1875-ci il iyulun 22-si Azərbaycan xalqının milli-mədəni inkişaf tarixində dönüş nöqtəsi kimi yadda qalan əlamətdar günlərdən biridir. Məhz həmin gün böyük maarifçi, publisist və ziyalı Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində ilk milli qəzet – "Əkinçi" nəşr olundu. Bu qəzet təkcə milli mətbuatımızın əsasını qoymadı, həm də xalqın maariflənməsi, milli özünüdərkin formalaşması, ana dilinin inkişafı və ictimai fikrin oyanışı istiqamətində yeni bir dövrün başlanğıcını qoydu. Cəmi 56 nömrəsi işıq üzü görməsinə baxmayaraq, "Əkinçi" milli jurnalistikanın ideoloji və peşəkar təməllərini yaratdı, Azərbaycan mətbuatını gələcəyə aparan möhkəm bir məktəb formalaşdırdı.
Həsən bəy Zərdabi yaxşı anlayırdı ki, xalqın tərəqqisinin ən mühüm şərtlərindən biri maariflənmə, doğru informasiya və sağlam ictimai fikirdir. Məhz buna görə də "Əkinçi" cəmiyyətin sosial problemlərini, elm və təhsilin əhəmiyyətini, kənd təsərrüfatının inkişafını, milli-mənəvi dəyərlərin qorunmasını və dövrün aktual məsələlərini sadə, anlaşıqlı dillə oxuculara çatdırırdı. Bu qəzet Azərbaycan xalqını düşünməyə, öyrənməyə, yeniliklərə açıq olmağa çağıran bir maarif tribunası idi.
"Əkinçi"nin yaratdığı ənənə sonrakı dövrlərdə "Ziya", "Kəşkül", "Həyat", "Füyuzat", "Molla Nəsrəddin", "İrşad", "Açıq söz" və digər mətbuat orqanları tərəfindən uğurla davam etdirildi. Bu nəşrlər xalqın milli kimliyinin möhkəmlənməsində, ana dilinin qorunub inkişaf etdirilməsində, milli istiqlal ideyalarının formalaşmasında və ictimai şüurun yüksəlməsində müstəsna rol oynadı. Azərbaycan mətbuatı zaman-zaman cəmiyyətin güzgüsü, xalqın vicdanı və milli düşüncənin əsas tribunası kimi çıxış edərək ölkənin ictimai-siyasi həyatında mühüm mövqe tutdu.
Azərbaycan milli mətbuatının dövlətçilik tarixində oynadığı mühüm rol Ulu Öndər Heydər Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. Ümummilli Lider qeyd edirdi: "Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. "Əkinçi"dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik." Bu dəyərli fikir bir daha göstərir ki, milli mətbuat təkcə informasiya mənbəyi deyil, həm də dövlətçilik düşüncəsinin, vətəndaş mövqeyinin və milli ideologiyanın formalaşdığı mühüm məktəbdir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli media yeni inkişaf mərhələsinə qədəm qoydu. Xüsusilə 1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasi və hüquqi islahatlar ölkədə söz və mətbuat azadlığının təmin olunmasına, demokratik media mühitinin formalaşmasına möhkəm zəmin yaratdı. 1998-ci ildə dövlət senzurasının ləğv edilməsi Azərbaycanın demokratik inkişaf tarixinin ən mühüm hadisələrindən biri oldu. Bu qərar medianın müstəqil fəaliyyət imkanlarını genişləndirdi, jurnalistikanın peşəkarlıq səviyyəsinin yüksəlməsinə və informasiya mühitinin sağlamlaşmasına güclü təkan verdi.
Müasir dövrdə bu strateji kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı dəfələrlə vurğulamışdır ki, cəmiyyətin operativ, obyektiv və dolğun informasiya ilə təmin olunması medianın əsas vəzifəsidir. Prezident İlham Əliyevin sözləri ilə desək: "Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməli, insanları məlumatlarla tam şəkildə təmin etməlidir." Bu yanaşma müasir Azərbaycan mediasının fəaliyyət prinsiplərini və qarşısında duran əsas vəzifələri aydın şəkildə müəyyən edir.
Hazırda Azərbaycan mediası təkcə xəbər istehsal edən platforma deyil, eyni zamanda milli maraqları qoruyan, dövlətçilik ideyalarını təbliğ edən, ictimai həmrəyliyi möhkəmləndirən və cəmiyyətin maariflənməsinə xidmət edən mühüm ictimai institut kimi fəaliyyət göstərir. Qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı və rəqəmsal transformasiya medianın məsuliyyətini daha da artırmışdır. İnformasiya müharibələrinin geniş vüsət aldığı müasir şəraitdə peşəkar jurnalistikanın üzərinə düşən vəzifələr əvvəlki dövrlərlə müqayisədə daha böyük əhəmiyyət kəsb edir.
Bunun ən bariz nümunəsi 44 günlük Vətən müharibəsi dövründə özünü göstərdi. Azərbaycan mediası informasiya cəbhəsində yüksək peşəkarlıq və vətənpərvərlik nümayiş etdirərək ölkəmizin haqq səsini dünya ictimaiyyətinə çatdırdı, erməni təbliğatının yaydığı saxta məlumatları faktlarla ifşa etdi və beynəlxalq informasiya məkanında həqiqətlərin yayılmasına mühüm töhfə verdi. Müharibədən sonrakı mərhələdə də Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin, Böyük Qayıdış proqramının, regionda yaradılan müasir infrastrukturun və Azərbaycanın sülh təşəbbüslərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında milli media fəal iştirak edir.
Rəqəmsallaşma dövründə Azərbaycan mediasının inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalır. "Media haqqında" Qanunun qəbul edilməsi, Medianın İnkişafı Agentliyinin fəaliyyətə başlaması, media subyektlərinə tətbiq olunan vergi güzəştləri, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, peşə hazırlığı proqramlarının genişləndirilməsi və müasir texnologiyaların tətbiqinə göstərilən dəstək dövlətin media sahəsinə sistemli yanaşmasının konkret ifadəsidir. Bu addımların əsas məqsədi iqtisadi cəhətdən dayanıqlı, rəqabətqabiliyyətli, peşəkar və milli maraqlara əsaslanan müasir media sisteminin formalaşdırılmasıdır.
Son illərdə Şuşanın beynəlxalq media əməkdaşlığının mühüm mərkəzlərindən birinə çevrilməsi də xüsusi siyasi və mənəvi əhəmiyyət daşıyır. Azərbaycanın mədəniyyət paytaxtında keçirilən Şuşa Qlobal Media Forumu artıq beynəlxalq media ictimaiyyətinin böyük maraq göstərdiyi nüfuzlu platformalardan biri kimi tanınır. Forum çərçivəsində dezinformasiyaya qarşı mübarizə, süni intellekt dövründə jurnalistikanın perspektivləri, informasiya təhlükəsizliyi, media etikası, beynəlxalq əməkdaşlıq və sülhün təşviqində medianın rolu kimi qlobal əhəmiyyətli mövzular müzakirə olunur. Bu platforma Azərbaycanın beynəlxalq media dialoquna verdiyi töhfənin və informasiya diplomatiyasının mühüm göstəricisinə çevrilmişdir.
2026-cı ildə keçirilən IV Şuşa Qlobal Media Forumunun "Sülhün təşviqində medianın missiyası: həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunması müasir medianın cəmiyyətlərarası dialoq və qarşılıqlı etimadın formalaşmasındakı rolunu bir daha ön plana çıxardı. Forumdan verilən əsas mesaj ondan ibarət idi ki, həqiqətə söykənən peşəkar jurnalistika yalnız informasiyanın ötürülməsinə deyil, həm də beynəlxalq əməkdaşlığın, sülhün və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyevin Milli Mətbuat Günü münasibətilə jurnalistlərə ünvanladığı təbrik məktubunda da vurğulandığı kimi, Azərbaycan mediası milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik ənənələrinin yaşadılması, ictimai həmrəyliyin möhkəmləndirilməsi, demokratik özünüdərkin inkişafı və cəmiyyətin obyektiv məlumatlandırılması istiqamətində fəaliyyətini daha da gücləndirməlidir. Bu çağırış eyni zamanda gələcəyin Azərbaycan mediasının inkişaf strategiyasını müəyyən edən mühüm yol xəritəsidir.
Bu il Azərbaycanda Milli Mətbuatın yaranmasının 151-ci ildönümü qeyd olunur. Bir əsr yarımdan artıq müddətdə "Əkinçi"nin yandırdığı maarif və həqiqət çırağı sönməmiş, əksinə, hər dövrün çağırışlarına uyğun olaraq daha da güclənmişdir. Texnologiyalar dəyişir, informasiya platformaları yenilənir, rəqəmsal media yeni imkanlar yaradır. Lakin dəyişməyən əsas prinsip qalır: güclü dövlətin güclü, peşəkar və məsuliyyətli mediası olmalıdır. Milli maraqlara sadiq, obyektiv, operativ və yüksək peşəkarlıq prinsiplərinə əsaslanan Azərbaycan jurnalistikası bundan sonra da həqiqətin keşiyində dayanacaq, cəmiyyətin etimadını doğruldacaq və dövlətimizin inkişaf salnaməsini yazmağa davam edəcək. Bu şərəfli yolun başlanğıcı olan "Əkinçi"nin ideyaları isə gələcək nəsil jurnalistlər üçün daim örnək və ilham mənbəyi olaraq yaşayacaq.
İlahə Qurbanova
YAP Samux rayon təşkilatının əməkdaşı