PDF Oxu

Siyasət

  • 1 552

Bakı görüşünün strateji əhəmiyyəti - ŞƏRH

image

2026-cı il mayın 4-də İlham Əliyev və Ciorcia Meloni arasında Bakıda keçirilən yüksək səviyyəli görüş Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Bu səfər təkcə diplomatik protokol xarakteri daşımırdı, həm də iqtisadi, enerji, siyasi və mədəni əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından strateji əhəmiyyət kəsb edirdi.
Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqam İtaliya bazarının Azərbaycan üçün həm neft, həm də qaz ixracında birinci dərəcəli əhəmiyyətə malik olması idi. Bu vurğu təsadüfi deyil. Çünki uzun illərdir ki, İtaliya Azərbaycanın enerji resurslarının Avropaya çıxışında əsas ünvanlardan biri kimi çıxış edir. Azərbaycan nefti və qazı üçün İtaliya ən böyük ixrac bazarlarından biridir, sabit və etibarlı tərəfdaşdır. İtaliya həm də Avropaya enerji axınının əsas qovşaqlarından biridir. Bu reallıq Azərbaycanın enerji siyasətinin düzgün qurulduğunu və uzunmüddətli strateji yanaşmaya əsaslandığını bir daha təsdiqləyir.
Energetika sahəsində tərəfdaşlığa toxunan Prezident bildirmişdir ki, Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Azərbaycan üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Görüş zamanı bu həcmi artırmaq üçün müzakirələr aparılmışdır ki, bunun üçün TAP layihəsinin genişləndirilməsi lazımdır.
Mədəni-humanitar sahədə əməkdaşlıq da iki ölkə arasında münasibətlərin ayrılmaz hissəsidir. Azərbaycan və İtaliya zəngin mədəni irsə malik ölkələr kimi bu sahədə qarşılıqlı tədbirlər, sərgilər və təhsil proqramları vasitəsilə əlaqələri daha da gücləndirirlər. İtaliya memarlıq, incəsənət və dizayn sahəsində dünya liderlərindən biri kimi Azərbaycanın bu sahələrdə inkişafına da töhfə verir.
Ciorcia Meloninin Azərbaycana səfəri çərçivəsində keçirilən biznes forumlar və görüşlər də xüsusi əhəmiyyət daşıyırdı. Bu tədbirlərdə hər iki ölkənin iş adamları yeni əməkdaşlıq imkanlarını müzakirə edərək konkret layihələrin həyata keçirilməsi istiqamətində addımlar atdılar. Bu isə iqtisadi əlaqələrin daha da genişlənəcəyinə işarə edir.
Ümumilikdə, bu səfər Azərbaycan-İtaliya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bir daha təsdiqlədi. Qarşılıqlı siyasi iradə, iqtisadi maraqlar və ortaq dəyərlər bu münasibətlərin davamlı inkişafını təmin edən əsas amillərdir. Gələcəkdə də hər iki ölkə arasında əməkdaşlığın daha da genişlənəcəyi və yeni sahələri əhatə edəcəyi gözlənilir.
Bəyanatlarda regional məsələlər də diqqətdən kənarda qalmadı. İtaliya tərəfi Azərbaycan–Ermənistan normallaşma prosesinə dəstəyini ifadə edərək 2026-cı ilin bu baxımdan mühüm ola biləcəyini qeyd etdi. Bu isə onu göstərir ki, Azərbaycan–İtaliya əməkdaşlığı yalnız iqtisadi deyil, həm də siyasi sabitliyə töhfə verən mühüm platformadır.
Ciorgia Meloninin Bakıya səfəri və Prezident İlham Əliyevin verdiyi bəyanat bir daha sübut etdi ki, Azərbaycan–İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyub. Ən önəmlisi isə odur ki, bu münasibətlər qarşılıqlı maraqlara və etimada əsaslanır. Məhz bu amillər Azərbaycan ilə İtaliya arasında tərəfdaşlığın uzunmüddətli və dayanıqlı olacağını təmin edir.

Mələk Rzayeva
YAP Kəngərli rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər