Azərbaycan xalqının çoxəsrlik zəngin və şərəfli tarixi möhtəşəm mübarizələr, milli oyanışlar və istiqlal idealları ilə zəncirvari şəkildə bağlıdır. Bu tarixin hər bir səhifəsi, xalqımızın öz mənliyini qoruması, azadlıq və müstəqillik uğrunda apardığı mücadilənin silinməz izlərini yaşatmaqdadır. Ulu Öndər Heydər Əliyev böyük uzaqgörənliklə vurğulamışdır ki, milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin ayrılmaz və tərkib hissəsidir. Çünki mətbuat sadəcə baş verən hadisələrin salnaməsini tutan bir vasitə olmamış, eyni zamanda milli şüurun formalaşmasında, xalqın öz soykökünə, dilinə və mədəniyyətinə sahib çıxmasında fundamental dayaq rolunu oynamışdır.
XIX əsrin ikinci yarısında, Rusiya imperiyasının müstəmləkəçilik siyasətinin və rejiminin ən ağır dövrlərində Azərbaycan ziyalıları xalqın xilası yolunu onun maariflənməsində, qəflət yuxusundan oyanmasında görürdülər. Məhz belə bir tarixi zərurətdən doğan fundamental addım 1875-ci il iyulun 22-də böyük mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin nəşrə başlaması oldu. “Əkinçi” qəzeti təkcə ana dilində çıxan ilk mətbuat orqanı deyil, həm də xalqın özünüdərk prosesinin rəsmi başlanğıcı idi. Qəzet cəhalətə, xurafata və savadsızlığa qarşı amansız bir müharibə elan edərək, insanlara elmin, təhsilin və tərəqqinin əhəmiyyətini aşılayırdı. Həsən bəy Zərdabi və onun ətrafında sıx birləşən mütərəqqi ziyalılar mətbuatın gücündən istifadə edərək xalqa öz hüquqlarını anlamağı, milli kimliyini dərk etməyi öyrədirdilər. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya və müstəqillik uğrunda mücadilə dərslərini biz məhz milli mətbuatımızın bu ilk çırpıntılarından, onun cəsarətli və səmimi sətirlərindən öyrənməyə başladıq.
“Əkinçi”nin əkdiyi maarifçilik toxumları qısa müddətdə ölkənin hər tərəfində öz bəhrəsini verməyə başladı. Ondan sonra işıq üzü görən “Ziya”, “Kəşkül”, “Kaspi” və xüsusilə XX əsrin əvvəllərində nəşr edilən “Şərqi-Rus”, “Həyat”, “İrşad”, “Füyuzat” kimi mətbuat orqanları milli ideologiyanın formalaşmasında misilsiz xidmətlər göstərdilər. Bu dövrdə mətbuat artıq sadəcə savadsızlıqla mübarizə aparmır, eyni zamanda siyasi tələblərlə çıxış edir, millətin muxtariyyət və azadlıq hüquqlarını cəsarətlə müdafiə edirdi. Cəlil Məmmədquluzadənin rəhbərliyi ilə fəaliyyətə başlayan “Molla Nəsrəddin” jurnalı isə satira atəşi ilə cəmiyyətdəki eybəcərlikləri, milli inkişafa mane olan qüvvələri ifşa edərək, xalqın azadlıq eşqini daha da alovlandırırdı. Mətbuatın bu dövrdə keçdiyi təkamül yolu, Azərbaycan insanının təfəkküründə köklü deyişiklərə səbəb oldu və xalqı addım-addım öz tarixi müstəqilliyinə doğru sürüklədi.
Milli mətbuatımızın yetirdiyi bu böyük ideoloji zəmin 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə nəticələndi. Cümhuriyyət dövründə Azərbaycan mətbuatı özünün ən şərəfli və azad inkişaf mərhələsinə qədəm qoydu. Rəsmi dövlət qəzeti olan “Azərbaycan” başda olmaqla, “İstiqlal”, “Açıq söz” və digər çoxsaylı nəşrlər gənc respublikanın müstəqillik ideyalarını xalqa çatdırır, milli ordunun qurulmasını, dövlətçilik institutlarının möhkəmləndirilməsini təbliğ edirdi. Həmin dövrdə senzuranın tamamilə ləğv edilməsi, söz və fikir azadlığının təmin olunması mətbuatı milli dövlət quruculuğunun ən fəal iştirakçısına çevirdi. İstiqlal dövrünün mətbuatı sübut etdi ki, azad söz olmadan azad dövlət qurmaq və onu qorumaq qeyri-mümkündür. Cümhuriyyətin ömrü qısa olsa da, onun mətbuat vasitəsilə beyinlərə qazdığı müstəqillik və azadlıq ideyaları heç vaxt silinmədi.
Azərbaycanın sovet imperiyasının tərkibinə daxil edilməsindən sonra mətbuat çox sərt və amansız bir ideoloji senzura ilə üz-üzə qaldı. Sovet rejiminin tətbiq etdiyi totalitar nəzarət və “Qlavlit” kimi senzura orqanları azad fikrin qarşısını almağa çalışsa da, Azərbaycan mətbuatı və ziyalıları öz milli ruhunu tamamilə itirmədi. Müxtəlif dövrlərdə nəşr olunan ədəbi-bədii jurnallar, elmi məcmulər və qəzetlər sətiraltı mənalarla, rəmzlərlə və yüksək bədii dillə xalqın milli yaddaşını, ana dilinin saflığını və tarixi keçmişini qorumaq üçün böyük fədakarlıqlar göstərdilər. Məhz bu gizli müqavimət və milli ruhun qorunub saxlanması sayəsində 1980-ci illərin sonlarında başlayan xalq hərəkatı zamanı mətbuat yenidən meydanlara atıldı, azadlıq və istiqlaliyyət uğrunda mübarizənin əsas tribunasına, xalqın hayqıran səsinə çevrildi.
Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdikdən sonra dövlətçiliyimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi, milli mətbuatın inkişafında da köklü və tarixi bir dönüş mərhələsi başladı. Ulu Öndər mətbuatın cəmiyyətdəki demokratik rolunu hər zaman yüksək qiymətləndirirdi və onun rəhbərliyi ilə bu sahədə fundamental islahatlar həyata keçirildi. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli tarixi Fərmanı ilə Azərbaycanda mətbuat üzərindəki senzura rəsmən ləğv edildi. Bu cəsarətli və demokratik addım ölkədə söz, fikir və məlumat azadlığının təmin olunmasında, müstəqil medianın formalaşmasında yeni bir epoxanın başlanğıcı oldu. Dövlət tərəfindən qəzetlərin maddi-tekniki bazasının gücləndirilməsi, redaksiyaların borclarının silinməsi və jurnalistlərin sosial müdafiəsinin təmin edilməsi mətbuata göstərilən ali diqqətin bariz nümunəsi idi.
Bu gün ulu öndərin əsasını qoyduğu mətbuat siyasəti və azad söz prinsipləri Prezident İlham Əliyev tərəfindən uğurla və böyük qətiyyətlə davam etdirilir. Müasir dövrdə Azərbaycan mətbuatı qloballaşmanın və rəqəmsal transformasiyaların gətirdiyi yeni çağırışlara uyğun olaraq inkişaf edir, elektron media və sosial şəbəkələr fonunda öz qabaqcıl mövqeyini qoruyub saxlayır. Xüsusilə Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə Azərbaycan jurnalistikası informasiya cəbhəsində böyük rəşadət göstərərək, ölkəmizin haqq səsini, tarixi zəfərini dünyaya çatdırmaqda, erməni yalanlarını və dezinformasiyalarını ifşa etməkdə misilsiz rol oynamışdır. Müasir media subyektləri dövlət maraqlarının qorunması, cəmiyyətin obyektiv informasiya ilə təmin olunması və milli-mənəvi dəyərlərin gənc nəsillərə ötürülməsi missiyasını böyük məsuliyyətlə yerinə yetirir.
Yekun olaraq qeyd etmək lazımdır ki, “Əkinçi” qəzeti ilə təməli qoyulan və əsrlərin sınağından keçərək bu günə qədər gəlib çatan milli mətbuatımız, Azərbaycan xalqının istiqlal və azadlıq mücadiləsinin ən sadiq şahidi və iştirakçısıdır. Biz keçmişimizi, milli oyanış dərslərimizi, dövlətçilik ənənələrimizi məhz mətbuatımızın saralmış, lakin mənəviyyatla zəngin səhifələrindən öyrənmişik. Bu tarixi irsi qoruyub saxlamaq, onu daha da zənginləşdirərək gələcək nəsillərə ötürmək hər bir jurnalistin, hər bir ziyalının və bütövlükdə cəmiyyətimizin ən müqəddəs vəzifələrindən biridir. Çünki milli mətbuatımızın inkişafı, xalqımızın azadlıq və müstəqillik ideallarının əbədi və sarsılmaz olmasının ən böyük təminatıdır.
Kərimli Elvin
Yap Ordubad Rayon Təşkilatının əməkdaşı