PDF Oxu

Siyasət

  • 770

Azərbaycan–Özbəkistan münasibətlərinin yeni üfüqləri - ŞƏRH

image

Prezident İlham Əliyevin 21 avqust 2026-cı ildə Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin nə qədər dərin və çoxşaxəli xarakter aldığını aydın şəkildə ortaya qoydu. Müsahibədə səslənən fikirlərdən görünür ki, iki ölkə arasında münasibətlər yalnız tarixi və mədəni yaxınlıqla məhdudlaşmır, artıq siyasi müttəfiqlik, iqtisadi inteqrasiya və regional əməkdaşlıq kimi mühüm istiqamətləri əhatə edən strateji xarakter daşıyır.
Azərbaycan və Özbəkistanı birləşdirən bağların gücü onların ortaq tarixindən və mənəvi yaxınlığından qaynaqlanır. Bu münasibətlər zamanın sınağından keçərək bu gün dövlətlərarası müttəfiqlik səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin müsahibəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə qarşılıqlı dostluq və etimad münasibətlərinin xüsusi qeyd olunması da təsadüfi deyil. Liderlər arasında formalaşmış siyasi dialoq iki ölkənin strateji əməkdaşlığının əsas hərəkətverici qüvvələrindən biridir.
Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü səviyyəsi ardıcıl siyasi iradənin nəticəsidir. Son beş ildə yüksək səviyyədə 15 qarşılıqlı səfərin baş tutması iki ölkə arasında əlaqələrin intensivliyini göstərir. 2024 və 2025-ci illərdə keçirilmiş dövlət səfərləri zamanı imzalanan “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” isə bu münasibətləri yeni hüquqi və siyasi çərçivəyə daxil edib. Bu siyasi yaxınlığın iqtisadi nəticələri də artıq özünü göstərir. 2025-ci ildə Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsinin 795 milyon dollara çatması əməkdaşlığın real göstəricilərindən biridir. Eyni zamanda, Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti iki ölkənin iqtisadi imkanlarını bir araya gətirir. Özbəkistan şirkətlərinin Azərbaycanda, Azərbaycan şirkətlərinin isə Özbəkistanda həyata keçirdiyi layihələr qarşılıqlı iqtisadi etimadın getdikcə möhkəmləndiyini göstərir.
İki ölkə arasındakı əməkdaşlıq artıq ənənəvi iqtisadi sahələri də aşaraq yüksək texnologiya, enerji, nəqliyyat və logistika kimi strateji istiqamətlərə yayılır. Yaşıl enerji dəhlizinin yaradılması təşəbbüsü Azərbaycan, Özbəkistan və Qazaxıstanın enerji potensiallarının əlaqələndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bərpaolunan enerjinin istehsalı və ixracı gələcəkdə regionun iqtisadi xəritəsini dəyişdirə biləcək mühüm amillərdən biri kimi çıxış edir.
Nəqliyyat və logistika sahəsi isə Azərbaycan–Özbəkistan tərəfdaşlığının ən perspektivli istiqamətlərindəndir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada strateji mövqeyi onları Şərqlə Qərbi birləşdirən marşrutlarda təbii tərəfdaşlara çevirir. Orta Dəhliz, TRIPP və Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu kimi layihələrin bir-biri ilə əlaqələndirilməsi Avrasiyanın nəqliyyat xəritəsində yeni imkanlar yarada bilər.
Müsahibənin diqqət çəkən məqamlarından biri də mədəni diplomatiyaya verilən yüksək qiymətdir. Azərbaycan və Özbəkistanın mədəniyyət günləri keçirməsi, təhsil sahəsində əməkdaşlığı genişləndirməsi, media və QHT forumları təşkil etməsi xalqlar arasında münasibətlərin yalnız dövlətlər səviyyəsində deyil, cəmiyyətlər səviyyəsində də inkişaf etdiyini göstərir. Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin fəaliyyət göstərməsi, Bakıda “Özbəkistan” parkının yaradılması, şəhərlər arasında qardaşlaşma münasibətlərinin genişlənməsi bu dostluğun rəmzi ifadələridir. Bu layihələr siyasi sənədlərdən daha artıq məna daşıyır: onlar xalqların bir-birinə olan ehtiramının və gələcəyə yönəlmiş əməkdaşlığın real təzahürləridir.
Azərbaycan–Özbəkistan əməkdaşlığının regional ölçüsü də getdikcə genişlənir. Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkənin fəal mövqeyi türk dünyasının inteqrasiyasının dərinləşməsinə xidmət edir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı isə Azərbaycanı Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında daha sıx əlaqələrin qurulmasında mühüm aktora çevirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “C5” formatının faktiki olaraq “C6” formatına çevrilməsi regional əməkdaşlığa yeni məzmun qazandırır.
Bütün bunlar göstərir ki, Azərbaycan və Özbəkistanın münasibətləri yalnız bu günün reallıqları ilə məhdudlaşmır. Bu əlaqələr gələcək üçün uzunmüddətli strateji baxış üzərində qurulur. Siyasi sabitlik, iqtisadi qarşılıqlı fayda, nəqliyyat imkanları, enerji potensialı və ortaq türk-mədəni irsi birləşdirən bu əməkdaşlıq modeli daha geniş regional tərəfdaşlıq üçün nümunə təşkil edir.
Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan–Özbəkistan münasibətlərinin mahiyyətini bir daha ortaya qoydu: bu, sadəcə iki dövlət arasında əməkdaşlıq deyil, ortaq tarixdən güc alan, bu günün strateji maraqları ilə möhkəmlənən və gələcəyin böyük imkanlarına hesablanan qardaşlıq və müttəfiqlik münasibətləridir. Qarşıdakı dövrdə Azərbaycan və Özbəkistanın birgə təşəbbüslərinin daha da artacağı, iki ölkənin regional proseslərdə rolunun güclənəcəyi və qardaş xalqlar arasında əlaqələrin yeni, daha yüksək mərhələyə yüksələcəyi şübhəsizdir.

Sevinc Xəlilova

YAP Samux rayon təşkilatının sədr müavini

Digər xəbərlər