PDF Oxu

Siyasət

  • 499

Bəyannamə ölkəmizin beynəlxalq nüfuzunu artırır

image

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci ilin iyun ayında Azərbaycana səfəri və Şuşanı ziyarət etməsi çox mühüm tarixi hadisə ilə yadda qaldı. Belə ki, iyunun 15-də burada iki ölkə arasında Şuşa Bəyannaməsi imzalandı. Bəyannamədə bir sıra qarşılıqlı məsələlər, gələcək əməkdaşlığın yol xəritəsi əks olunub. Xüsusilə sənəddə yer alan iki məsələ diqqət çəkir. Bunlardan birincisi odur ki, hər iki ölkə bir-birlərinin təhlükəsizliyinin təminatı üçün BMT Nizamnaməsinə uyğun qarşılıqlı öhdəlik götürdülər. İkincisi isə Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması istiqamətində birgə iş birliyi oldu.
Bəli, Azərbaycan-Türkiyə əməkdaşlığı bütün müstəvilərdə yüksələn xətlə inkişaf etdir. Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbədən sonra bölgədə yeni reallıq yaranıb. Nüfuzlu beynəlxalq təşkilatlar, ölkələr də bu reallığı qəbul edir. İmzalanmış Şuşa Bəyannaməsi də bölgədə Azərbaycan-Türkiyə qardaşlığının yaratdığı reallığın nəticəsidir. Bəyannamə tərəflərin gələcək əməkdaşlığı üçün yol xəritəsi rolunu da oynayır.
Şuşa bəyannaməsinin Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəd olan Qars müqaviləsinin imzalanmasının 100-cü ildönümündə imzalanması təsadüfi deyildi. 100 il öncə beynəlxalq güclərin bölgədə mövqe toqquşmasının intensivləşdiyi bir vaxtda Türkiyə Qars müqaviləsi ilə Naxçıvanın təhlükəsizliyinə qarant dövlətə çevrildi. Bugün bölgədə yenə də eyni siyasi atmosfer mövcud olsa da, bugünkü günün şərtlərini həmin dövrdən fərqləndirən başlıca xüsusiyyət Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və bölgədə sözsahibi olan dövlətə çevrilməsiylə bağlıdır.
Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyini nümayiş etdiriblər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun çəkən müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi olmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”. Qardaşlıq əlaqələri iki xalqın əbədiyaşar liderlərinin kəlamlarına da yansımışdır. Türkiyə dövlətinin tarixi şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri olduğunu bildirmişdir.
Ulu öndər Heydər Əliyev isə “Bir millət iki dövlət, Azərbaycan-Türkiyə” şüarını tarixə yazmışdır. Şuşa bəyannaməsi, iki ölkənin hərbi sahədə əməkdaşlığı yalnız Azərbaycan ordusunun gücləndirilməsini deyil, eyni zamanda regionda sülhün təminatı, ortaq gücün yaradılması yolu ilə milli məsələlərin həllini özündə ehtiva edir. İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan yeni siyasi arxitekturada Türkiyə Azərbaycan hərbi əməkdaşlığının rolu əhəmiyyətli dərəcədə böyükdür.
Diqqətçəkən məqam ondan ibarətdir ki, bəyannamənin ratifikasiyası da təsadüfi vaxta təyin edilmədi. Bir neçə gün öncə Rusiyanın NATO-a göndərdiyi təhlükəsizliyinin təminatı ilə bağlı tələblərdə keçmiş sovet ölkələrində hərbi qüvvələrin yerləşdirilməməsindən əlavə, hərbi əməkdaşlığın da qurulmaması tələbi yer almışdır. Bu müddəanın NATO tərəfindən qəbulu Türkiyə Azərbaycan arasında hərbi əməkdaşlığı da kölgə altına ala bilərdi ki, bütün bu təhdidlərin qarşısının öncədən alınması baxımından bəyannamənin imzalanamsı və ratifikasiyası olduqca əhəmiyyətli və geosiyasi baxımdan uğurludur.
Yaşasın sarsılmaz Türkiyə-Azərbaycan qardaşlığı!
Vüqar İsmayılov
YAP Xocalı rayon təşkilatının əməkdaşı

Digər xəbərlər