PDF Oxu

Siyasət

  • 738

Tarixin Heydər Əliyevlə açılan yeni səhifəsi

image

Heydər Əliyev əsl azərbaycanlı, xalqını canından artıq sevən, vətənpərvər, həyatının sonunadək bu xalqın, bu millətin yolunda cəfa çəkən böyük şəxsiyyətdir. Elə buna görə də xalq Onu özünə Ümummilli Lider seçdi. Taleyini Ona tapşırdı. Müstəqilliyini Ona etibar etdi. Beləliklə də, müstəqilliyimiz təhlükədən, itirilməkdən xilas oldu. Torpaqlarımızın daha da geniş miqyasda itirilməsinin qarşısı alındı. Ölkəmiz dünyada tanındı, dünya dövlətləri ilə iqtisadi əlaqələr quruldu. 70 illik imperiya məngənəsindən qurtulan, bütün sahələrdə tənəzzülə uğrayan Azərbaycanda yeni bir Azərbaycan quruldu. Azərbaycan, bütövlükdə, Ulu Öndərimizin əsərinə çevrildi.

1993-cü ilin 9 iyununda Böyük Heydər Əliyevin xalqın təkidilə Naxçıvandan Bakıya gəlməsi ilə tariximizin qara səhifələri bağlandı və qarşımızda yeni bir səhifə açıldı. Bu səhifə Ulu Öndərin dəst-xətti ilə yazılmağa başlandı. Elə bir səhifə ki, acılması ilə xalqın taleyini dəyişdi.

“Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir və əbədi olacaqdır!”,- deyən Ulu Öndərin uzaqgörənliyi, əzmkarlığı, məsləhətkeşliyi, ideyaları ilə müstəqilliyimiz qorundu, yaşadı, əbədiləşdi. Bu gün müstəqil Azərbaycan etibarlı əllərdədir.

1990-cı illərdə səriştəsiz dövlət rəhbərləri tərəfindən ermənilərə satılan torpaqlarımız fəaliyyətində daim Heydər Əliyev siyasətinə, ideologiyasına əsaslanan dövlət başçısının rəhbərliyi ilə şücaətli Milli Ordumuz tərəfindən işğaldan azad edildi. 2020-ci ildə 44 günlük müharibə ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması Ulu Öndərimizin ən böyük arzusunun reallaşması idi. Əgər müstəqilliyimizin əldə olunması, daimilik qazanması üçün Ulu Öndərə borcluyuqsa, ərazi bütövlüyümüzün bərpası, müstəqil dövlətimizin müasir dövrdə beynəlxalq aləmdə nüfuzunun artması üçün dövlətimizin başçısına minnətdarıq.

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü hər bir vətəndaş üçün əzizdir. O mənada ki, xalq çox çətinliklə əldə etdiyi bu qiymətli sərvətin daimiliyi üçün, lazım gələrsə, canından belə keçməyə hazırdır. Xalq bir gün öz əzəli torpaqlarını da geri alacaqdı. Həmin günün Ulu Öndərin mənəvi varisinin, hər bir azərbaycanlının ümid bəslədiyi Liderinin rəhbərliyi ilə reallaşması isə Azərbaycanda müstəqilliyimizin ilk illərindən həyata keçirilən siyasətin uğurla davam etdirilməsini təsdiqlədi. “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin”,- deyən dövlət başçısının əzmini təsdiqlədi. 2020-ci il sentyabrın 27-dən başlayıb noyabrın 10-da bitən 44 günlə təsdiqlədi. Tarixə meydan oxuyan, dünyaya kimliyimizi göstərən 44 günlə. Azərbaycanın döyünən ürəyinə, bir parçasına qovuşduğu, 30 illik bir həsrətin, nisgilin bitdiyi anla təsdiqlədi. 10 noyabr 2020-ci il Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Milli Ordumuzun Azərbaycan tarixinə yazdığı yeni salnamə oldu. 2023-cü ilin 20 sentyabrında həyata keçirilən antiterror tədbirləri isə ərazi bütövlüyümüzün tam bərpası ilə nəticələndi.

Cənab Prezidentimizin Ulu Öndərin “Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir” vəsiyyətini həm bir övlad, həm də siyasi rəhbər olaraq reallaşdırması xalqımıza liderlik bacarığını göstərməklə yanaşı, həm də qədim ailə dəyərlərimizin qorunub yaşadılmasının əhəmiyyətli məsələ olduğunu aşıladı. Bu isə ölkəmizdə hər bir gəncə nümunə gücündə olan təsirli məqamdır.

Tariximizin şanlı səhifəsini təşkil edən Qarabağ Zəfəri və ölkəmizin bugünkü inkişafı 20 ildən artıq dövrün hər anında Prezidentimizin praqmatik fəaliyyətinin nəticələridir. O nəticələr ki, bu gün bütün dünyanın diqqətini özünə yönəldən məqamlardır. Azərbaycanın güclü, eyni zamanda sülhsevər dövlət olduğuna dünyanın şahidliyidir. Ən əsası isə Azərbaycan vətəndaşının qürur yeridir. Bəli, qürur duyuruq ki, Ulu Öndərin siyasi yolu uğurla davam etdirilir.

Mətanət Məmmədova

Digər xəbərlər