26 avqust Azərbaycanın müasir tarixində mühüm yer tutan günlərdən biridir. Laçın Şəhəri Gününün qeyd olunması təkcə şəhərin azadlığa qovuşduğu tarixi xatırlamaq baxımından əhəmiyyət daşımır. Bu tarix həm də illərlə doğma yurdlarından uzaqda yaşayan insanların Laçına dönüşünü, şəhərin yenidən dirçəldilməsini və qarşıdakı inkişaf yolunun başlanmasını ifadə edir. Bu gün Laçın Azərbaycanın 2020-ci ildən sonra işğaldan azad edilmiş ərazilərdə apardığı genişmiqyaslı yenidənqurma prosesinin diqqətçəkən ünvanlarından biridir. Şəhər və ətraf ərazilərdə yeni yaşayış sahələri salınır, məktəblər və digər sosial obyektlər tikilir, iqtisadi fəaliyyət üçün müəssisələr yaradılır. Nəqliyyat yollarının, enerji və digər infrastrukturun yenilənməsi ilə yanaşı, bölgənin təbii imkanlarından səmərəli istifadə edilməsi də əsas prioritetlərdəndir. Xüsusilə turizm və alternativ enerji sahələrinin inkişafı Laçının gələcək iqtisadi potensialını artıran istiqamətlər kimi qiymətləndirilir.
Laçın qədim tarixə və zəngin yaşayış ənənələrinə malik bölgələrdən biridir. 1923-cü ildə Abdallar kəndinin Laçın adlandırılması və şəhər statusu qazanması, 1930-cu ildə isə Laçın rayonunun yaradılması ərazinin inzibati baxımdan formalaşmasında mühüm mərhələlər olmuşdur. Rayonun dağlıq ərazidə yerləşməsi, geniş meşə sahələri, yaylaqları və su ehtiyatları onun həm təbii sərvətlərini, həm də iqtisadi imkanlarını müəyyənləşdirən əsas amillərdəndir. Lakin Laçının inkişaf yolu 18 may 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin şəhəri işğal etməsi ilə uzun müddətə dayandırıldı. İşğal nəticəsində Laçın əhalisi doğma torpaqlarını tərk etmək məcburiyyətində qaldı. Yaşayış məntəqələri, məktəblər, sosial obyektlər və digər infrastruktur dağıdıldı, bölgənin tarixi və mədəni irsinə ciddi zərər dəydi. Beləliklə, Laçın uzun illər məcburi köçkünlük və dağıntılarla xarakterizə olunan ağır bir dövr yaşadı. Şəhərin tarixində əsas dönüş 2020-ci ildə baş verdi. 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbə nəticəsində işğal altında olan ərazilərin böyük hissəsi azad edildi və ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nəticə əldə olundu. 1 dekabr 2020-ci ildə Laçın rayonu Azərbaycana qaytarıldı. Daha sonra, 26 avqust 2022-ci ildə Laçın şəhəri ilə yanaşı Zabux və Sus kəndləri də Azərbaycanın nəzarətinə keçdi. Bununla Laçın üçün tamamilə yeni bir mərhələnin əsası qoyuldu.
Hazırda Laçında genişmiqyaslı şəhərsalma və quruculuq işləri davam etdirilir. Şəhərin gələcək inkişafı təsdiqlənmiş Baş Plan əsasında həyata keçirilir. Planda yaşayış məhəllələrinin, ictimai ərazilərin, sosial infrastruktura aid obyektlərin və iqtisadi fəaliyyət zonalarının yaradılması nəzərdə tutulur. Təhsil müəssisələri, xəstəxana, peşə məktəbi, mədəniyyət və turizm obyektlərinin inşası şəhərin sosial həyatının yenidən formalaşdırılmasına xidmət edir. Laçının yeni simasının formalaşdırılmasında müasir şəhərsalma prinsipləri əsas götürülür. Bu baxımdan “15 dəqiqəlik şəhər” konsepsiyasının tətbiqi diqqət çəkir. Sözügedən yanaşma sakinlərin gündəlik istifadə etdiyi əsas xidmətlərə və obyektlərə yaşayış yerlərindən uzun məsafə qət etmədən çatmasına şərait yaratmağı nəzərdə tutur. Bu isə şəhər sakinlərinin rahatlığının və yaşayış keyfiyyətinin yüksəldilməsinə imkan verəcək.
