Sülh dövründə şəhər salmağa, insanların rahatlığı üçün şərait yaratmağa nə var ki... Hansı dövlət məxsus olduğu Vətəninin dünəninə hörmət hissi, insan amilinə sayğı ilə yanaşırsa, vətəndaşının rifah halını prioritetinə çevirirsə, bəli, müasir, gözəl, təminatlı şəhərsalma prosesi də sürətli və keyfiyyətli ola bilər. Ki, dünyada belə ölkələr çoxdur və biz onları yaxından tanıyır və təqdir edirik.
Lakin müharibələrlə, təbii fəlakətlərlə üzləşən, uzun illər boyu müharibə iştirakçısı olan, iqtisadi vəziyyəti müharibələr fonunda zəifləyən dövlətlər də var ki, bax, əsas məsələ belə dövlətlərin insan amilinə qayğı bəsləməsi, vətəndaşının rifahını fikirləşməsi, onun yaşayış təminatı üçün tədbirlər həyata keçirməsidir. Ki, təəssüf ki, belə dövlətlər tarixdə heç də çox deyil. Müharibələr, təbii fəlakətlər əzabı ilə qarşılaşan, onun acılarını uzun illər boyu yaşayan xalqlar var ki, bəlkə də hadisələrdən 20-30, bəlkə daha çox il keçməsinə baxmayaraq, hələ də vətəndaşları evsiz-eşiksiz, sosial təminatsızdır, acı və əzablarla üzləşməkdədir.
Azərbaycanın şəhərsalma mədəniyyəti qədim dövrlərə təsadüf edir. Naxçıvan, Qəbələ, Şəki, Şuşa, Gəncə və çoxsaylı şəhərlərimiz qədim şəhərsalma üslubu saxlanmaqla müasir memarlıqdan bəhrələnərək inkişaf etdirilir. Bu şəhərlər həm də tarixi ilə dünyanın tanıdığı şəhərlərdir.
Bütün dünya bunu da yaxşı bilir ki, Azərbaycan 30 ildən artıq qonşu Ermənistan ilə müharibə şəraitində yaşayıb. Qarabağ və Şərqi Zəngəzur ərazilərinin xeyli hissəsi 1988-1990-cı illərdə düşmən tərəfindən amansızcasına işğal olunmuş, minlərlə insan düşmənin silahı burnunda zorla öz ata-baba yurdunu tərk etmişdir. Onlar uzun illər yurdlarından kənarda məcburi köçkün həyatı yaşamış, olmazın maddi və mənəvi iztirabları ilə üzləşmşlər.
30 il ərzində dövlətimiz çökmüş iqtisadiyyatımızı dirçəltməklə, torpaqları azad etmək üçün milli ordunu inkişaf etdirməklə yanaşı, eyni zamanda böyük təhlükə, sıxınti ilə üzləşən əhalinin sosial rifahının qayğısına qalaraq hərtərəfli tədbirlər həyata keçirdi. Müharibənin sülh yolu ilə həlli istiqamətində dünyanın nüfuzlu, mötəbər ölkələrinə, təşkilatlarına üz tutdu, lakin dünya bu tarixi ədaləti görə bilmədi, haqq səsimizi eşitmək istəmədi. Belə olan təqdirdə öz məsələsini özü həll etməyə qərar verdi və 27 sentyabr 2020-ci il daha da azğınlaşmış düşmənə cavab verməyin vaxtını zəruri etdi. Cəmi 44 gün içərisində Azərbaycan düşmənə yerini, həddini göstərdi, 30 il işğal altında qalan şəhər və kəndləri azad etdi.
Burada maraqlı nüans nə idi? Deməli, bizim dövlət gözləmədi ki, müharibə bitsin, sonra bu ərazilərdə bərpa-quruculuq işlərinə başlasın. Dövlətimizin başçısı elə müharibə gedə-gedə, ərazilər işğaldan azad olduqca, bu torpaqlarda ilkin yaşayış təminatlarının əsasının qoyulması üçün tapşırıqlar verirdi. Elektrik enerjisi, təbii qaz, yol infrastrukturu üçün təminatlar yaradılırdı. Bu, həm qələnin əldə olunmasına lazım idi, həm də torpaq həsrətli insanların daha tez bir zamanda yurduna qayıtmasına xidmət edirdi. Zəfərdən dərhal sonra isə Böyük Qayıdış Proqramı qəbul edildi. Bu Proqram qayıdışın mərhələli şəkildə həyata keçirilməsi üçün hazırlanmış möhtəşəm sənəddir. Artıq 5 ildir ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərinin sürətlə həyata keçirilməsi nəticəsində minlərlə soydaşımız öz evinə qayıdıb. Yeni şəhər, qəsəbə və kəndlər salınır, həm də Azərbaycan memarlığına xas olan bir formada-qədimliklə müasirliyin harmoniyasında.
