya arasında "Gülüstan", "Türkmənçay", Rusiya və Türkiyə arasında "Andrianopol" müqaviləsi imzalandıqdan sonra İran və Türkiyədən ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib.

1918-ci il mayın 28-də müstəqilliyini bəyan edən Azərbaycan yenə də erməni millətçilərinin torpaq iddiaları ilə üz-üzə gəlir. Vaxtilə Rusiyanın tərkibinə Azərbaycan xanlığı kimi daxil olmuş İrəvan xanlığının ərazisində erməni dövləti yaratmaq ideyası ortaya atılır. Həmin dövrdə Azərbaycan siyasətçiləri tarixi şəraitə uyğun olaraq bir sıra güzəştlərə getməyə məcbur olurlar. Ermənipərəst qüvvələrin və millətçilərin yürütdükləri məkrli siyasət nəticəsində 1923-cü ildə Azərbaycanın az sayda ermənilərin yaşadığı ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılır. Bundan sonra azərbaycanlıların öz doğma ocaqlarından zorla qovulması və onlara qarşı etnik təmizləmə siyasətinin yeni mərhələsi başlanır. Nəticədə XX əsrin müxtəlif dövrlərində iki milyona yaxın soydaşımız öz tarixi torpaqlarından qovulur, etnik təmizləmə siyasətinin qurbanına çevrilərək didərgin salınırlar.

AZƏRBAYCANIN TARİXİ MAHALI

Azərbaycanın tarixi mahalı olan Zəngəzur da erməni işğalçılıq siyasətinin qurbanına çevrilir. Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə (Sisian), Muğru, Zəngilan, Qubadlı və Laçını əhatə edirdi. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 türk kəndi, 91 kürd kəndi və 81 erməni kəndi var idi. Qərbdən Zəngəzur, şərqdən Qarabağ dağları bu qədim mahalın sipərinə çevrilib. Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının tərkibində olub. 1905-1907 və 1914-1920-ci illərdə silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində bu mahalda təxminən yarım milyon müsəlman həlak olmuşdur. Həmin illərdə Zəngəzurda 115 müsəlman kəndi yer üzündən silinmişdir. 4472 qadın və uşaq erməni silahlıları tərəfindən vəhşiliklə qətlə yetirilmişdir. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olunmuşdu. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdi.

Tarixi proseslərin davamı olaraq iyirminci əsrin sonunda 1988-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Zəngəzurda, Göycədə, Dərələyəzdə, İrəvanda, Vedidə - indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Bu gün Ermənistan Respublikasının ərazisində qalan Zəngəzur tarixi Azərbaycan torpağıdır. Tarixi mənbələrdə, müxtəlif səyyahların yazılarında göstərilir ki, Zəngəzur türklərin qədim yurd yeri olub. Zəngəzurdakı türk mənşəli toponimik adların çoxluğu da bu fikri təsdiqləyir. Xalqımıza qarşı həyata keçirilən tarixi ədalətsizlik öz qiymətini alacaq. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirib ki, Azərbaycanın əzəli torpağı olan Zəngəzurun Azərbaycandan ayırıb Ermənistana verilməsi böyük ədalətsizlik idi. Çünki Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır, - deyən Azərbaycan Prezidenti Cənab İlham Əliyev Zəngəzurun tarixi dövrdəki əhalisinin mütləq əksəriyyətinin azərbaycanlılar olduğunu bildirib. Təbii ki, mənbələrdə göstərildiyi kimi, Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları olub. Tarixi ədalətsizliyin sağalmayan yara olduğunu qeyd edən Cənab İlham Əliyev "vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq"- deyə əminliyini ifadə edib. Bizim əzəli torpaqlarımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar üzərində indi Ermənistan dövləti yaradılıb. Tarixi mənbələr də sübut edir ki, Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır və Azərbaycanın da tarixi həqiqəti bərpa etməyi haqqıdır. Bu gün əzəli torpağımız olan İrəvanda tarixi mədəniyyət abidələrimiz dağıdılıb, məhv edilibdi. Belə ki, indi Ermənistan Respublikası adlanan tarixi Azərbaycan ərazisində çoxsaylı qalalar, qala-şəhərlər, hərbi istehkam obyektləri mövcud olmuşdur. Orta əsrlər dövrünə və Rusiya işğalı dövrünə aid ədəbiyyatlarda indiki Ermənistan ərazisində mövcud olmuş və hərbi istehkam xarakteri daşıyan İrəvan qalası, Keçi qalası, Sərdarabad qalası, Talın qalası, Gümrü qalası, Şörəyel qalası haqqında məlumatlar verilir. Oradakı Dəmir Bulaq məscidi yerlə yeksan edilib, Göy məscidin isə orijinal görünüşünü dəyişdirilmək məqsədilə yenidən təmir olunub. Rəcəb Paşa məscidi, Hacı Cəfər bəy məscidi, Novruzəli bəy məscidi tamamən dağıdılmışdır.

Bu və ya digər tarixi abidələrimiz sırasında ən möhtəşəm olanı və tədqiqatlarda indi də tez-tez adı çəkilən qala İrəvan qalasıdır. Tarixi mənbələrdə göstərilir ki, İrəvan qalası haqqında ilkin yazılı məlumat Səfəvilər dövrünə aiddir. İstər Səfəvilərin, istər Nadir şahın, istər Qacarların, istərsə də Osmanlıların hakimiyyəti dövründə İrəvan sakimlərinin, bəylərbəylərinin və xanlarının iqamətgahı İrəvan qalasında olmuşdur. İrəvan qalasının ruslar tərəfindən işğalından sonra qala dövlət mülkiyyəti elan edilmişdi. XIX əsrin 30-cu illərində İrəvan qalasındakı 120-dən artıq binada müxtəlif təyinatlı dövlət müəssisələri və təşkilatlar yerləşirdi. İrəvan qalasının həmyaşıdları – Bakıda İçərişəhərin qala divarları, onun içərisindəki Şirvanşahlar sarayı, Şəkidə Xan sarayını əhatə edən qala divarları bu gün də yaşayır və keçmişdən bu günə soraq verirlər. Göründüyü kimi, İrəvan şəhərində tarixi-memarlıq abidələrinə, dini ocaqlarımıza olan təcavüz xalqımızın tarixi keçmişini yer üzündən silmək məqsədi daşıyıb.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər