PDF Oxu

Siyasət

  • 285

Azərbaycanın qlobal urbanizasiyada rolu -ŞƏRH

image

2001-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən sürətli şəhərləşmənin icmalar, şəhərlər, iqtisadiyyat və iqlim dəyişikliyi üzərindəki təsirlərini təhlil etmək məqsədilə Ümumdünya Şəhərsalma Forumu təsis edilir. Tədbir BMT-nin İnsan Məskənləri Proqramı (UN-Habitat) tərəfindən idarə edilir və hər iki ildən bir fərqli qlobal şəhərlərdə təşkil edilir. İlk forum isə 2002-ci ildə Keniyanın Nayrobi şəhərində keçirilmişdir. Forumun əsas məqsədi siyasətçilər, yerli idarəetmə orqanları, memarlar, alimlər, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələri arasında davamlı şəhərləşməyə dair məlumat mübadiləsini təmin etmək, şəhər planlaması, infrastruktur, ekologiya və sosial bərabərlik sahəsində ən yaxşı qlobal təcrübələri və uğurlu modelləri bölüşmək, şəhərlərin qarşılaşdığı qlobal böhranlara qarşı regional və beynəlxalq tərəfdaşlıqları gücləndirməkdir.

Ümumdünya Şəhərsalma Forumun XIII Sessiyasının (WUF 13) açılış mərasimi isə 18 may 2026-cı il tarixində Bakı şəhərində, Olimpiya Stadionunda təşkil edilir. Bu, Azərbaycanın beynəlxalq şəhərsalma proseslərinə verdiyi töhfənin və qlobal arenada etibarlı tərəfdaş statusunun göstəricisidir.

Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edirlər. Mərasim zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Sessiyada iştirak edən dövlət və hökumət başçılarını, eyni zamanda nümayəndə heyətlərinin rəhbərlərini qarşıladılar.

Prezident İlham Əliyev tədbirlə çıxış edərək, ilk növbədə Ümumdünya Şəhərsalma Forumunun bütün iştirakçılarını salamladı. Daha sonra Ölkə Başçısı İlham Əliyev Forumda 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçının olduğunu bildirərək bunun, il yarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbir olduğunu qeyd etdi.

Prezident İlham Əliyev çıxışı zamanı qeyd etdi ki, “Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub. Bu, həmçinin ölkəmizin memarlığında əks olunub. Beləliklə, əgər siz Bakıda İçərişəhərin qədim divarları arasında gəzsəniz, sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss edəcəksiniz – vaxtilə üç kilometr olmuş Bakı Bulvarı hazırda 15 kilometrdən artıq tanınmış dənizkənarı məkandır”.

Daha sonra Cənab Prezident İlham Əliyev Avropa memarları tərəfindən layihələndirilmiş XIX əsrə aid binalardan, Bakıda qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdətdən söhbət salaraq qeyd etdi ki, “Bu, həqiqətən əcdadlarımızın istedadının bariz nümunəsi, tarixi və memarlıq irsimizi necə qoruduğumuzun təzahürüdür. Şəhərsalma nəinki Bakı, o cümlədən Azərbaycan bir çox şəhərləri üçün gündəlik əsaslarla işlədiyimiz məsələdir”.

Prezident İlham Əliyev Forumun 13-cü Sessiyasına ev sahibliyi vəzifəsinin bizə həvalə edilməsinə görə öz təşəkkürünü bildirərək, 2022-ci ildən etibarən BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycanda, uzun illər işğal altında olmuş ərazilərdə şəhərsalma forumlarının keçirildiyini də bildirdi.

Qeyd etmək lazımdır ki, dünyada təxminən 3 milyarda yaxın insanın müvafiq mənzil şəraitindən məhrum olduğunu nəzərə alaraq WUF 13 qlobal mənzil böhranına, qeyri-rəsmi məskunlaşma sahələrinin (gecəqonduların) transformasiyasına və şəhərlərin iqlim dəyişikliyinə dözümlülüyünə fokuslanır. Prezident İlham Əliyev bu gün qlobal toplantıların təşkil edilməsinin başlıca məqsədinin “insanların həyatını yaxşılaşdırmaq” olduğunu qeyd edərək, tarixə boylanıb, tarixi memarlıq abidələrindən, onların bu günkü aqibətindən də söhbət saldı.

Prezident İlham Əliyev bu gün hökumət qarşısındakı əsas vəzifələrdən bəhs edərək qeyd etdi ki: “İndi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir. Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı “Qafqazızn Xirosiması” adlandırırdılar. Çünki şəhər, sadəcə mövcud deyildi. Şəhər tamamilə yerlə-yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır”.

Çıxış zamanı Prezident İlham Əliyev hazırkı Böyük Qayıdış Proqramından, inşa edilmiş körpülərdən, tunellərdən, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı haqqında da Forum iştirakçılarına geniş məlumat verdi.

Daha sonra Ölkə Başçısı İlham Əliyev Bakının 20 il ərzindəki dəyişimindən söhbət salaraq, qonaqlara Bibiheybət, Böyükşor kimi əraziləri ziyarət etmələrini, keçmiş videomateriallar və şəkillərlə müqayisə etmələrini tövsiyə etdi. Prezident İlham Əliyev son 20 il ərzində Bakıda 100 park, ictimai yer və bağların salındığını, ictimai nəqliyyatda, mikromobilliyə, metro və elektrik enerjisi ilə işləyən müasir avtobuslara sürətli çıxış barədə də geniş məlumat verdi.

Prezident İlham Əliyev çıxışını yekunlaşdırarkən qeyd etdi ki: “Söylədiyim kimi, Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir. Birmənalı olaraq, bu cür mühüm toplantı və BMT-dən olan dostlarımızın, səfərə gələn çoxsaylı qonaqların ekspert bacarıqları bizə daha çox öyrənmək, bir-birimizdən əldə etmək, müsbət təcrübə ilə tanışlıq üçün və həmçinin səhvlərimiz haqqında danışmaqda yardımçı olaq. Şəhərsalma prosesində çox səhvlər olub və düşünürəm ki, həmin dövr artıq keçmişdə qaldı”.

Ümumiyyətlə, Ümumdünya Şəhərsalma Forumu müasir dünyada urbanizasiya, dayanıqlı şəhər inkişafı və ekoloji şəhərsalma mövzularında keçirilən ən nüfuzlu qlobal platformadır. BMT-nin İnsan Məskənləri Proqramı (UN-Habitat) tərəfindən təsis edilən bu forum həm dünya, həm də regional liderliyi gücləndirən Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Bu forum qlobal miqyasda bir neçə kritik funksiyanı yerinə yetirir ki, bunlardan da biri “Ağıllı şəhər” və “Yaşıl şəhər” konsepsiyalarının tətbiqini sürətləndirməkdir. Bundan başqa şəhərlərin karbon emissiyasını azaltmaq və iqlim dəyişikliyinə dözümlülüyünü artırmaq üçün qlobal yol xəritələri burada cızılır.

Azərbaycana gəldikdə Ümumdünya Şəhərsalma Forumu ölkəmizə imkan verir ki, azad edilmiş ərazilərdə tətbiq olunan “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrini dünya ictimaiyyətinə uğurlu bir nümunə kimi təqdim etsin və dağıdılmış şəhərlərin ekoloji bərpası sahəsində beynəlxalq ekspertizadan və donor fondların diqqətindən yararlansın.

Pərvanə Talıbova

YAP Yasamal rayon təşkilatının fəalı, Azərbaycan Milli Konservatoriyası nəzdində incəsənət gimnaziyasının müəllimi

Digər xəbərlər