PDF Oxu

Siyasət

  • 749

Azərbaycan Milli Ordusunun tarixdən zəfərə gedən inkişaf yolu - ŞƏRH

image

Azərbyacan qədim dövlətçilik tarixinə malik olduğu kimi, zəngin ordu quruculuğu təcrübəsinə də sahib olmuşdur. Ordu tarixən dövlətçiliyin vacib atributlarından biri olmaqla dövlətçilik ənənələrinin qorunmasında xüsusi əhəmiyyət kəsb etmişdir. Bu baxımdan Azərbaycan tarixi-coğrafiyasında ilk ordu quruculuğunun başlanması ilk dövlət qurumlarının formalaşması ilə üst-üstə düşür. Ölkəmizin yerləşdiyi geosiyasi mövqe, tarixi torpaqlarımızın müdafiəsi zərurəti bu prosesin hələ eramızdan əvvəlki minilliklərdən başlanmasını şərtləndirmişdir.

Ölkəmizdə tarixən formalaşan ordu quruculuğu təcrübəsinin milli ordu səviyyəsinə keçidi ötən əsrin əvvəllərinə təsadüf edir. Azərbaycan Milli Ordusunun yaranması 108 il əvvəl başlamışdır. Təqribən bir əsrdən bir qədər çox olan zaman kontekstində onu tarix səhifələrindən böyük zəfərə aparan mühüm inkişaf yolu keçmişdir. Bu yolun hər bir mərhələsi gərgin mübarizələrlə dolu olmuşdur. Onun inkişaf yolunda 4 mərhələ ön plana çıxır.

Birinci mərhələ onun yeni-yeni formalaşdırıldığı ilk müstəqilliyin qazanıldığı dövr idi. 1918-1920-ci illərdə qısa müddətdə mövcud olmuş bu mərhələ gərginliklərlə müşaiyət olunmuşdur. 1918-ci il 26 iyun tarixli qərarla ilk milli ordunun yaradılması bu prosesin ilk pilləsini təşkil edirdi. Bu mərhələdə Azərbaycan Xalq Cümhuriyyətinin başlıca dayağına çevrilərək Qarabağda erməni terroruna qarşı, Bakının azad olunması prosesində bolşevik-daşnak tandeminə qarşı aparılan mübarizələrdə formalaşmışdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev milli ordumuzun keçdiyi yolu təhlil edərkən onun müzəffər orduya çevrilməsinə diqqət çəkərək demişdir: “1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik”. Bu güclü ordunun milli kadrlarla möhkəmləndirilməsi, mütəşəkkil silahlı qüvvələr olaraq inkişaf tarixi Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldiyi dövrdə başlanmışdır. Bu dövr tarixi baxımdan Sovet dövrü ordu quruculuğu yaxud ümumi şəkildə ikinci mərhələ olsa da, milli ordu olaraq, azərbaycanlı kadrlarla təmin olunmasında ilk mərhələ kimi xarakterizə olunur.

1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması Azərbaycanda milli ordu quruculuğuna Ulu Öndərin verdiyi ən mühüm töhfələrdən olmuşdur. Sovet hakimiyyətinin assimlyasiya siyasətinin ağır şərtləri altında milli zabit kadrlarının hazırlanması, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq, həmçinin Bakı Ali Dənizçilik məktəblərinə cəlb edilməsi, eyni zamanda SSRİ-nin müxtəlif hərbi məktəblərində güzəştli şərtlərlə qəbuluna nail olunması böyük fədakarlıq, mili təəssübkeşlik, ən başlıcası fikrini müdrikliklə qəbul etdirmə əzmi tələb edirdi. Bütün bunlar uzaqgörən siyasət nəticəsində reallaşdırılmışdır. Zaman-zaman ağır sınaqlara məruz qalan bu ordu XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşanda, torpaqlarımıza düşmən təcavüzünün artdığı zamanda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ümummilli Lider tərəfindən həyata keçirilən qətiyyətli tədbirlər sayəsində dağılmaqdan xilas olmuş və güclü nizami ordu quruculuğu mərhələsinə qədəm qoymuşdur.

