Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videobağlantı formatında qoşularaq çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın regionda sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarı olduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısı çıxışında Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün Azərbaycanın ortaya qoyduğu təşəbbüsləri vurğuladı və ölkəmizin beynəlxalq hüquqa əsaslanan mövqeyini diqqətə çatdırdı.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan postmünaqişə dövründə regionda yeni reallıqlar yaradıb və bu reallıqlar artıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur. Dövlətimizin başçısı Ermənistan ilə münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlardan bəhs edərək bildirdi ki, sülh müqaviləsinin imzalanması region üçün yeni inkişaf imkanları aça bilər.
Çıxış zamanı enerji təhlükəsizliyi məsələlərinə də xüsusi diqqət ayrıldı. Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş olduğunu vurğuladı və ölkəmizin həyata keçirdiyi enerji layihələrinin Avropa dövlətləri üçün strateji əhəmiyyət daşıdığını qeyd etdi. Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi bu gün beynəlxalq arenada daha da möhkəmlənir.
Prezident İlham Əliyevin çıxışı həmçinin Azərbaycanın müstəqil xarici siyasət kursunun uğurla davam etdirildiyini göstərdi. Dövlət başçısı ölkəmizin milli maraqlara əsaslanan siyasət həyata keçirdiyini və regional əməkdaşlığın genişlənməsində maraqlı olduğunu bildirdi.
“Avropa Siyasi Birliyi”nin Zirvə toplantısında Prezident İlham Əliyevin çıxışı bir daha sübut etdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində mühüm aktorlardan biridir. Ölkəmizin təşəbbüsləri regionda sabitliyin və inkişafın təmin olunmasına xidmət edir və bu siyasət beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı