PDF Oxu

Siyasət

  • 2 872

“Əkinçi”dən Süni İntellekt dövrünə: milli mətbuatımızın təkamülü və müasir çağırışlar

image

Dünyada mətbuatın meydana gəlməsi, inkişafı və bəşəriyyət tarixinə təsiri sadəcə texnoloji bir yenilik deyil, insanlığın kollektiv şüurunun, demokratiyanın və azad düşüncənin formalaşması prosesidir. Mətbuat “dördüncü hakimiyyət” statusunu qazanana qədər cəmiyyətin və texnologiyanın inkişafına paralel olaraq çox uzun və maraqlı bir təkamül yolu keçib. Müasir informasiya cəmiyyətində, Süni İntellekt (AI) və 4-cü Sənaye İnqilabı (4Sİ) dövründə quruculuğunda, milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində, maarifləndirmə sahəsində medianın rolu və əhəmiyyəti getdikcə artır. 151 illik şanlı, şərəfli inkişaf tarixinə malik Azərbaycan mətbuatı ölkədə ən sürətlə inkişaf edən, müasir texnologiyaların tətbiqi ilə davamlı şəkildə təkmilləşən fəaliyyət sahəsidir. Yaşadığımız XXI əsrdə mətbuat kağız formatından tamamilə rəqəmsal ekosistemə keçib. Onlayn media, sosial şəbəkələr, real vaxt rejimində qlobal xəbər istehsalı və artıq 2026-cı il reallığında medianın daxili proseslərinə dərindən inteqrasiya edən Süni İntellekt (AI) alətləri mətbuatın çağdaş simasını müəyyən edir.

Mətbuat bütövlükdə bəşəriyyətin inkişafında bir neçə fundamental funksiyanı yerinə yetirir. İlk növbədə cəmiyyət üçün informasiya təminatı vəzifəsini icra edərək insanların ətraf dünyada, ölkədə və qlobal müstəvidə baş verənlərdən xəbərdar olmasını təmin edir və nəticədə məlumatlı cəmiyyət daha rasional qərarlar vermək imkanı qazanır. Onun başqa bir funksiyası ictimai nəzarət və “dördüncü hakimiyyət” rolunda çıxış etməsidir: mətbuat hakimiyyətin digər üç qolu (qanunverici, icraedici, məhkəmə) üzərində cəmiyyətin ictimai nəzarət mexanizmidir. Şəffaflığın qorunması, korrupsiyaya qarşı mübarizə və insan hüquqlarının müdafiəsi birbaşa azad mətbuatın gücündən asılıdır. Mətbuat, həmçinin, tarixən savadlılığın artmasında, elmi nailiyyətlərin populyarlaşmasında və milli-mədəni özünüdərkdə (məsələn, bizim tariximizdə “Əkinçi” qəzetinin oynadığı rol kimi) misilsiz missiya yerinə yetirib. Ən nəhayət, media kütlələrin düşüncəsinə birbaşa təsir etmək gücünə malik olduğundan, müasir dünyada medianın ən ali missiyalarından biri də məhz sülhün təşviqi, həqiqətin bərpası və xalqlar arasında etimadın yenidən qurulmasıdır.

Azərbaycan mətbuatı 151 illik tarixində maarifçilik missiyasından rəqəmsal ekosistemə qədər böyük bir təkamül yolu keçmişdir. Milli mətbuatımızın tarixi ictimai-siyasi və mədəni dirçəlişlə sıx bağlı olmuşdur. Azərbaycan milli mətbuatının əsasının qoyulduğu 1875-ci il iyulun 22-də görkəmli maarifçi Həsən bəy Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” qəzeti yalnız xəbər daşıyıcısı deyil, ana dilinin qorunması, maarifləndirmə və sosial islahatların bayraqdarı idi. “Molla Nəsrəddin” (naşiri Cəlil Məmmədquluzadə) və “Füyuzat” (Əli bəy Hüseynzadə) kimi jurnal və qəzetlər satira, fəlsəfə və milli kimlik ideyalarını cəmiyyətə aşılamaqla Şərqdə demokratik təfəkkürün formalaşmasında müstəsna rol oynadı. 1875-1877-ci illərdə cəmi 56 sayı işıq üzü görsə də, “Əkinçi”nin ənənələri sonrakı dövrdə çoxsaylı nəşrlərlə zənginləşdi, milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr verdi, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdi. “Molla Nəsrəddin” və “Füyuzat”la yanaşı “Kaspi”, “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” kimi onlarla qəzet və jurnal ötən əsrin əvvəllərində anadilli mətbuatımızın sonrakı tarixini yaratdılar.

70 illik sovet hakimiyyəti illərinin siyasi-ideoloji məngənəyə saldığı mərhələdən sonra – 1990-cı illərdə dövlət müstəqilliyinin bərpasından sonra milli mətbuatımız yeni inkişaf dövrünə daxil oldu. 1993-cü ildən başlayaraq, ölkəmizdə bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafında da Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri oldu. Ulu Öndər ölkəmizə rəhbrəlik etdiyi dövrdə Azərbaycanda azad sözün inkişafına, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi qayğı göstərirdi. Məhz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və ictimai həyatın bütün sahələrini əhatə edən əsaslı dövlətçilik islahatları nəticəsində ölkəmizdə senzura ləğv edildi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, müvafiq sahəni tənzimləyən zəruri qanunvericilik bazası yaradıldı, onun səciyyəvi problemləri həll olundu, iqtisadi müstəqilliyi gücləndirildi, vətəndaş cəmiyyəti quruculuğunda rolu yüksəldildi. Nəticədə Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yarandı.

1998-ci ildə imzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə kimi qiymətləndirilir. Bu fərman KİV-in sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda mühüm addım oldu. Belə ki, Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü. 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. Dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması proseduru asanlaşdırıldı. 2000-ci ilin martında Ulu Öndərin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı” təsdiq olundu, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. Beləliklə, Ümummilli Liderimiz cəmiyyətdə jurnalistlərə münasibətin formalaşmasında mühüm rol oynadı. Heydər Əliyev 2002-ci ildə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatına layiq görüldü. 2003-cü ildə isə Çingiz Mustafayev Fond Ulu Öndərə eyni adlı mükafatı təqdim etdi. Hələ 2001-ci ildə KİV rəhbərləri ilə görüşən Heydər Əliyev mətbuatın inkişafına olan münasibətini belə ifadə etmişdi: “Biz mətbuat haqqında bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi. Əgər bu gün hansısa yeni bir şey varsa, biz onu edirik və edəcəyik”.

Mətbuata bu yüksək münasibət Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyə başladığı 2003-cü ildən sonra da yüksək səviyyədə davam etdirildi. Jurnalistlərin dövlət və cəmiyyət qarşısında göstərdikləri xidməti layiqincə qiymətləndirmək üçüb 2005-ci ildə “Əməkdar jurnalist” fəxri adı bərpa edildi. 2008-ci ildə mətbuatın inkişafını təmin edəcək, Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edəcək prinsipial müddəalar, vacib əsaslar öz əksini tapdığı “Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyası”nın qəbul olunması Prezident İlham Əliyevin müstəqil Azərbaycan mediasının inkişafına bilavasitə milli dövlətçiliyimizin möhkəmlənməsinin vacib istiqaməti kimi baxdığını təsdiqlədi. 2009-cu ilin aprelində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, 2021-ci ilin yanvarında “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanla həmin qurumun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. Həmin ilin dekabrında “Media haqqında” yeni Qanunun qəbul edilməsi bu sahə üzrə qanunvvericiliyin müasir çağırışlara uyğun təkmilləşdirilməsinə xidmət edirdi.

Hələ 2010-cu ildə ölkə jurnalistlərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində daha bir mühüm tədbir reallaşdırıldı. Mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış binasının tikilməsi məqsədilə dövlət büdcəsindən xüsusi vəsait ayrıldı və həmin binalar qısa müddətdə tikilərək mətbuat işçilərinin istifadəsinə verildi.

