PDF Oxu

Siyasət

  • 426

Milli yaddaşımızın Laçın səhifəsi - ŞƏRH

image

26 avqust Azərbaycan xalqı üçün həm tarixi həm də mənəvi əhəmiyyət daşıyan əlamətdar gündür. Xalqımız bu günü Laçın şəhəri günü kimi qeyd edir.

Laçın Azərbaycan tarixində həm ağır sınaqların, həm də böyük Zəfərin rəmzlərindən biridir. Əzəmətli dağları, zəngin təbiəti və qədim yaşayış məskənləri ilə seçilən bu diyar artıq yeni tarixini yazır. Bir vaxtlar işğalın ağrısını yaşayan Laçın indi azadlığın, Böyük Qayıdışın və sürətli inkişafın ünvanına çevrilib.

1923-cü ildə Abdallar kəndinin Laçın adlandırılaraq şəhər statusu alması, 1930-cu il avqustun 8-də isə Laçın rayonunun yaradılması şəhərin tarixində mühüm mərhələ oldu. Rayon Azərbaycanın strateji əhəmiyyətli ərazilərindən biri olmaqla yanaşı, zəngin təbii sərvətləri, yaylaqları və meşələri ilə də seçilir. Lakin bu qədim diyarın tarixində ən ağrılı səhifələrdən biri 1992-ci il mayın 18-də başladı. Ermənistan silahlı qüvvələrinin Laçını işğal etməsi nəticəsində rayonun əhalisi doğma yurdlarından didərgin salındı, yüzlərlə insan həlak oldu və itkin düşdü. Yaşayış məntəqələri, məktəblər, səhiyyə və mədəniyyət müəssisələri dağıdıldı, tarixi abidələrə və təbii sərvətlərə ciddi ziyan vuruldu. İşğal illərində rayonun demoqrafik tərkibinin dəyişdirilməsi məqsədilə qanunsuz məskunlaşdırma siyasəti də həyata keçirildi.

Laçının işğalı Azərbaycanın sonrakı itkilərinə yol açan strateji hadisələrdən biri idi. Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqənin yaradılması işğalın miqyasını və nəticələrini daha da ağırlaşdırdı. Amma Laçının işğalı ilə başlayan qaranlıq dövr əbədi olmadı. 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər ölkəmizin ərazi bütövlüyünün bərpasına yol açdı. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Məhz bu tarix bu gün Laçın Şəhəri Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günlərinin təsis edilməsi Laçının azadlığının milli yaddaşımızdakı yerini daha da möhkəmləndirdi.

Bu gün Laçına baxanda bir həqiqət aydın görünür: burada təkcə şəhər bərpa edilmir, bütöv bir həyat yenidən qurulur. Prezident İlham Əliyevin sözləri ilə desək, “Cənnətin əgər təsviri varsa, bu gün bax, budur”. Laçında salınan yeni küçələr, yaşayış məhəllələri, məktəblər, sosial və mədəniyyət obyektləri bu fikrin real mənzərəsini yaradır. Şəhərin 2040-cı ilədək inkişafını müəyyən edən Baş Plan isə Laçının müasir, rahat və dayanıqlı şəhər kimi gələcəyini formalaşdırır.

Laçının yeni inkişaf mərhələsində yaşıl enerji xüsusi yer tutur. Rayonda ardıcıl olaraq su elektrik stansiyaları istifadəyə verilir. 2026-cı il iyulun 11-də “Ağbulaq-1”, “Ağbulaq-2” və “Şeylanlı” SES-lərin açılışı ilə bu istiqamətdə daha bir mühüm addım atıldı. Hazırda Laçının elektrik tələbatı yaşıl enerji hesabına tam qarşılanır, artıq istehsal olunan enerji isə ölkənin enerji sisteminə ötürülür.

Laçının siması dəyişdikcə onun nəqliyyat imkanları da genişlənir. Kəlbəcər–Laçın avtomobil yolunun tikintisi, tunel və körpülərin inşası bölgənin nəqliyyat əlaqələrini daha da gücləndirir. 2025-ci il mayın 28-də istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanı isə regionun dünyaya açılan mühüm qapılarından birinə çevrilib. Qorçu kəndində, dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən hava limanı nəqliyyatla yanaşı, turizmin inkişafı üçün də yeni imkanlar yaradır.

Laçında iqtisadi həyatın canlandırılması istiqamətində də mühüm layihələr həyata keçirilir. “Laçın Aqro-Sənaye Parkı”nda müxtəlif istehsal sahələrinin yaradılması, mebel, tekstil, ayaqqabı və yeyinti sənayesinin inkişafı yeni iş yerlərinin açılmasına və yerli əhalinin məşğulluğunun təmin edilməsinə xidmət edir. Heyvandarlıq, arıçılıq və balıqçılıq üçün yaradılan imkanlar isə rayonun iqtisadi potensialını daha da artırır.

Laçın həm də turizm şəhərinə çevrilir. “Laçın” İstirahət Kompleksi, çaykənarı bulvar, Həkəri çayı ətrafında yaradılan istirahət məkanları və inşa edilən kanat yolu şəhərin turizm imkanlarını genişləndirir. 2026-cı il iyulun 11-də təməli qoyulan “Həkəriçay” su anbarı isə həm içməli su təminatı, həm kənd təsərrüfatı, həm də enerji baxımından regionun gələcək inkişafında mühüm rol oynayacaq.

Laçının dirçəlişinin ən böyük göstəricisi isə insan amilidir. 2023-cü il mayın 28-dən başlayan Böyük Qayıdışla laçınlılar 31 ildən sonra doğma torpaqlarına qayıtmağa başladılar. Bu gün Laçın şəhərində, Zabux, Sus və Bəylik kəndlərində yeni evlərdə həyat davam edir. Uşaqlar məktəbə gedir, ailələr öz doğma yurdlarında yeni həyata başlayır. Bu mənzərə illərlə davam edən həsrətin sona çatdığının ən böyük sübutudur.

Laçının dirçəlişi mədəniyyət sahəsini də əhatə edir. Şəhərin 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi onun beynəlxalq mədəni əhəmiyyətini artırdı. “Hoçazfilm” yaradıcılıq studiyası isə Qarabağın tarixinin, təbiətinin və müasir inkişafının tanıdılması baxımından mühüm mədəni platformaya çevrilir.

Laçının azadlığı uğrunda döyüşlərdə göstərilən qəhrəmanlıq da dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. 8418 hərbi qulluqçunun “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi bu Zəfərin qazanılmasında payı olan qəhrəmanların xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir.

Bu gün Laçında tarixlə gələcək bir araya gəlir. Dağların qoynunda Azərbaycan bayrağı dalğalanır, yeni evlərdə həyat canlanır, məktəblərdə uşaqların səsi eşidilir, şəhərin küçələrində quruculuğun nəfəsi duyulur.

Qadir İbrahimov

YAP Culfa rayon təşkilatının sədri

Digər xəbərlər