Müstəqilliyin bərpasından sonrakı dövrün çətinlikləri, mübarizələri ilə dolu olan bu dövr ordu quruculuğunda üçüncü mərhələnin əlamətlərini ehtiva edirdi. Bu mərhələ 1994-cü il 12 mayda Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs əldə edilməsindən sonra ordunun daxilində maddi-texniki və mənəvi-psixoloji olaraq yenilənmə, güclənmə dövrü olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin döyüş ruhunun yüksəldilməsi, tarixi yaddaşın vətənpərvərliklə möhkəmləndirilməsi, şəxsi heyətin birlik və mübarizə əzminin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər 2016-cı il aprel döyüşlərində, 2020-ci il 44 günlük Zəfər yürüşündə, 2023-cü il lokal xarakterli antiterror əməliyyatlarında öz tarixi əhəmiyyətli bəhrəsini vermişdir: işğal altındakı doğma torpaqlarımız azad edilmiş, ölkəmizin ərazi bütövlüyü və suverenliyi Müzəffər Ali Baş Komandanın qəhrəman əsgərlərinin qətiyyətli qələbəsi ilə təmin olunmuşdur.

Bu gün Azərbaycan Silahlı Qüvvələri inkişafının yeni mərhələsinin – Qalib Ordu mərhələsinin qürurunu daşıyır. Beynəlxalq standartlara uyğun şəkildə aparılan ordu quruculuğu, yeni texnologiyalarla təchizat, sülhməramlı qüvvələrin tərkibində müxtəlif ölkələrdə zəngin təcrübə qazanmış bu müasir Azərbaycan Ordusunun nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Cənubi Qafqazda birinci sırada yer alması onun təkcə ölkəmizdə deyil, bütövlükdə regionda sülhün və təhlükəsizliyin təminatçısı olduğunun beynəlxalq təsdiqidir. Ölkəmizdə isə onun müasir hüquqi bazası 2017-ci il 29 dekabr tarixində qəbul edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunla tənzimlənməklə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini, həmçinin Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyənləşdirir, təminat verir. Ölkə Prezidentinin təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması, silahlı qüvvələrin büdcəsinin artırılması Azərbaycanı müxtəlif növ müasir hərbi məhsullar idxalından onların istehsalçısına çevirmişdir.

Hərbi qulluqçuların sosial müdafiəsi ilə bağlı görülmüş işlər də ordu quruculuğunun bu yeni mərhələsinin ən aktual istiqamətlərindəndir. Qeyd etmək lazımdır ki, ordu quruculuğu və inkişafı istiqamətində həyata keçirilən tədbirlər yalnız müasir hərbi avadanlıqların təchizatı ilə məhdudlaşmamış, hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi xüsusi diqqət mərkəzində saxlanmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli Fərmanına uyğun olaraq Azərbaycan Ordusunun 20 il və daha çox qüsursuz xidmət etmiş 4167 nəfər hərbi qulluqçusunun mənzillərlə təmin olunması, 2025-ci il yanvarın 1-dən hərbi qulluqçuların aylıq vəzifə maaşlarının orta hesabla 10 faiz artırılması, həmçinin 2026-cı ilin mart ayında bu istiqamətdə yeni tədbirlərin həyata keçirilməsi hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində mərhələli, ardıcıl və nəticəyönümlü uğurlu addımların göstəricilərindəndir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi, Zəfər muzeylərinin yaradılması onların qazandığı qələbənin əbədiləşdirməsi və iştirakçıların fədakarlığna göstərilən ali diqqəti bir daha təsdiq edir. Bu diqqət xalq məhəbbəti ilə də dəstəklənir: həm Milli Ordumuzun şəhid qəhrəmanlarına və onların əmanətləri olan şəhid ailələrinə, eləcə də döyüş qazilərinə, həm də bu gün ordu sıralarında xidmət edən vətənpərvər hərbi qulluqçulara olan ehtiram xalq-dövlət birliyinin ali təcəssümüdür.

Zeynəb Quliyeva

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının

AMEA Naxçıvan Bölməsi üzrə ƏPT sədri

Tarix elmləri doktoru

Digər xəbərlər