Şəhərin iqtisadi dirçəlişi də quruculuq prosesinin əsas istiqamətlərindən biridir. Laçın Aqro-Sənaye Parkının yaradılması bölgənin istehsal və sahibkarlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli layihədir. Müxtəlif sənaye və istehsal sahələrinin fəaliyyət göstərməsi üçün yaradılan imkanlar yeni müəssisələrin formalaşmasına şərait yaradır. Mebel, tekstil, ayaqqabı, qida sənayesi, balıqçılıq və digər istiqamətlər üzrə layihələrin həyata keçirilməsi həm yerli istehsalın artmasına, həm də yeni məşğulluq imkanlarının yaranmasına kömək edir. Xüsusilə Laçın sakinlərinin işlə təmin olunmasına üstünlük verilməsi iqtisadi inkişafla əhalinin geri qayıdışını bir-biri ilə əlaqələndirir. Laçının gələcək inkişafında nəqliyyat infrastrukturu da mühüm rol oynayır. Kəlbəcər-Laçın avtomobil yolunun inşası bölgənin digər ərazilərlə əlaqələrinin yaxşılaşdırılmasına imkan verir. Uzunluğu 75,8 kilometr olan yolun çoxzolaqlı şəkildə inşa edilməsi, tunel və körpülərin yaradılması layihənin geniş miqyasını göstərir.
Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə bölgənin nəqliyyat imkanlarını daha da genişləndirib. Dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən hava limanı Azərbaycanın ən yüksək yüksəklikdə yerləşən hava limanı kimi diqqət çəkir. Bu nəqliyyat infrastrukturu Laçının əlçatanlığını artırmaqla yanaşı, gələcəkdə turizm, sahibkarlıq və digər iqtisadi əlaqələrin genişlənməsinə də mühüm imkanlar yarada bilər.
Bu gün Laçının simasında Azərbaycanın Zəfərdən sonrakı quruculuq siyasətinin nəticələrini aydın görmək mümkündür. Bir vaxtlar işğalın ağır izlərini daşıyan şəhərdə indi yeni evlər, təhsil və sosial müəssisələr, yollar, istehsal obyektləri və istirahət məkanları yaradılır. Lakin bütün bu dəyişikliklər arasında ən böyük və mənəvi əhəmiyyət daşıyan hadisə insanların doğma şəhərlərinə qayıtmasıdır. Laçın hazırda yeni inkişaf mərhələsini yaşayır. Şəhərin qarşısında müasir və rahat yaşayış mühiti yaratmaq, iqtisadi imkanları genişləndirmək, turizm potensialını inkişaf etdirmək, yaşıl enerji layihələrini artırmaq və dayanıqlı məskunlaşmanı təmin etmək kimi mühüm məqsədlər dayanır. Laçının yenidən dirçəlməsi Azərbaycanın qazandığı Zəfərin yalnız hərbi qələbə ilə məhdudlaşmadığını nümayiş etdirir. Qələbədən sonra həyata keçirilən genişmiqyaslı bərpa, quruculuq və Böyük Qayıdış prosesi işğaldan azad edilmiş ərazilərin gələcəyə hazırlanmasına xidmət edir. Bu baxımdan Laçın həm keçmişin ağrılı xatirəsini, həm bugünkü dirçəlişi, həm də gələcəyə olan inamı özündə birləşdirən mühüm şəhərlərdən biridir.
Çinarə Tağızadə
NDU-nun nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin müəllimi,
YAP Naxçıvan şəhər təşkilatının fəalı