2026-cı il iyunun 1-də keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Prezident cənab İlham Əliyevin çıxışı Azərbaycanın son otuz ildə keçdiyi inkişaf yolunun, enerji siyasətinin və beynəlxalq əməkdaşlıq modelinin geniş mənzərəsini təqdim etdi. Dövlət başçısının çıxışında təkcə enerji sektoru ilə bağlı məsələlər deyil, həm də Azərbaycanın iqtisadi müstəqilliyi, geosiyasi rolu, regional əməkdaşlıq təşəbbüsləri və gələcək inkişaf prioritetləri əhatəli şəkildə öz əksini tapdı.
Prezident cənab İlham Əliyev çıxışında Azərbaycanın müasir enerji tarixinin əsas mərhələlərinə nəzər salaraq vurğuladı ki, bu gün “Bakı Enerji Həftəsi” adı ilə tanınan tədbirin əsası hələ 1994-cü ildə keçirilən Xəzər Neft və Qaz Sərgisi ilə qoyulub. Həmin dövrdə iqtisadi böhran, siyasi qeyri-sabitlik və Ermənistanın işğalçılıq siyasəti ilə üzləşən Azərbaycan üçün enerji resursları ölkənin müstəqilliyini qorumaq və inkişafını təmin etmək baxımından həyati əhəmiyyət daşıyırdı. “Əsrin müqaviləsi”, ardınca isə 1996-cı ildə “Şahdəniz” qaz yatağı üzrə saziş Azərbaycanın dünya enerji bazarına inteqrasiyasını sürətləndirdi və ölkənin gələcək inkişafının əsasını formalaşdırdı.
Çıxışın diqqət çəkən məqamlarından biri enerji siyasətinin beynəlxalq müstəvidə qiymətləndirilməsi ilə bağlı idi. Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın enerji sektoruna münasibətini yüksək qiymətləndirərək qeyd etdi ki, son illər neft və qaz istehsalçısı olan ölkələrə qarşı formalaşdırılan əsassız ittihamlar və siyasi təzyiqlər enerji təhlükəsizliyi məsələlərinin obyektiv dəyərləndirilməsinə mane olurdu. Dövlət başçısının fikrincə, neft və qaz təbii sərvətlərdir və ölkələr bu resurslara malik olduqları üçün deyil, onlardan necə istifadə etdiklərinə görə qiymətləndirilməlidirlər. Azərbaycanın təcrübəsi göstərir ki, enerji gəlirləri düzgün idarə olunduqda iqtisadi inkişafın, sosial rifahın və milli təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.
Prezident cənab İlham Əliyev Azərbaycanın son otuz ildə əldə etdiyi iqtisadi nəticələri məhz bu strateji yanaşmanın uğuru kimi təqdim etdi. Vaxtilə enerji idxal edən, yoxsulluğun 50 faizdən çox olduğu ölkə bu gün investisiya dərəcəli kredit reytinqinə malikdir. Xarici borcun ümumi daxili məhsuldakı payı cəmi 6 faiz səviyyəsindədir və ölkənin strateji valyuta ehtiyatları xarici borcu dəfələrlə üstələyir. Bu göstəricilər enerji gəlirlərinin səmərəli idarə olunmasının, uzunmüddətli iqtisadi strategiyanın və maliyyə müstəqilliyinin nəticəsi kimi qiymətləndirilir. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan beynəlxalq maliyyə institutlarından asılı olmayan nadir ölkələrdən birinə çevrilib.
Prezident İlham Əliyev çıxışında həmçinin Azərbaycanın beynəlxalq enerji əməkdaşlığının uğurlu nümunə olduğunu diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, ölkənin təşəbbüsü ilə reallaşdırılan transmilli enerji layihələri müxtəlif dövlətləri və şirkətləri vahid məqsəd ətrafında birləşdirib. Bu əməkdaşlıq həm regional sabitliyə, həm də qlobal enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycanın agentliklərdəki beynəlxalq reytinqi ildən-ilə artır. Hazırkı vəziyyətə görə ölkəmizin artıq investisiya dərəcəli reytinqi vardır. Bu gün ölkədə yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən bir o qədər səviyyədədir. Dövlətimizin xarici borcu əhəmiyyətli dərəcədə azaldılmışdır və dünyada ən aşağı xarici borclardandır hesab olunur. Eyni zamanda ölkə olaraq Dövlət Neft Fondu və Mərkəzi Bankda toplanmış ehtiyatlarımız xarici borcumuzdan 18 dəfə çoxdur. Bütün bunlar ölkənin təbii sərvətlərindən düzgün istifadə edilməsinə görə baş vermişdir.
Bu gün Avropa enerji bazarını Cənub Qaz Dəhlizi olmadan təsəvvür etmək mümkün deyil. Ötən ilə nisbətən Azərbaycan qazını alan ölkələrin sayı artaraq 16-ya çatmışdır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsaq görərik ki, ölkəmiz dünyada bu istiqamətdə birincidir. Azərbaycanda xüsusilə “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi üzrə Abşeron yatağı və bir çox digər yataqlarla yanaşı, əlavə qaz hasil ediləcəyi də planlaşdırılır.
Beləliklə, düzgün enerji siyasəti Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verir. Otuz il bundan öncə ölkəyə investorlar cəlb edilirdisə, hazırda öz investisiyalarımızla xaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti – SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiya daha da genişlənəcəkdir. Bundan başqa, Azərbaycan Xəzər dənizinin şərq sahillərində yerləşən tərəfdaş ölkələr üçün mühüm tranzit imkanları təqdim edir. Mərkəzi Asiyadan hasil olunan neft Azərbaycan ərazisindən keçərək beynəlxalq bazarlara çıxarılır. Həmçinin, “Qara dəniz Enerji Kabeli” layihəsi Azərbaycanı Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər ölkələrlə birləşdirəcək. Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi də hazırda icra mərhələsindədir.
Nəticə etibarilə, Bakı Enerji Həftəsi Azərbaycanın beynəlxalq enerji bazarındakı rolunu nümayiş etdirir və ölkənin etibarlı enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirir. Tədbir enerji sahəsində yeni əməkdaşlıqların və strateji tərəfdaşlıqların qurulmasına şərait yaradır. Həmçinin, Dünyanın müxtəlif ölkələrindən yüzlərlə şirkət və investorun iştirakı Azərbaycanın enerji layihələrinə marağı artırır, yeni müqavilələrin və investisiya sazişlərinin imzalanmasına imkan yaradır.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri