Hər il 22 iyul tarixi Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Bu əlamətdar gün 1875-ci ildə böyük maarifçi və publisist Həsən bəy Zərdabinin "Əkinçi" qəzetinin ilk nömrəsini nəşr etdirməsi ilə bağlıdır. "Əkinçi" yalnız ilk Azərbaycan dilli qəzet deyil, həm də milli mətbuatımızın təməlini qoyan, xalqın maariflənməsinə, milli düşüncənin formalaşmasına və ictimai şüurun inkişafına mühüm töhfə verən bir nəşr olmuşdur. Həmin gündən etibarən Azərbaycan mətbuatı uzun və şərəfli inkişaf yolu keçərək ölkənin ictimai-siyasi, sosial və mədəni həyatının ayrılmaz hissəsinə çevrilmişdir.
Müstəqillik illərində Azərbaycan mediasının inkişafı yeni mərhələyə qədəm qoymuşdur.
Müasir dövrdə informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə və peşəkar jurnalistikanın inkişafı bütün dünya üçün aktual məsələlərdən biridir. İnformasiyanın sürətlə yayıldığı rəqəmsal mühitdə doğru və etibarlı xəbərin cəmiyyətə çatdırılması medianın əsas vəzifələrindən hesab olunur. Bu baxımdan jurnalistlərin peşəkarlığının artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və media savadlılığının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Dönüş nöqtəsi Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə baş verdi. Ulu öndərin həyata keçirdiyi ardıcıl islahatlar nəticəsində senzura ləğv olundu, latın qrafikalı Azərbaycan əlifbasına keçid təmin edildi, media sahəsinin hüquqi bazası təkmilləşdirildi və dövlətin mətbuata dəstəyi gücləndirildi. Bütün bunlar Azərbaycanda azad, peşəkar və milli maraqlara söykənən medianın inkişafı üçün möhkəm zəmin formalaşdırdı.
Son illərdə media sahəsində atılan addımlar – Medianın İnkişafı Agentliyinin yaradılması, Media Reyestri sistemi və qanunvericiliyin təkmilləşdirilməsi bu sahənin şəffaflığını və peşəkarlığını artırdı. Media subyektlərinin iqtisadi müstəqilliyinin dəstəklənməsi, vergi güzəştlərinin tətbiqi, əslində, azad və güclü mətbuatın formalaşması üçün yaradılmış zəminin bir parçasıdır.
Bu fəaliyyətin ən bariz nümunəsini 44 günlük Vətən müharibəsi zamanı gördük. Həm yerli, həm də xarici jurnalistlərimiz həyatlarını riskə ataraq cəbhədən dünyaya həqiqətləri çatdırdılar, dezinformasiya müharibəsində dövlətimizin mövqeyini sarsılmaz etdilər. İndi Milli Mətbuat Gününün Şuşada, azad edilmiş torpaqlarımızda qeyd olunması tarixi bir ədalət olduğu qədər, həm də medianın gücünü təsdiqləyən bir rəmzdir. Qarabağda keçirilən media tədbirləri artıq ölkəmizin yeni inkişaf, quruculuq və zəfər dövrünün təqdimatıdır.
Şuşada keçirilən Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, ölkənin açıq dialoqa və əməkdaşlığa verdiyi önəmin göstəricisidir. Forum iştirakçıları Azərbaycanın media sahəsində həyata keçirdiyi islahatlarla yaxından tanış olur, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini öz gözləri ilə görmək imkanı əldə edirlər. Bu isə ölkəmiz haqqında obyektiv məlumatların beynəlxalq auditoriyaya çatdırılmasına mühüm töhfə verir.
Qlobal Media Forumu həm də müxtəlif ölkələrin media nümayəndələri arasında peşəkar əlaqələrin qurulmasına, təcrübə mübadiləsinin aparılmasına və yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır. Forum çərçivəsində keçirilən panel müzakirələri göstərir ki, müasir informasiya məkanında beynəlxalq əməkdaşlıq və etibarlı informasiya mübadiləsi qlobal sabitliyin və qarşılıqlı etimadın vacib şərtlərindəndir.
Azərbaycan milli mətbuatı zəngin tarixi ənənələrə söykənərək yeni inkişaf mərhələsini yaşayır. Qarşıda duran əsas vəzifələr rəqəmsal transformasiyanın imkanlarından səmərəli istifadə etmək, süni intellekt texnologiyalarını peşəkar jurnalistika ilə uzlaşdırmaq, media savadlılığını artırmaq, dezinformasiyaya qarşı daha effektiv mübarizə aparmaq və Azərbaycanın həqiqətlərini qlobal informasiya məkanında daha geniş auditoriyaya çatdırmaqdır.
22 İyul – Milli Mətbuat Günü münasibətilə keçirilən tədbirlər jurnalist peşəsinin cəmiyyət üçün nə qədər mühüm olduğunu bir daha nümayiş etdirir. Azərbaycan jurnalistləri milli maraqların qorunması, cəmiyyətin düzgün məlumatlandırılması və demokratik dəyərlərin inkişaf etdirilməsi istiqamətində mühüm fəaliyyət göstərirlər. Dövlət tərəfindən media sahəsinə göstərilən diqqət, jurnalistlərin peşəkar inkişafına yaradılan imkanlar və beynəlxalq əməkdaşlığın genişləndirilməsi milli mətbuatımızın gələcək inkişafı üçün möhkəm zəmin yaradır.
Nəticə etibarilə, Milli Mətbuat Günü Azərbaycan jurnalistikasının zəngin tarixini, keçdiyi inkişaf yolunu və gələcək hədəflərini əks etdirən əlamətdar bir gündür. Şuşada keçirilən Qlobal Media Forumu isə bu tarixi ənənənin müasir dövrdə uğurla davam etdirildiyini, Azərbaycanın qlobal informasiya məkanında fəal iştirak etdiyini və beynəlxalq media dialoquna mühüm töhfələr verdiyini nümayiş etdirir. Milli mətbuatımızın əsas missiyası bundan sonra da cəmiyyətə doğru, obyektiv və operativ informasiya çatdırmaq, ölkəmizin həqiqətlərini dünya ictimaiyyətinə layiqincə təqdim etmək olacaq.
Mələk Rzayeva
YAP Kəngərli rayon təşkilatının əməkdaşı