PDF Oxu

Siyasət

  • 593

Heydər Əliyev Fondu: xeyirxahlıq və ümidin ünvanı

image

Azərbaycanın hərtərəfli inkişafı prosesində daim yaxından iştirak edərək mühüm xidmətləri ilə seçilən, ictimaiyyətin böyük rəğbət və ehtiramını qazanan Heydər Əliyev Fondunun yaradılmasından 22 il ötür. Fond müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, Ulu Öndərin zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılıb. Ötən dövrdə bu istiqamətdə uğurla fəaliyyət göstərən Heydər Əliyev Fondu ölkəmizə dəyərli töhfələrini verib və bu davam edir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu elm və təhsilin, səhiyyənin inkişafında, milli-mədəni dəyərlər sisteminin qorunması və geniş təbliğində, humanizm prinsiplərinin ictimai həyatda möhkəmlənməsində, mədəniyyətlərarası dialoqun gücləndirilməsində, tolerant dəyərlərin qlobal səviyyədə təbliğində mühüm xidmətləri ilə seçilir.

SOSİAL İNKİŞAFA MÜHÜM TÖHFƏLƏR

Mehriban xanım Əliyevanın Azərbaycanın ictimai-siyasi, mədəni həyatında gördüyü işlərə diqqət yetirsək nə qədər möhtəşəm hadisələrin reallaşdığının bir daha şahidinə çevrilərik. Belə ki, Azərbaycanda baş verən sıçrayışlarda, onun simasının gündən-günə dəyişməsində, dünyanın nüfuzlu dövlətləri sırasında layiq yer qazanmasında Mehriban xanım Əliyevanın fəaliyyəti, genişmiqyaslı layihələrinin müstəsna yeri və əhəmiyyəti var. Onun həyata keçirdiyi layihələr yerli əhəmiyyətli sosial problemlərin həllinə, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək məqsədi daşıyır. İnsanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, uşaq müəssisələrinin infrastrukturlarını, səhiyyə və tibbi təsisatları inkişaf etdirmək istiqamətində Fondun böyük mahiyyət daşıyan addımları Mehriban xanım Əliyevanın humanizm prinsiplərinə söykənir. Fondun fəaliyyətində sosial sahənin inkişafına, sosial müdafiə sisteminin gücləndirilməsinə, əhalinin həssas qruplarının diqqət və qayğı ilə əhatə olunmasına, əlilliyi olan şəxslərin reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılmasına ardıcıl dəstək göstərilməsi xüsusi yer tutur. Heydər Əliyev Fondunun yüksək humanizmin təcəssümü olan və mühüm sosial önəm kəsb edən layihələrindən biri kimi, son illərdə Abşeron rayonunda üç çoxmənzilli yaşayış binası tikilərək dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərin istifadəsinə verilib. “Məzun evi” sosial xidmət müəssisəsi kimi fəaliyyət göstərən həmin binalarda 365 gənc mənzillə təmin olunub. Həmçinin Fondun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb.

Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə yaralanmış hərbçilərimizin reabilitasiyasına Heydər Əliyev Fondu tərəfindən daim yüksək diqqət və qayğı göstərilir. Fondun “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi bunun daha bir əyani təzahürüdür. Layihə çərçivəsində həmin əsgər və zabitlərimiz Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin ediliblər.

Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının genişləndirilməsi üçün Heydər Əliyev Fondu tərəfindən Naxçıvan, Gəncə və Yevlaxda onlar üçün regional informasiya mərkəzləri də yaradılıb. Bu mərkəzlərdə gözdən əlilliyi olan və görmə imkanları məhdud insanlara informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə internetə çıxış, internetdə informasiyanın tapılması və s. üçün imkanlar yaradılıb. Eyni zamanda, Heydər Əliyev Fondu əlilliyi olan uşaq və gənclərin əl işlərindən ibarət sərgilərin təşkilinə, yaradıcılıq potensialının inkişafına öz mühüm dəstəyini göstərir. Bütün bunlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsində, həssas qruplara diqqət və qayğının artırılmasında Fondun böyük dəstək olduğunu göstərir və cəmiyyət tərəfindən yüksək dəyərləndirilir.

GƏLƏCƏYİMİZƏ OLAN QAYĞI

Azərbaycan cəmiyyətində gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən təhsilin inkişafına yönəlmiş genişmiqyaslı proqram və layihələri qısa bir zaman məsafəsində böyük uğurlara səbəb oldu. Mehriban xanım Əliyevanın "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı əsasında ötən illərdə təhsil sahəsində mövcud olan problemlərin həllinə nail olundu. Müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqla proqram çərçivəsində müasir standartlara cavab verən məktəb binaları inşa olunaraq yenidən quruldu. Belə ki, müəssisələrin yüksək səviyyədə yetişən nəslin ixtiyarına verilməsi gələcək nəslin sağlam, savadlı, yetkin bir formada böyüməsinə təsirini göstərməkdədir.

Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır. Heydər Əliyev Fondu tərəfindən Şamaxı rayonu Bağırlı kənd tam orta məktəbi üçün inşa edilmiş 460 şagird yerlik məktəb binası istifadəyə verilib.

Heydər Əliyev Fondu tərəfindən Samux şəhərində isə 80 yerlik uşaq bağçası – körpələr evi inşa etdirilib. İkimərtəbəli bir korpusdan ibarət bağça zəruri mebel və avadanlıqla təchiz edilib. Xaçmaz rayonunun İstisu qəsəbəsində 1938-ci ildə inşa olunmuş tam orta məktəb ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən Heydər Əliyev Fondunun təhsil sahəsindəki növbəti layihəsi kimi diqqəti çəkir.