Prezident İlham Əliyevin 2010-cu ildən üzü bəri üç dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi azad mətbuatın inkişafına göstərilən yüksək qayğının nəticəsi, Azərbaycan mediasının dövlət başçısının səmərəli, uğurlu, bütün digər fəaliyyət sahələri ilə yanaşı mətbuatın davamlı inkişafına yönələn addımlarını, fəaliyyəti yüksək obyektivlik prizmasından qiymətləndirdiyinin, prinsipial məqamlarda tərəfsiz, qərəzsiz, tam obyektiv olduğunun sübutudur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il iyulun 22-də Milli Mətbuat Günü münasibətilə media nümayəndələrinə ünvanladığı təbrik məktubunda milli medianın tarix inkişaf yolunu belə qiymətləndiridi: “Azərbaycan mətbuatı 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzetinin bəyan etdiyi prinsipləri rəhbər tutaraq böyük inkişaf yolu keçmişdir. XIX əsrin ikinci yarısından sonrakı dövrdə işıq üzü görən çoxsaylı nəşrlər tariximizin güzgüsü olmuş, insanların maariflənməsi, milli şüurun formalaşması, xalqımızın azadlıq amallarının gerçəkləşməsi və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr vermişdir”.

Vətən müharibəsi və müharibədən sonrakı dövrdə də bütövlükdə media, o cümlədən rəqəmsal media ölkənin informasiya təhlükəsizliyinin və həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasının əsas alətinə çevrilmişdir. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli Sərəncamda bu barədə deyilir: “Ötən dövr ərzində müstəqil siyasi kursun qətiyyətlə və ardıcıl həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafı təmin edilmiş, qarşıda duran strateji vəzifələr uğurla gerçəkləşdirilmişdir. Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanaraq və unikal antiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə yazaraq, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərmiş, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratmışdır”. Onu da qeyd edək ki, bu sahədə ən böyük missiyanı elə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev özü həyata keçirib. Möhtərəm Prezidentimizin Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına verdiyi müsahibələr Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynayıb.

Bu gün bəşəriyyət, o cümlədən media sahəsi sürətli transformasiya dövrünü yaşayır. 4-cü Sİ və AI texnologiyaları mətbuatın funksiyasını, sürətini və formasını kökündən dəyişir. İdman nəticələri, maliyyə hesabatları, hava proqnozu kimi strukturlaşdırılmış məlumatlar artıq AI alətləri tərəfindən saniyələr ərzində xəbər mətninə çevrilir. İllüstrasiyaların, infoqrafikaların və audio-vizual materialların hazırlanmasında süni intellekt geniş tətbiq olunur. Müasir media platformaları oxucu davranışlarını AI alqoritmləri ilə təhlil edərək hər bir oxucuya öz maraq dairəsinə uyğun məzmun təqdim edir. Süni intellekt bir tərəfdən saxta xəbər və vizual materialların (deepfake) yaradılmasını asanlaşdırsa da, digər tərəfdən media resursları saxta xəbərləri aşkar etmək üçün AI əsaslı doğrulama alətlərindən istifadə edir.

Uzunmüddətli tarixi təkamüldə mətbuat daş lövhələrdən alqoritmlərə və süni intellektə qədər texnoloji, siyasi və ictimai baxımdan keyfiyyətcə çox fərqli bir dövrə gəlib çatıb. Forma və daşıyıcılar (kağız, ekran, səs) dəyişsə də, mətbuatın əsas fəlsəfəsi (həqiqəti axtarmaq, onu cəmiyyətə çatdırmaq və insanlığın tərəqqisinə xidmət etmək) dəyişməz olaraq qalmaqdadır. Bu baxımdan Azərbaycanda “Əkinçi” qəzeti ilə başlanan “cəmiyyəti maarifləndirmək” missiyası hazırda rəqəmsal məkanda, süni intellekt və böyük data əsrində davam edir. Lakin bütün texnoloji yeniliklərə rəğmən milli media üçün ən vacib prinsip dəyişməz olaraq qalır: obyektivlik, etik standartlar və həqiqətə xidmət. Milli media qarşısında duran əsas vəzifələri isə Prezident İlham Əliyev belə müəyyənləşdirmişdir: “Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır”.

Elman Cəfərli

YAP Naxçıvan şəhər təşkilatının sədri,

tarix üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər