(Qurtuluşun elmi-fəlsəfi mahiyyəti və Azərbaycan dövlətçiliyinin müasir inkişaf modeli barədə nəzəri interpretasiya)
Nəzəri və praktiki təhlillər təsdiq edir ki, Azərbaycanın müasir dövlətçilik tarixində 15 İyun – Milli Qurtuluş Günü tariximizin heç bir dövrü ilə müqayisə olunmaz dərəcədə siyasi, tarixi, fəlsəfi fundamental əhəmiyyətə malikdir. Bu dövr haqqında siyasi analitiklər, tarixçilər, filosoflar, dövlət və elm nümayəndələri nə qədər dərin strateji təhlil və analizlər aparsalar da, etiraf etmək lazımdır ki, müasir inkişaf və reallıqlar kontekstindən baxdıqda həmin tarixi dinamikanı sona kimi təhlil etmək bəzən mümkün görünmür və əslində müasir tariximizin mehvər dövrünə daxil olması məhz bu təqvimin fəlsəfəsi ilə bağlıdır. Bu fikir ona əsaslanır ki, tarixi dinamikada şəxsiyyət fenomeni və obrazı həmişə əvəzsiz olmuş və sivil dünya hesab etdiyimiz yaxın gələcəkdə də məhz bu belə də qalacaqdır. Təsadüfi deyil ki, personalist filosoflar izah edirlər ki, tarix – şəxsiyyətlərin tarixidir. Fakt budur 1993-cü ilin iyun ayında – xaoslu və ziddiyyətli bir dövründə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi və çağırışı ilə ikinci dəfə hakimiyyətə qayıdışı müasir Azərbaycan dövlətçiliyinin yeni inkişaf mərhələsinin əsasını qoydu və onu məhv olma¸ “qırılma” nöqtəsindən, inkişaf mərhələsinə yönəltdi. İlk baxışda həmin dövrdən kifayət qədər bizi zaman ayırdığından, bəzən tarixi baxımdan hadisələri interpretasiya etmək, ona düzgün nəzəri qiymət vermək o qədər də çətin görünmr. Lakin həmin keçid dövrünün “övladları” – canlı şahidləri çox gözəl xatırlayırlar ki, ölkədə baş verən hadisələrin o dövrdə düzgün məcraya yönəldilməsi, dövlətçiliyin qorunması və milli birliyi təmin olunması nə qədər çətin idi. Bu baxımdan prosesin mahiyyətinə nüfuz etsək, aydın olur ki, 15 iyun 1993-cü il tarixində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkənin ictimai-siyasi həyatında dönüş nöqtəsi olmuş, dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində yeni mehvər mərhələnin başlanğıcını təşkil etmişdir. Fakt budur ki, həmin dövrdə Azərbaycan dərin siyasi böhran, iqtisadi tənəzzül, hakimiyyət böhranı və vətəndaş qarşıdurması təhlükəsi ilə üz-üzə idi. Bəla onda idi ki, həmin dövrdə bu hərc-mərclik şəraitində destruktiv qüvvələrə kənardan dəstəklər gəlir, bununla da dövlət institutlarının zəifləməsi və ölkənin parçalanması təhlükəsi günbəgün artır, milli təhlükəsizlik üçün ciddi ekzistensial risklər yaranırdı. Bu baxımdan Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi tarixində siyasi fəaliyyətini həmin illər üçün yalnız hakimiyyət dəyişikliyi kimi deyil, dövlətçiliyinin varoluşu və sosial, siyasi, mədəni və s. davamlılığının təminolunması, dövlət idarəetmə fəlsəfəsinin yenidən bərpası prosesi kimi qiymətləndirmək fikrimizcə, daha doğrudur.
Elmi ədəbiyyatda, xüsusilə siyasi fəlsəfədə xaosdan nizama keçid problemi dövlət quruculuğunun əsas nəzəri problemlərindən biri kimi xarakterizə olunur. 1993-cü ildə Azərbaycanda yaranmış vəziyyət məhz belə bir böhran mərhələsini xarakterizə edirdi. Fakt budur ki, həmin dövrdə xaos və ziddiyyətləri dəf etmək asan olmasa da, dahi siyasi xadim Heydər Əliyevin siyasi uzaqgörənliyi və idarəçilik təcrübəsi nəticəsində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, siyasi sabitlik təmin edildi və dövlət institutlarının fəaliyyət qabiliyyəti bərpa olundu. Əslində, bu proses həmin dövrdə bəzi siyasi analitiklər tərəfindən yetərincə düzgün təsbit olunmasa da, sonrakı tarixi proses təsdiq etdi ki, bu strategiya və tarixi idarəetmə paradiqması siyasi gücdən daha çox dialoq, milli həmrəylik, siyasi dialoq və konsensus prinsiplərinə əsaslanmış, ölkədə milli birliyi həyata keçirmək üçün dialoq fəlsəfəsinin bazasından çıxış olunaraq formulə edilmişdir. Fakt budur ki, həmin illərdə Liderlik xarizmasından bəhrələnərək dahi siyasi xadim Heydər Əliyev ölkədəki müxtəlif siyasi qüvvələri və ictimai təbəqələri vahid dövlətçilik ideyası ətrafında birləşdirərək, xalqı prosesin həqiqi hərəkətverici qüvvəsinə çevirərək parçalanma riski və meyllərinin qarşısını almışdır. Qısa şəkildə ifadə etsək, prosesin fəlsəfi-tarixi mahiyyəti təsdiq edir ki, siyasi dialoq fəlsəfəsi və milli həmrəylik ideyaları Ulu öndər Heydər Əliyevin idarəetmə fəlsəfəsinin həmişə əsasları kimi çıxış etmişdir; Məhz Qurtuluşun və müasir narrativ hesab olunan regional təhlükəsizlik və sülh ideyalarının əsas fəlsəfi kompanentlərindən biri kimi siyasi dialoq konsepsiyası metodoloji baza kimi çıxış etdirildiyindən, həm cəmiyyətdə mövcud olan qarşıdurma meyllərinin, həm də regional ziddiyyətlərin və siyasi radikalizmin aradan qaldırılmasına nail olunmuşdur. Məsələn, 1994-cü ildə əldə olunmuş atəşkəs də bu siyasətin mühüm nəticələrindən biri idi. Yəni sonrakı tarixi proseslər də təsdiq etdi ki, fəlsəfi baxımdan atəşkəs yalnız hərbi əməliyyatların dayandırılması deyil, rasional və praqmatik siyasi düşüncənin emosional və destruktiv yanaşmalar üzərində tarixi qələbəsi idi. Məhz bu paradiqmal strateji konsepsiya Azərbaycanın gələcək inkişafı üçün zəruri zaman və imkan qazandırdı – iqtisadi inkişafın və sosial sabitliyin davamlı inkişafın əsasları yaratdı. Digər bir fakt: 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirdi və ölkənin iqtisadi müstəqilliyinin əsaslarını möhkəmləndirdi. Təbii ki, bütün bunlar Azərbaycançılıq ideologiyasının ən vacib elementlərindən biri idi və bu ideologiya həmin dövrdə geniş şəkildə bəzi destruktiv qüvvələr tərəfindən qəbul olunmasa da, sonradan həm beynəlxalq səviyyədə, həm də daxildə ciddi müdafiə olundu. Milli Qurtuluş ölkəyə yeni siyasi iradə, milli maraqların təmin olunma perspektivini, həmrəyliyi, tolerantlıq və multikulturalizm fəlsəfəsini, Qərb modernizmi ilə Şərq ənənəsinin vəhdət mümkünlük ideya və praktikasını gətirdi. Bununla yanaşı, regional və qlobal güclərlə qurulan siyasi dialoq və əməkdaşlıqlar vasitəsi ilə əldə olunmuş balanslaşdırılmış münasibətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini gücləndirdi.