Yeni inşa olunmuş məktəblər sırasında Ağstafa rayonu Zəlimxan kənd A.Asimoğlu adına tam orta məktəbin binası da var. Heydər Əliyev Fondu tərəfindən məktəb üçün 220 şagird yerlik yeni bina inşa edilib. Belə layihələrin sayı kifayət qıdərdir. Müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqla yanaşı, gənclərin hərtərəfli inkişafına diqqətlə yanaşaraq uşaq və yeniyetmələrdə idmana maraq aşılamaq, onları sağlam ruhda tərbiyə etmək istiqamətində müxtəlif layihələr də həyata keçirir. Əlbəttə ki, bu Mehriban xanım Əliyevanın yalnız təhsillə bağlı həyata keçirdiyi layihələri yox, Qarabağımızda və Şərqi Zəngəzurda gerkələşdirdiyi layihələr də tarixin yaddaşına həkk olunub.

QARABAĞ VƏ ŞƏRQI ZƏNGƏZURDA TARİXİ-DİNİ ABİDƏLƏRƏ YENİ HƏYAT

Fondur işğaldan azad olunan ərazilərdə tarixi-dini abidələrin təmir və bərpası ilə bağlı gördüyü işlər təqdirəlayiqdir. İşğaldan azad olunan ərazilərdə tarixi-mədəni və dini abidələrin bərpası layihələri çərçivəsində Ağdam Cümə məscidi, Mamayı məscidi, Yuxarı Gövhər Ağa, Saatlı məscidləri, eləcə də Mehmandarovların malikanə kompleksi ərazisindəki məscid bərpa edilib istifadəyə verilib. Şuşada Heydər Əliyev Fondu tərəfindən ən geniş bərpa işlərindən biri dağıntıların miqyasına uyğun olaraq məhz Aşağı Gövhər Ağa məscidində aparılıb.

Bərpa işləri zamanı Aşağı Gövhər Ağa məscidində erməni vandalizminə dair bir sıra faktlar aşkarlanıb. Belə ki, məscid divarlarında müxtəlif yazılar, müdaxilələr, o cümlədən divara həkk olunmuş xaç işarəsi müəyyən edilib. İşğal dövründə erməni vandalizminə məruz qalmış mədrəsə binasının dağıntılarının bir qismi də konservasiya olunub. Məscidə gələn hər bir ziyarətçi tarixi-dini abidəyə qarşı erməni vandalizminə dair bu faktların şahidi ola bilər. Zəngilan məscidinin açılışı da yaddaqalan tarixi hadisəyə çevrildi. Qeyd edək ki, Zəngilanda yeni məscidin təməli şəhər işğaldan azad edildikdən sonra - 2021-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Məscidin tikintisini Heydər Əliyev Fondu "PAŞA Holdinq" MMC-nin dəstəyi ilə həyata keçirib.

SƏRHƏDLƏRİ AŞAN LAYİHƏLƏR

Fondun gördüyü işlərin sərhədi yoxdur. Əliyev Fondunun dəstəyi ilə Ruanda məktəbi içməli su ilə təchiz olunub. Heydər Əliyev Fondu əksər Afrika ölkələri üçün bir nömrəli problem olan – içməli su ilə təchiz məsələsinə öz töhfəsini verib. Belə ki, Fondun "Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı" layihəsi çərçivəsində Ruandanın Şərq əyalətinin administrativ mərkəzi Rvamaqana şəhər məktəbi içməli su ilə təchiz edilib. Heydər Əliyev Fondunun dəstəyi ilə məktəb binasının yerləşdiyi ərazidə su quyusu qazılaraq saatda 3 tona yaxın içməli suyun verilməsi təmin edilib.

Qeyd edək ki, Heydər Əliyev Fondu "Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı" layihəsini həyata keçirir. Fondunun Ruandada həyata keçirdiyi layihə çərçivəsində 1000-dək şagirdin təhsil aldığı məktəb tədris şəraitinin yaxşılaşdırılması və uşaqların yüksək texnologiyalarla bağlı biliklərə yiyələnməsi məqsədilə kompyuterlərlə təchiz olunub. Qeyd edək ki, Heydər Əliyev Fondu bu günədək Afrika qitəsi ölkələrində səhiyyə, sosial, təhsil sahələrində bir sıra layihələr həyata keçirib. Bu sırada Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq humanitar fəaliyyət çərçivəsində Afrika İrsi Məktəbinin inkişafı üçün maliyyə yardımı, Cibuti Respublikasına səhiyyə sisteminin inkişafı məqsədi ilə tibbi avadanlıqların verilməsi layihələrini qeyd etmək olar. Gələcəkdə Afrikanın digər ölkələrində də Heydər Əliyev Fondu tərəfindən təhsil və mədəniyyət sahəsində layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Əlbəttə ki, bu layihələrin miqyası geniş və əhatəlidir. Yarandığı zamandan etibarən, xalqımızın mənəvi sərvətinin və milli mədəniyyətinin təbliği və inkişafı istiqamətində mühüm işlər görən Heydər Əliyev Fondunun gördüyü işləri vərəqlədikcə əhəmiyyəti ilə diqqətə çəkən hər bir görülən işin Mehriban xanım Əliyevanın Ulu Öndər Heydər Əliyev ucalığını başlıca meyar götürməsindən, eləcə də Azərbaycanın birinci xanımının zəngin mənəvi və intellektual potensialından qaynaqlandığının şahidi oluruq. Məhz bu cür mükəmməl fəaliyyətin məntiqi nəticəsi olaraq indi Heydər Əliyev Fondunun gördüyü işlərin sorağı dünyanın sayılıb-seçilən ölkələrindən, ən mötəbər beynəlxalq qurumların tribunalarından gəlir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər