2021-ci il iyunun 15-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin milli qurtuluş missiyasının başlanmasının ildönümündə, işğaldan azad edilmiş və türk dünyasının mədəniyyət beşiyi olan Şuşada imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki ölkə arasındakı münasibətləri “strateji tərəfdaşlıq” statusundan çıxarıb rəsmi müttəfiqlik səviyyəsinə ucaltdı. Tarixi irs olaraq Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsini hüquqi müstəvidə rəsmiləşdirən Şuşa Bəyannaməsinin giriş hissəsində 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə edilən birbaşa istinad dərin tarixi yaddaşa və beynəlxalq hüquqi varisliyə əsaslanır. Bu baxımdan, Müttəfiqlik Bəyannaməsi sadəcə iki qardaş dövlətin rəsmi sənədi deyil; o, regionun geosiyasi arxitekturasını yenidən müəyyən edən, hərbi-strateji balans yaradan və iqtisadi inteqrasiyanı zirvəyə daşıyan tarixi bir doktrinadır.
Qeyd edildiyi kimi, Şuşa Bəyannaməsinin fəlsəfi-ideoloji nüvəsini iki dövlətin qurucu liderləri olmuş dahi şəxsiyyətlərin zamanı qabaqlayan zəkası təşkil edir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyev XXI əsrdə Msutafa Kamal Atatürkün və Heydər Əliyevin milli zərb-məsələ çevrilmiş fikirlərinin rəsmi bəyannamə mətninə daxil edilməsini əcdadların ruhu qarşısında mənəvi hesabatlılıq və gələcək nəsillər üçün dəyişməz bir milli fəaliyyət trayektoriyası kimi qiymətləndirir: “Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.
1921-ci ildə imzalanan Qars müqaviləsindən bir əsr sonra eyni coğrafiyada imzalanan Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı birlikdə regionun təhlükəsizliyində əsas rol və söz sahibi mövqeyinə sahib çıxan dövlətlərə çevirir. Ççətin geopolitik şərtlər altında Naxçıvanın təhlükəsizliyini və statusunu qoruyan Qars müqaviləsi düz 100 il sonra Şuşa Bəyannaməsi ilə daha da genişləndirildi. Prezident İlham Əliyevin imzalanma mərasimində etdiyi çıxışda səsləndirdiyi bu fikirlər əslində bir əsr əvvəl başlanmış tarixi missiyanın tamamlandığının bəyanı kimi qəbul edilməlidir: “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz yüz il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”.
Bu istinad beynəlxalq hüquq müstəvisində dünyaya açıq mesaj verir: Türkiyə və Azərbaycan regionda sərhədlərin toxunulmazlığının və hüquqi müqavilələrin əbədi qarantıdırlar. Qars müqaviləsi ilə Azərbaycanın parçalanıb qoparılmaq istənilən bir hissəsini (Naxçıvanı) qorumaq öhdəliyi götürən Türkiyə Şuşa Bəyannaməsi ilə bu öhdəliyi müasir şərtlər daxilində bütün Azərbaycan ərazisinə şamil edir. Sənədin Bakı və ya Ankarada deyil, məhz 30 illik erməni işğalından qurtulmuş Şuşada imzalanması yalnız ermənilər deyil, həm də onların beynəlxalq müstəvidəki bütün havadarları üçün açıq “qırmızı xətt” mahiyyətində ismarış idi: Azərbaycanın ərazi bütövlüyü, Qarabağın statusu və bölgənin gələcək taleyi müzakirə mövzusu ola bilməz! Başqa sözlə, Bəyannamədə Qars müqaviləsinə edilən birbaşa istinad regionda bu gün Vətən müharibəsi nəticəsində yaradılmış hüquqi və siyasi-coğrafi status-kvonun qorunmasında sarsılmaz varisliyin nümayişidir.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın müstəqil xarici siyasət prinsiplərini bəyan edən mətndə, eyni zamanda, iki dövlət qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərdə birlikdə fəaliyyət göstərmək öhdəliyi də götürürlər: “Tərəflər öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirirlər… Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər”. Ümumiyyətlə, Bəyannamədə müttəfiqlik münasibətlərinin nizamlanmasının nəzərdəı tutulduğu bütün sahə və istiqamətlərdə qarşılıqlılıq, bərabərhüquqluluq prinsipləri əsas xətt kimi diqqəti cəlb edir.
İki qardaş dövlət ilk növbədə 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində qazandığı böyük Zəfəri özlərinin, Türk Dövlətləri Təşkilatının qurucu və lider dövlətləri olduğunu nəzərə alsaq, eyni zamanda bütövlükdə türk dünyasının ortaq zəfəri kimi qəbul etdiklərini bəyan edirlər: “Tərəflər fəxarət hissi ilə bildirirlər ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində qələbə qazanaraq Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu, torpaqlarını işğaldan azad etdi, tarixi ədalətin zəfər çalmasını və beynəlxalq hüququn bərpa olunmasını təmin etdi”. Bu, Bəyannamənin eyni zamanda sadəcə iki ölkənin daxili işi deyil, qlobal güclərə və xüsusilə bölgədəki revanşist dairələrə yönəlmiş proaktiv hüquqi sipər olduğuna işarədir. Bu qənaət özünü daha açıq şəkildə sənədin ən mühüm bəndi olaraq qəbul edilən – üçüncü tərəfdən hər hansı təcavüz və ya hərbi təhdid olarsa, tərəflərin birgə məsləhətləşmələr apararaq bir-birinə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun hərbi yardım göstərməsi müddəasında göstərir, belə ki, tərəflər “bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.
Şübhəsiz ki, Vətən müharibəsinin uğurla başa çatmasından cəmi yeddi ay sonra imzalanmış Şuşa Bəyannaməsinin ən kritik və qlobal ekspertlərin diqqətini çəkən bəndi olan hərbi yardımla bağlı müddəa ilk növbədə Ermənistandakı revanşist qüvvələrə və onları silahlandıran yaxın və uzaq xarici havadarlara aşkar xəbərdarlıq mahiyyətindədir: açıq bəyan olunur ki, Azərbaycana qarşı edilən hər hansı bir hərbi təxribat birbaşa Türkiyəyə qarşı edilmiş sayılacaqdır. Başqa sözlə, sənəd öz konvensional hərbi gücünə görə Avropanın və NATO-nun ikinci ən böyük, dünyanın isə ilk onluqda təmsil olunan ordusunun müdafiə çətirini rəsmi olaraq Qarabağa və bütün Azərbaycan sərhədlərinə gətirmiş oldu. Beynəlxalq hüquq normalarına (BMT Nizamnaməsində təsbit olunmuş fərdi və ya kollektiv özünümüdafiə hüququ) tam uyğun şəkildə tənzimlənən bu bənd, eyni zamanda NATO nizamnaməsinin məşhur 5-ci maddəsinin fəlsəfəsini xatırladır. Bu, hər hansı bir dövlətin Azərbaycana qarşı təcavüz fikrini elə plan mərhələsindəcə sarsıdan güclü bir çəkindirmə mexanizmidir.
Şuşa Bəyannaməsi müttəfiqlərin milli təhlükəsizlik, o cümlədən iki dövlətin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərində fəal əməkdaşlığını nəzərdə tutur ki, ictimaiyyət sənədin imzalanmasından ötən 5 il ərzində iki dövlət rəsmilərinin bu sahədə zərurət yarandıqca kifayət qədər intensiv məsləhətləşmələr həyata keçirdiklərini artıq müşahidə etmişlər.
Sənəddə yer alan silahlı qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti, müştərək qabiliyyətlərin inkişaf etdirilməsi və “birgə istehsalat işlərinin həyata keçirilməsi ilə bağlı müddəalar faktiki olaraq Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarının ən mükəmməl təzahürlərindən biri olan Türk ordu modelinə keçidi iradəsini tam ortaya qoyur. Bu inteqrasiya kompleks şəkildə hava, dəniz, kosmos və kiber təhlükəsizlik sahələrini əhatə edir. Bundan başqa, kosmos, kiber təhlükəsizlik və birgə müdafiə sənayesi sahəsində müştərək istehsal münasibətlərinin qurulması (məsələn, pilotsuz uçuş aparatlarının rəsmi birgə istehsalı layihələri) iqtisadiyyatın yüksək texnoloji (Sənaye 4.0) sahələrinə milyardlarla vəsaitin daxil olmasına təkan verir.
Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi hər iki dövlətin Şuşa Bəyannaməsində əks olunan bütün sahələr üzrə, o cümlədən iqtisadi potensialının birtərəfli deyil, qarşılıqlı inteqrasiya və sinergiya prinsipləri əsasında sintezini təmin edir, regionun gələcək loqistik və iqtisadi xəritəsini də tənzimləyir. Sənəddə ilk dəfə olaraq Zəngəzur dəhlizinin açılması və onun davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisi beynəlxalq sənəd səviyyəsində rəsmiləşdirilib və regional nəqliyyat infrastrukturunun əsas prioriteti kimi təsbit olunub. Bu dəhliz sadəcə iki ölkəni birləşdirmir, həm də Şərq-Qərb, Orta Dəhliz beynəlxalq nəqliyyat marşrutunun effektivliyini artıraraq qlobal ticarət zəncirini yenidən formalaşdırır, Çindən Avropaya qədər uzanan nəhəng tranzit şəbəkəsinin mərkəzində dayanan Azərbaycanı və Türkiyəni qlobal ticarətin vazkeçilməz qovşağına çevirir. Digər tərəfdən, Cənub Qaz Dəhlizinin (TANAP və TAP layihələri) səmərəli istifadəsi və genişləndirilməsi öhdəliyi iki ölkənin həm də Avropanın enerji təhlükəsizliyində əvəzolunmaz strateji tərəfdaşlar olduğunu bəyan edir, qitənin enerji diversifikasiyasının vacib istiqaməti kimi Azərbaycan-Türkiyə tandeminin geosiyasi çəkisini artırır.
Bəyannamə dövlətlərin mülki cəmiyyət, media və diaspor səviyyəsində də vahid, sıx əlaqələndirilmiş mövqedən hərəkət etməsini qanuniləşdirir. Dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən Azərbaycan və türk diasporlarının ortaq problemlərə qarşı birlikdə çıxış etməsi, xüsusilə Ermənistanın və xaricdəki erməni lobbisinin 1915-ci il hadisələri ilə bağlı uydurma iddialarına və tarixi təhrif etmə cəhdlərinə qarşı arxivlərin açılması tələbini dəstəkləmək sənədin ideoloji-hüquqi cəbhəsini formalaşdırır. II Qarabağ müharibəsində informasiya müharibəsinin nə dərəcədə önəmli olduğu aydın şəkildə ortaya çıxdığından tərəflər 2020-ci il dekabrın 10-da imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na uyğun olaraq təsis olunmuş Azərbaycan-Türkiyə Media Platforması müstəvisində informasiya, kommunikasiya və ictimai diplomatiya sahələrində əməkdaşlığı daha da gücləndirmək iradəsini ifadə etmişlər.
Şuşa Bəyannaməsi iki qardaş dövlət arasında münasibətlərin bütün spektri üzrə əməkdaşlığı müttəfiqlik səviyyəsində rəsmiləşdirir. Qeyd edilən sahələrdən başqa sənəddə parlamentlərarası əməkdaşlığın, müştərək milli dəyərlərin, tarixi və mədəni irslərin qorunması, bütövlükdə türk dünyasının birliyi və rifahı, Türk mədəni irsinin qlobal müstəvidə təbliği və təşviqi ilə bağlı səylərin artırılması istiqamətində birgə fəaliyyətin, humanitar, sosial müdafiə, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində əlaqələrin daha da dərinləşdirilməsinin nəzərdə tutulması Bəyannaməni Azərbaycan-Türkiyə münasibətlərinin zirvə sənədi kimi xarakterizə etməyə tam əsas verir. Şəxsiyyət vəsiqəsi ilə iki ölkə vətəndaşlarının qarşılıqlı səyahət və yaşamaq hüququnun asanlaşdırılması “Bir millət” fəlsəfəsinin sosioloji olaraq cəmiyyətlərin daxilinə tam sirayət etməsini təmin edir.
Diqqəti cəlb edən daha bir maraqlı cəhət budur ki, Şuşa Bəyannaməsi iki dövlət arasında imzalansa da, tərəflər sənədin qlobal əhəmiyyətinə və bəşəri dəyərlərə töhfə kimi nəzərdən keçirilməsinə əsas verən müddəa ilə də çıxış etmişlər. Belə ki, regional və beynəlxalq sabitliyə və təhlükəsizliyə təhdid və çağırışlara (terrorçuluğa, kütləvi qırğın silahlarının yayılmasına, mütəşəkkil cinayətkarlığa, çirkli pulların yuyulmasına, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə, qanunsuz miqrasiyaya) qarşı mübarizə sahəsində birgə səyləri və əməkdaşlığı dərinləşdirməklə, “Türkiyə ilə Azərbaycan arasında əlaqələrin mövcud səviyyəsinin ümumi regional və beynəlxalq sülh və rifaha töhfə verdiyini, əlaqələrin, sadəcə, iki ölkəyə deyil, eyni zamanda, regiona sülh və rifah gətirərək başda region ölkələri olmaqla beynəlxalq birliyin sabitlik, sülh və maraqlarına xidmət edəcəyini vurğulayırlar”.
Beləliklə, Şuşa Bəyannaməsi – 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin ortaya çıxardığı ikitərəfli əməkdaşlığın, müttəfiqliyin, qarşılıqlı təhlükəsizliklə bağlı öhdəliyin hüquqi və strateji sığortasıdır. Bu sənəd, üçüncü ölkələrə qarşı yönəlmədiyini bəyan etməklə yanaşı, Cənubi Qafqazda güc balansını tamamilə dəyişir və Türk dünyasının (Türk Dövlətləri Təşkilatının) gələcək inteqrasiya modelləri üçün mükəmməl bir yol xəritəsi rolunu oynayır. Bəyannamə ilə Azərbaycan və Türkiyə artıq sadəcə dost və qardaş deyil, taleləri və gələcəkləri hüquqi baxımdan da bir-birinə bağlanmış müttəfiqlərdir. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, Şuşa Bəyannaməsi həm əcdadlarımıza sadiqliyin təntənəsidir, həm də gələcək nəsillərə yol göstərən strateji kompasdır. Eyni zamanda, sənəd Türk dünyasının vahid geopolitik güc mərkəzi kimi (Türk Dövlətləri Təşkilatı) qlobal arenaya çıxmasının institusional təməl daşıdır.
Elman Cəfərli
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent