PDF Oxu

Siyasət

  • 1 304

“Əkinçi”dən başlayan yol: tarixi ənənələr və yeni dövrün çağırışları

image

22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan mediasının keçdiyi şərəfli inkişaf yoluna nəzər salmaq, dövlətçilik tariximizdə oynadığı rolu dəyərləndirmək xüsusi əhəmiyyət daşıyır.

1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən nəşr olunan "Əkinçi" qəzeti Azərbaycan dilində milli mətbuatın əsasını qoyub. Bu hadisə təkcə bir qəzetin nəşrə başlaması deyil, həm də xalqın milli oyanışının, maariflənməsinin, ictimai fikrinin formalaşmasının və milli özünüdərkin yeni mərhələsinin başlanğıcı idi.
Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. Doğrudan da, “Əkinçi”dən başlayan yol sonrakı onilliklər ərzində milli düşüncənin, azad fikir ənənələrinin və ictimai həmrəyliyin formalaşmasına mühüm töhfələr verib.
“Əkinçi” cəmi iki il fəaliyyət göstərsə də, bu qəzetin təsiri yüzilliklərə uzanan bir məktəb yaradıb. Qəzet cəhalətə, savadsızlığa və xurafata qarşı mübarizə aparır, xalqın maariflənməsini əsas məqsəd hesab edirdi. Zərdabinin ideyaları sonrakı dövrdə yaranan “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin”, “İrşad”, “Açıq söz” və digər qəzet və jurnallar tərəfindən davam etdirilib. Bu nəşrlər Azərbaycan ədəbi dilinin inkişafında, milli şüurun möhkəmlənməsində, istiqlal ideyalarının yayılmasında və ziyalı nəslinin formalaşmasında mühüm rol oynayıb.
Müstəqillik dövründə isə Azərbaycan mediasının inkişafında tamamilə yeni mərhələ başlandı. Xüsusilə 1993-cü ildən etibarən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkədə söz və mətbuat azadlığının təmin olunmasına, medianın hüquqi əsaslarının möhkəmləndirilməsinə geniş imkan yaradıb. 1998-ci ilin avqustunda dövlət senzurasının ləğvi Azərbaycanın demokratik inkişaf tarixində mühüm hadisə kimi yadda qaldı. Bu addım azad medianın formalaşmasına, jurnalistikanın peşəkarlıq prinsipləri əsasında inkişafına ciddi təkan verdi.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə medianın inkişafına yönəlmiş çoxsaylı proqramlar qəbul olunub, qanunvericilik bazası müasir dövrün tələblərinə uyğunlaşdırılıb, media subyektlərinin iqtisadi dayanıqlığının artırılması istiqamətində mühüm qərarlar qəbul edilib.
2021-ci il yanvarın 12-də Medianın İnkişafı Agentliyinin yaradılması, həmin ilin 30 dekabr tarixində “Media haqqında” Qanunun qəbul edilməsi, jurnalistlərin Media Reyestrinin formalaşdırılması, peşə standartlarının müəyyənləşdirilməsi, media subyektlərinə vergi güzəştlərinin tətbiqi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin mühüm nəticələridir. Bu islahatlar Azərbaycan mediasının rəqabət qabiliyyətinin artırılmasına, peşəkar jurnalistikanın inkişafına və milli informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir.
Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı jurnalistikanın mahiyyətini dəyişir. Ənənəvi media ilə yanaşı rəqəmsal platformalar, sosial şəbəkələr və süni intellekt informasiya istehsalının əsas elementlərindən birinə çevrilib. Bu isə media nümayəndələrinin üzərinə daha böyük məsuliyyət qoyur. Operativlik, dəqiqlik, obyektivlik və peşə etikası hər zamankından daha böyük əhəmiyyət kəsb edir. Dezinformasiya, saxta xəbərlər və informasiya manipulyasiyası ilə mübarizə müasir jurnalistikanın əsas vəzifələrindən biridir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Dövlət başçısı jurnalistikanın peşəkarlıq, obyektivlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə daim sadiq qalmasının vacibliyini xüsusi qeyd edib.