Dövlətimizin başçısı İlham Əliyev mayın 18-də “Euronews” televiziyasına verdiyi müsahibədə də bu barədə ətraflı danışıb: Düşünürəm ki, biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq. Təəssüf ki, işğal altında olmuş ərazilərin genişmiqyaslı dağıntılara məruz qalması bizi buna vadar etdi. Mərhələli yanaşma, bəzi hallarda isə paralel inkişaf nəticəsində beş ilə artıq 85 min insanın doğma torpaqlarına qayıdışını təmin etmişik.
İlk növbədə, elektrik enerjisi məsələsi həll olundu. Bu günədək 307 meqavatlıq hidroenerji gücü istifadəyə verilib, hazırda 340 meqavat gücündə Günəş enerjisi layihələri isə inşa edilir. Bu həcm yalnız Qarabağ və Şərqi Zəngəzur üçün deyil, daha geniş ərazilər üçün də kifayət edəcək. Bununla yanaşı, elektrik şəbəkəsinin ölkənin ümumi enerji sistemi ilə inteqrasiyası təmin olunub. Ümumi uzunluğu 75 kilometr olan tunellərin 70 kilometri artıq istifadəyə verilib, 500 körpüdən 435-i artıq tikilib.
Dəmir yolları, məktəblər, xəstəxanalar - bütün bu işlər paralel şəkildə həyata keçirilir. Yenidənqurmanın ilk illərində əsas sərmayəni infrastrukturun yaradılmasına yatırmışdıq. Hazırda isə əsas sərmayələrimiz yaşayış sahələrinin tikintisinə yönəldilib - şəhərlərin Baş planları, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları üzrə layihələr həyata keçirilir. Hər bir kənd üzrə planlar icra edilir. Beləliklə, hesab edirəm ki, bizim təcrübəmiz bənzər problemlərlə üzləşmiş ölkələrə yenidənqurma üçün bir nümunə ola bilər.
Dünya onu da yaxşı bilir ki, ermənilər torpaqlarımızı böyük ərazilərini minalayıblar. Təsəvvür etmək çətin deyil ki, bu qədər görülən işlərlə yanaşı, həm də bizim minatəmizləyənlər azad torpaqları minalardan təmizləyir. Minaların yaratdığı təhlükə təkcə bərpa-quruculuğu, torpaq sahələrinin istifadəsini məhdudlaşdırmır, həm də insanların həyat və sağlamlığı üçün ciddi risk yaradır. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına əsasən 2020-ci ilin noyabr ayından cari ilin 4 aprel tarixinədək 259 mina partlayışı nəticəsində 72 nəfər həlak olub, 349 nəfər xəsarət alıb.
İşğaldan azad edilmiş ərazilərdə ANAMA və humanitar minatəmizləmə fəaliyyətinə cəlb edilən qurumlar tərəfindən aparılan intensiv işlər nəticəsində 261 551 hektar ərazi təmizlənib, 246 463 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
Bu kimi çətinliklər fonunda bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri sadəcə dövlətin vətəndaşına sayğısından, qayğısından və bir də ən əsası Vətən sevgisindən, torpağa bağlılıq hissindən qaynaqlanır. Beş ilə bu ərazilərə 85 min insanın köçməsi, həm də eyni zamanda bütün sosial şəraitlə təmin olunması, yeni iş yerlərinin açılması, əlbəttə, dünyaya bir nümunədir: insan amilinə verilən dəyərdir ki, bunu Ümumdünya Səhərsalma Forumunun 13-cü sessiyasının iştirakçıları dinləyir, öz gözləri ilə görürlər. Ən əsası: vətənlərinə Azərbaycan haqqında yeni təəssüratlarla qayıdacaqlar.
Mətanət Məmmədova