Müasir mərhələdən bəhs etdikdə isə qeyd olunmalı əsas məqam ondadır ki, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xətt Ali Baş komandan, Prezident İlham Əliyev tərəfindən yeni geosiyasi şəraitə və beynəlxalq münasibətlərə uyğun şəkildə məharətlə davam etdirilir və bu mərhələdə siyasi dialoq, iqtisadi modernləşmə, hərbi quruculuq və diplomatik fəaliyyət vahid strateji konsepsiya çərçivəsində həyata keçirildiyindən Azərbaycan regional güc qismində yüksək şəkildə qəbul olundu. Fakt budur ki, həmin ali strategiya və ali iradə nəticəsində – 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə həyata keçirilən tədbirlər göstərdi ki, hərbi güc, diplomatik fəaliyyət və siyasi liderlik bir-birini tamamlayan əsas faktor kimi həm regional, həm də qlobal əlaqə və münasibətlərdə dialoq fəlsəfəsindən çıxış etdirilərək siyasi dialoqun üfüqlərini daha da genişləndirmişdir. Tarixin dinamikası təsdiq etdi ki, bu qətiyyətli strategiyanın məntiqi nəticəsi olaraq Qəhrəman Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında əbədi Zəfər qazanaraq torpaqlarımızın 30 illik işğalına son qoydu. Fakt budur ki, bu misilsiz tarixi Qələbə xalqımızın tarixinə öz milli qürurunun, tarixi yaddaşının bərpası və yeni reallıqların yaradılması kimi qızıl misralarla yazıldı.
Müharibədən sonrakı mərhələdə Azərbaycanın regional sülh təşəbbüsləri, əməkdaşlıq çağırışları və kommunikasiya layihələri siyasi dialoq fəlsəfəsinin yeni mərhələyə yüksəldiyini nümayiş etdirir. Bu yanaşmanın ümumi xarakteristikasını müəyyən etsək, belə bir tezisin aktuallığı özünü təsdiq etmiş olur: Azərbaycan qarşıdurmadan yeni daha mobil dialoq və əməkdaşlığa keçid modelinin formalaşmasını həyata keçirir və bu yolda israrlıdır. Bu isə onu təsdiq edir ki, Milli Qurtuluş Azərbaycanın dövlətçilik tarixində sadəcə siyasi hakimiyyət dəyişikliyi deyil, milli özünüdərk, dövlətçilik şüurunun bərpası və sabit inkişaf modelinin formalaşması, Modern və Müstəqil Azərbaycanın dünyada özünü təsdiqi, mübarizə əzminin atılış mərhələsidir. Nəzəri anlamda bu tarixi proses dövlətin özünü qoruma instinktinin siyasi rasionallıqla uzlaşdırılmasının uğurlu nümunəsi kimi qiymətləndirilir. Nəticə olaraq qeyd edək ki, elmi-fəlsəfi baxımdan 15 İyun 1993-cü il Azərbaycan tarixində xaosdan nizama, qeyri-müəyyənlikdən strateji inkişaf mərhələsinə böyük Gələcəyə ümidin, keçidi ifadə edən tarixin dönüş nöqtəsidir. Sonrakı dövrlərdə əldə olunmuş siyasi sabitlik, iqtisadi inkişaf, beynəlxalq nüfuzun artması və ərazi bütövlüyünün bərpası Suverenliyin təmin olunması həmin strateji kursun məntiqi nəticəsi kimi özünü təsdiq etdi və bu reallıqlar kontekstində hazırda Azərbaycan regional tendensiyanın aparıcı qüvvəsi kimi bütün dünyada qəbul olunur.
Şölət Zeynalov
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent. YAP Yasamal rayon AMEA
Fəlsəfə və Sosiologiya İnstitutU üzrə ərazi partiya təşkilatının sədri