Azərbaycan mediası xüsusilə 44 günlük Vətən müharibəsi zamanı öz peşəkarlığını və vətənpərvərliyini bir daha nümayiş etdirdi. Jurnalistlər cəbhə bölgəsindən operativ məlumatlar hazırlamaqla yanaşı, beynəlxalq informasiya məkanında ölkəmizin haqlı mövqeyinin çatdırılması istiqamətində mühüm fəaliyyət göstərdilər. İnformasiya cəbhəsində qazanılan uğurlar Azərbaycanın hərbi-siyasi qələbəsini tamamlayan mühüm amillərdən biri oldu. Postmüharibə dövründə də media azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərini, Böyük Qayıdış Proqramını, regionda yaranan yeni reallıqları dünya ictimaiyyətinə çatdırmaq missiyasını uğurla davam etdirir.
Azərbaycan mediasının beynəlxalq əməkdaşlığı da son illər əhəmiyyətli dərəcədə genişlənib. Azərbaycan-Türkiyə Birgə Media Platformasının yaradılması, dost ölkələrlə informasiya əməkdaşlığının inkişaf etdirilməsi, beynəlxalq media təşkilatları ilə əlaqələrin möhkəmləndirilməsi bu istiqamətdə mühüm addımlardır.
Milli mətbuatın yubileylərinin dövlət səviyyəsində qeyd olunması, Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalının təsis edilməsi, eləcə də jurnalistlərin fəxri adlar və dövlət mükafatları ilə təltif olunması Azərbaycanda media sahəsinin inkişafına göstərilən davamlı diqqət və qayğının parlaq nümunəsidir.
Son dövrdə media sahəsində aparılan institusional dəyişikliklər də yeni inkişaf mərhələsinin göstəricisidir. 2026-cı ilin iyul ayında Media və Yayım Şurasının yaradılması ilə bağlı qanunvericilik təşəbbüsünün qəbul edilməsi çap, onlayn və audiovizual media arasında koordinasiyanın gücləndirilməsini, informasiya siyasətinin daha çevik idarə olunmasını və dezinformasiyaya qarşı mübarizənin səmərəliliyinin artırılmasını hədəfləyir.
Şuşada keçirilən Qlobal Media Forumları artıq dünyanın aparıcı media platformalarından birinə çevrilib. 2026-cı il 13-14 iyul tarixlərində keçirilmiş IV Şuşa Qlobal Media Forumunda “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusu ətrafında aparılan müzakirələr Azərbaycanın media diplomatiyasının inkişafında, beynəlxalq informasiya əməkdaşlığında və qlobal çağırışların müzakirəsində mühüm mərkəz kimi mövqeyini daha da möhkəmləndirdiyini nümayiş etdirir.
Azərbaycan mediası artıq təkcə informasiya yayan vasitə deyil, həm də dövlət quruculuğu prosesinin, ictimai inkişafın, milli həmrəyliyin və vətəndaş cəmiyyətinin mühüm iştirakçısıdır. Qlobal informasiya mühitində milli maraqların qorunması, süni intellekt texnologiyalarından səmərəli istifadə, media savadlılığının artırılması, rəqəmsal transformasiya və informasiya təhlükəsizliyinin təmin edilməsi qarşıdakı illərdə medianın əsas fəaliyyət istiqamətlərini təşkil edəcək.
Milli mətbuat 151 illik inkişaf yolu ərzində böyük sınaqlardan keçərək zəngin ənənələr formalaşdırıb. “Əkinçi”nin maarifçilik missiyasından başlayan bu yol bu gün müasir rəqəmsal medianın imkanları ilə davam edir. Əsas məqsəd isə dəyişmir – cəmiyyətə düzgün, obyektiv və operativ informasiya çatdırmaq, dövlətçilik maraqlarını qorumaq, milli dəyərləri yaşatmaq və Azərbaycanın həqiqətlərini dünyaya çatdırmaq. Əminliklə demək olar ki, milli jurnalistika zəngin tarixi ənənələrinə söykənərək, müasir çağırışlara uyğun inkişafını davam etdirəcək və Azərbaycanın tərəqqisinə bundan sonra da layiqli töhfələr verəcəkdir.

Heydər Əsədov
Milli Məclisin deputatı

Digər xəbərlər