Sosial şəbəkələrdə, təhsil qruplarında müəllimlərin sertifikasiya imtahanının qeyri-peşəkar keçirilməsi ilə bağlı narazılıq səngimir. Fərqli ixtisas müəllimləri imtahan suallarının səhv qurulmasını, variantların doğru yox, səhv cavablarının qəbul edilməsini iddia edir və bunu subutlarla əsaslandırır. Tarix müəllimlərinin 3 sualda aşkarladığı yalnışdan sonra texnologiya müəllimləri də imtahanda onalara verilən suallar arasında səhvlər aşkarlayıblar.
Şəki Rayon Qozlubulaq Kənd Tam Orta Ümumtəhsil Məktəbinin texnologiya müəllimi Elamin Əsədov bildirir ki, 25.06.2026-cı il tarixində texnologiya fənni üzrə keçirilən sertifikasiya imtahanının suallarında ciddi səhvlər olub. Belə ki, həmin fənn üçün tərtib edilən sertifikasiya suallarından olan 34-cü sualın düzgün cavabı olmayıb, 42-ci sualın isə şərti səhv verilib. Müıllim bildirir ki, həmçinin kurikulum üzrə verilmiş 1 sualda düzgün cavab kimi götürülmüş variant tamamilə yalnışdır.
Elamin müəllim deyir: "42-ci sualın tərtibi tamamilə yalnışdır. Sual belə idi: “Hansı mişarlama üsuludur ki, son təmizləmə nazik qatlı detalların kəsilməsində istifadə olunur?”. Bu sual elmi və texniki cəhətdən tamamilə qüsurludur. Texnologiyada "son təmizləmə" işləri mişarla deyil, metalın səthindən nazik qat götürən "yeyələmə" prosesi ilə icra edilir. Variantlarda verilən “çarpaz” və “dairəvi” terminləri mişarlamanın yox, yeyələmənin növləridir. Elm və istehsalatda “dairəvi mişarlama” deyə bir üsul yoxdur, doğrusu "dairəvi yeyələmə"dir."
Müsahibimiz deyir ki, sözügedən sual, rəsmi “6-cı sinif Texnologiya Metodik Vəsaiti”nin 150-ci səhifəsindəki 10-cu test sualından birbaşa rus dilindən edilmiş kobud tərcümə xətasından (Mişarlama) köçürülüb. Yəni, sual kökündən yanlış qurulub.
Texnologiya müəllimlərini narahat edən digər mübahisəli sual isə 34 saylı sual olub. Sualda soruşulur ki, "qiymətli kağızlardan gəlirlər hansı gəlirlərə aiddir?". Elamin müəllim deyir ki, bu sualın düzgün cavabı kimi göstərilən “ayrı-ayrı mənbələrdən gəlirlər” variantı dərslikdə öz əksini tapmır: "6-cı sinifdə tədris olunan Texnologiya dərsliyinin 10-cu səhifəsində “qiymətli kağızlardan gəlirlər” "ayrıca gəlir mənbəsi" kimi təqdim olunub. Dərslikdə bu gəlirlərin “ayrı-ayrı mənbələrdən gəlirlər” qrupuna aid edilməsi barədə məlumat verilmədiyindən sualın bu formada tərtib olunması qeyri-dəqiqdir və iştirakçıların fərqli nəticəyə gəlməsinə səbəb ola bilər. Çünki "ayrıca gəlir mənbəsi" ifadəsi ilə “ayrı-ayrı mənbələrdən gəlirlər” ifadəsi bir-birinə tamamilə əks mənalar verən ifadələrdir. Buna görə də sualın yenidən qiymətləndirilməsini məqsədəuyğun hesab edirik."
Texnologiya fənni üzrə sertifikasiya imtahanında təqdim edilmiş inteqrasiya xarakterli sualla bağlı da narahatlıqlar var. Sualın məzmunu təxminən belə olub: “Müəllim şagirdlərə materialların davamlılıq testlərini sınaqdan keçirib, daha uyğununu müəyyənləşdirməyi tapşırır.”
Texnologiya müəllimi bildirir ki, bu sualın cavabı inteqrasiya növünün müəyyən edilməsinə əsaslanırdı: "Lakin təqdim olunan situasiyada texnologiya fənni daxilində nə üfüqi, nə də şaquli fəndaxili inteqrasiyanı əsaslandıracaq kifayət qədər məlumat verilmir. Əksinə, materialların xüsusiyyətlərinin sınaqdan keçirilməsi və müqayisə edilərək uyğun variantın seçilməsi digər fənlərlə əlaqələndirilə bilən məzmun olduğundan, fənlərarası inteqrasiyaya daha uyğun hesab edilir".
Bundan əlavə, müsahibimiz qeyd edir ki, ARTİ (Azərbaycan Respublikası Təhsil İnstitutu) tərəfindən keçirilmiş sınaq imtahanlarında da texnologiya fənninə aid inteqrasiya suallarında oxşar uyğunsuzluqlar müşahidə edilirdi. Sertifikasiya imtahanında da eyni vəziyyətin təkrarlanması sualın düzgünlüyü ilə bağlı əsaslı şübhələr yaradır.
Müəllimlər, yuxarıda qeyd olunanları nəzərə alaraq, sözügedən sualların məzmununun və cavab açarının peşəkar ekspertlər tərəfindən yenidən araşdırılmasını, obyektiv qiymətləndirilməsini və zərurət yarandığı halda bütün namizədlərin mənafeyi nəzərə alınmaqla müvafiq qərarın qəbul edilməsinin ən ədalətli qərar olacağını deyirlər.
Lalə Mehralı