PDF Oxu

Siyasət

  • 928

15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın xilasından zəfərə uzanan yol... - ŞƏRH

image

Tarixdə elə günlər var ki, onların əhəmiyyəti bütöv bir dövrün yaddaşında qalır. Xalqın taleyini dəyişir, dövlətin gələcəyini müəyyənləşdirir və sabaha aparan yolları nurlandırır. Azərbaycan xalqının taleyində pozulmaz möhürü olan belə tarixi günlərdən biri də 1997-ci ildən etibarən parlamentin qərarı ilə “Qurtuluş Günü”rəsmi bayram kimi qeyd edilən 15 İyun -Milli Qurtuluş Günüdür.

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyinin yeni nəfəs aldığı, xalqın gələcəyə ümidlərinin yenidən dirçəldiyi və ölkənin inkişaf yolunun əsasının qoyulduğu Milli Qurtuluş Günündən düz bir qərinə - 33 il ötür. Bir insan ömrü üçün az görünə bilər, lakin dövlətçilik tarixində bu 33 il Azərbaycanın uçurumun kənarından regionun lider dövlətinə çevrilməsinin salnaməsidir. Bu gün varlığı ilə qürur duyduğumuz müstəqil, güclü və qalib Azərbaycan məhz 1993-cü ilin iyununda verilmiş taleyüklü qərarların sayəsində formalaşıb.
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan çox ağır və mürəkkəb sınaqlarla üzləşmişdi. Ermənistanın hərbi təcavüzü genişlənir, torpaqlarımız işğal olunurdu. Ölkə daxilində siyasi təbəddülatlar, hakimiyyət böhranı, iqtisadi tənəzzül hökm sürürdü. Dövlət idarəçiliyində pərakəndəlik yaranmış, vətəndaş müharibəsi təhlükəsi real xarakter almışdı. 1993-cü ilin iyununda baş verən Gəncə hadisələri də Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Şimallı havadarlarının fitvasına uyan qiyamçı polkovnik Surət Hüseynov, necə deyərlər, millilik surətini itirərək, 1992-ci ilin oktyabrında ona Milli Qəhrəman adı vermiş Xalq cəbhəsi-Müsavat cütlüyünün hakimiyyətini devirmək istəyirdi. Çünki Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Bu üzdən də Surətin Gəncədəki 709 saylı hərbi hissəsi dövlət çevrilişi cəhdində bulunurdu.
Dövlət və hökumət isə Bakıda siyasi “nokdaun” vəziyyətinə düşərək, başını itirmişdi. Həmin günlərdə xalq yaxşı anlayırdı ki, ölkəni bu ağır vəziyyətdən yalnız böyük dövlətçilik təcrübəsinə malik, xalqın inandığı qətiyyətli lider xilas edə bilər. Məhz buna görə də milyonlarla insanın ümid ünvanı Naxçıvanda yaşayan Heydər Əliyev oldu. Xalqın təkidi ilə Bakıya gələn Ulu öndər iyunun 10-da Gəncəyə gedərək şəxsi həyatını təhlükəyə atmaqdan çəkinmədi, 709 saylı hərbi hissənin döyüş meydanına çevrilmiş ərazisinə baş çəkdi, şəhər sakinləri və hərbi qulluqçularla görüşüb söhbət etdi, yaranmış vəziyyəti onlarla birlikdə təhlil etdi. Tezliklə zəncir çeynəyən “ərköyün” polkovnik Surət Hüseynovun silahlı qiyamçılarını ram edə bildi.
1993-cü il iyunun 15-də isə Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkənin taleyüklü ictimai-siyasi həyatında əsl dönüş nöqtəsinə çevrildi. Həmin gün dahi şəxsiyyətin parlament tribunasından səsləndirdiyi fikirlər bu gün də öz aktuallığını qoruyur: "Mənə bu gün böyük etimad göstərdiyinə görə Milli Məclisin üzvlərinə, Azərbaycanın Ali Sovetinə minnətdarlığımı bildirirəm və sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm..."
Bəli, bu çıxış, əslində, adi siyasi bəyanat deyildi. Bu, Azərbaycan dövlətçiliyinin xilası naminə götürülmüş tarixi öhdəlik idi. Qurtuluş vədi idi. Heydər Əliyev həmin nitqində Azərbaycanın dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi və inkişaf etdirməyi özünün əsas vəzifəsi elan etdi. Sonrakı illərdə baş verən hadisələr göstərdi ki, Ulu öndər dediyi hər bir sözün arxasında mərdanə dayanmağa qadir liderdir. Xalqa güvənən Heydər Əliyevin xalqın yaddaşında əbədi yaşayan məşhur fikirlərindən biri belədir: "Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır."
Bu sözlər sonradan həyata keçirilən bütün siyasi kursun əsas mahiyyətini təşkil etdi. Azərbaycanın müstəqilliyinin qorunması, dövlət institutlarının formalaşdırılması, nizami ordu quruculuğu, möhkəm zəmin üzərində iqtisadi dirçəlişin təmin olunması, beynəlxalq əlaqələrin yaradılması və ölkənin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi məhz bu amalın nəticəsi idi. Bu gün Azərbaycanın əldə etdiyi uğurların təməlində həmin dövrdə həyata keçirilən uzaqgörən siyasət dayanır.
Azərbaycan xalqı Heydər Əliyevi təsadüfən xilaskar adlandırmır. Çünki 1993-cü ildə ölkənin üzləşdiyi təhlükələr təkcə siyasi hakimiyyət böhranı ilə məhdudlaşmırdı. Dövlətin parçalanması, vətəndaş qarşıdurması, müstəqilliyin itirilməsi təhlükəsi getdikcə daha da artırdı. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik bərpa olundu. Qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, dövlət idarəçiliyi möhkəmləndirildi, hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmağa başladı. Məhz buna görə də 15 İyunu xalqımız təkcə qurtuluş günü kimi yox, həm də xilas günü kimi sayğılarla xatırlayır.
Ulu Öndərin həyata keçirdiyi tarixi missiyanın misilsiz uğurunu şərtləndirən üç əsas amil vardı. Birincisi, xalqın Heydər Əliyevə olan sarsılmaz inamı və etimadı idi. Azərbaycan xalqı ən çətin məqamda öz liderinin ətrafında birləşməyi bacardı. İkincisi, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, siyasi müdrikliyi, idarəçilik təcrübəsi və qətiyyəti idi. O, baş verən hadisələri düzgün qiymətləndirə bilir, ölkənin gələcək inkişaf istiqamətlərini uzaqgörənliklə müəyyənləşdirirdi. Üçüncüsü isə onun Vətənə və xalqa olan sonsuz sevgisi idi. Heydər Əliyevin bütün fəaliyyəti Azərbaycanın rifahına və inkişafına xidmət edib. Bu üç amilin vəhdəti Azərbaycanı ağır böhrandan çıxararaq inkişaf yoluna gətirdi.
Milli Qurtuluşdan sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Siyasi sabitlik bərpa edildi, iqtisadi islahatlara başlanıldı, xarici siyasətdə milli maraqlara əsaslanan xətt formalaşdırıldı. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ölkənin inkişaf tarixində yeni səhifə açdı. Sonrakı illərdə həyata keçirilən neft strategiyası Azərbaycanın maliyyə imkanlarını artırdı, Cənubi Qafqazın söz sahibi olan aparıcı dövlətinə çevirdi.
Ulu Öndərin həyat və fəaliyyətinin əsas məqsədi güclü Azərbaycan dövləti qurmaq idi. Onun ən böyük arzularından biri torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpası idi. Bu tarixi gün üçün zəruri zəmin yaratsa da, təəssüf ki, Ümummilli lider bu tarixi günü görmədi. Lakin onun müəyyənləşdirdiyi siyasi kurs layiqincə davam etdirildi. Layiqli siyasi varisin - Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə Vətən müharibəsində tarixi Qələbə qazandı. 2023-cü ildə isə ölkəmizin dövlət suverenliyi tam bərpa edildi. Beləliklə, Ulu Öndərin ən böyük arzusu gerçəyə çevrildi. Əlbəttə, böyük fəxrlə qeyd edə bilərik ki, bu günkü Azərbaycan - Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Bu gün Azərbaycan dünyanın nüfuzlu dövlətləri ilə bərabərhüquqlu münasibətlər quran, beynəlxalq layihələrə rəhbərlik edən, güclü iqtisadiyyata və qüdrətli orduya malik dövlətdir. Azərbaycan öz tarixinin ən qüdrətli, ən sürətli yüksəliş dövrünü yaşayır. Məhz buna görə də haqlı olaraq deyilir ki, müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir.
Prezident İlham Əliyevin dediyi kimi: "Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi". Bu fikir 15 İyunun mahiyyətini ən dolğun şəkildə ifadə edir. Doğrudan da, əgər 1993-cü ilin iyununda xalqın tələbi ilə Heydər Əliyev siyasi hakimiyyətə qayıtmasaydı, bu günkü güclü və qalib Azərbaycan haqqında danışmaq mümkün olmazdı.
Milli Qurtuluş Günü Azərbaycanın müstəqilliyinin xilası, dövlətçiliyimizin qurtuluşu və gələcək uğurlarımızın başlanğıcıdır. Bu şərəfli tarixdən bizi artıq 33 il ayırsa da, həmin günün əhəmiyyəti zaman keçdikcə daha aydın görünür. Çünki 15 İyun keçmişimizlə bərabər, həm də bu günümüzün və gələcəyimizin təməlidir. Azərbaycan xalqı isə öz xilas gününü, dövlətçiliyini qoruyan və gələcəyə aparan böyük şəxsiyyətin – Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini daim ehtiramla yad edir.

Samir Qurbanov
YAP Biləsuvar rayon təşkilatının fəalı, ARB televiziyasının bölgə müxbiri, AJB-nin üzvü

Digər xəbərlər