PDF Oxu

Siyasət

  • 1 099

Azərbaycan Milli Mətbuatı - maarifçi ziyalılarımızın izi ilə - ŞƏRH

image

Əksər tədqiqatçılarımızın fikrincə, Mirzə Fətəli Axundzadə dramaturgiya, şeir, nəsr, əlifba, ədəbi tənqid, publisistika, mətbuat sahəsindəki fəaliyyəti ilə Azərbaycanın yeni realist ədəbiyyatının və mətbuatının manifestini yazmışdır. Azərbaycan ədəbi-bədii, ictimai fikir tarixində böyük rolu olan M.F. Axundzadə öz müəllimi Mirzə Şəfi Vazehlə birlikdə mətbəə açmaq, milli dildə qəzet buraxmaq arzusunu reallaşdıra bilməsə də, bu böyük amallar uğrunda ilk toxumları səpmiş bir şəxsiyyət kimi, mətbuat tariximizdə də həmişə yaşamaq şərəfinə nail olmuşdur.
Onu "Azərbaycan jurnalistikasının banisi” adlandıran Rəşid Mahmudov yazır: "Mətbuatımızın, publisistika və ümumiyyətlə, jurnalistikamızın yaranması da birinci növbədə onun adı ilə bağlıdır. Doğrudur, M.F. Axundzadə bu və digər bir mətbuat orqanının başında durmamışdır. Lakin ana dilimizdə mətbuat yaratmaq üçün ilk təşəbbüsü o göstərmiş və bu sahədə çox iş görmüşdü”.
Tədqiqatçı alim İslam Ağayevin fikrincə, Azərbaycanda hələ dövrü mətbuatın meydana çıxmasından xeyli əvvəl Axundzadə həm də satirik mətbuatın yaradılmasını arzulayırdı. M.F. Axundzadə bu fikirlərini 1872-ci ildə Mirzə Yusif xana yazdığı məktubunda belə açıqlayırdı: "Hazırda Avropa ölkələrinin hər birində satirik qəzetlər, yəni öz həmvətənlərinin pis əməlləri haqqında tənqid və həcv yazan qəzetlər vardır ki, hər həftə çap edilib yayılır. Avropa dövlətləri bugünkü intizam və tərəqqiyə moizə və nəsihət sayəsində deyil, tənqid sayəsində çatmışlar”. M.F. Axundzadənin milli mətbuatı yaratmaq sahəsində ən böyük xidməti "Əkinçi”nin fəaliyyətə başlaması üçün H. Zərdabiyə hərtərəfli yardım göstərməsi, ona mənəvi dayaq durmasıdır. Bu amil zərdabişünasların əksəriyyətinin əsərlərində özünü göstərir. Paşa Əfəndiyevin "M.F. Axundov və H. Zərdabi” məqaləsində və Cahan Nağıyevanın "Həsən bəy Zərdabi arxivinin təsviri” kitabında, tədqiqatçı alim Aydın Mişiyevin "Azərbaycan yazıçıları və Tiflis ədəbi-ictimai mühiti” əsərində bu haqda geniş məlumat verilib.
Azərbaycan ədəbi fikir tarixində M.F.Axundzadədən sonra Firudin bəy Köçərlinin çıxışları, ədəbi-tənqidi, ictimai-siyasi görüşləri yeni bir mərhələ təşkil edir. Dəyərli qələm sahibi F. Köçərli mətbuatın xalqın mənəvi tərbiyəsində və ictimai inkişafında mühüm rol oynadığını dönə-dönə məqalələrində qeyd edirdi. O, Azərbaycan mətbuatını müntəzəm və diqqətlə izləmiş, tədqiq etmiş, "Əkinçi”dən 1920-ci ilə qədər olan dövrü mətbuat haqqında geniş məlumat vermişdir.
Azərbaycanda türkçülüyün və turançılığın əsasını qoymuş, türk birliyi ideyasını elmi-nəzəri cəhətdən işləmiş Əli bəy Hüseynzadənin də dövrü mətbuat haqqında bir çox məqalələri var. "İrşad”, "Həyat” və "Füyuzat”, "Molla Nəsrəddin” və "Dəbistan”, "Molla Nəsrəddin”ə təşəkkür”, "Vidanamə” və s. məqalələri bu baxımdan çox maraqlıdır. "İrşad”ın nəşri haqqında ilk elmi-tarixi məqaləni yazan Ə. Hüseynzadə "İrşadın zühuru həyati-milliyyəmizdə qayət mühüm bir xitvəyi-tərəqqidir” yazaraq nəşrə başlamasını böyük sevinclə qarşılayırdı.
Azərbaycanda mətbəə və mətbuat tarixi barədə məlumat verən ilk qaynaqlardan biri Ə. Hüseynzadənin ən yaxın amal dostu Əhməd bəy Ağaoğlu da mətbuat tarixinə aid məqalələr yazıb. O, 1899-cu ildə "Kaspi” qəzetində "Şərqdə jurnalistikaya bir nəzər” və "Şərq jurnalistikasının icmalı” məqalələrində jurnalistikanın cəmiyyətdəki rolu və əhəmiyyətindən bəhs edərək, Şərq dünyasının qəflət yuxusunda olmasını təəssüflə bildirirdi.
Cəmiyyətdə mətbuatın əhəmiyyətini yüksək qiymətləndirən Nəriman Nərimanov "Kaspi” qəzetinin 1 fevral 1896-cı il tarixli, 25-ci sayında çap olunan "Əliqələmli müsəlman ziyalıları haqqında bir necə söz” sərlövhəli məqaləsində yazırdı: "...yaxşı olardı ki, bütün Zaqafqaziya üçün Azərbaycan dilində, heç olmasa, bircə qəzet nəşr oluna idi və Rusiya müsəlmanlarına aid olan cari məsələlər həmin qəzetdə müzakirə edilə idi. O zaman cəmiyyətin də öz ana dilində qəzet oxuyub ondan tələb olunan şeyləri və nədə geri qaldığını bilməyə imkanı olardı”.
Görkəmli publisist Mirzə Cəlilin də dövrü mətbuatın fəaliyyətinə həsr etdiyi "İrşad”, "Rəhbər”, "Məslək”, "Tərcüman”, "İşıq”, "Molla Nəsrəddin”in birinci nömrəsi” adlı məqalələrində həmin mətbu orqanlar haqqında yetərincə informasiya var.
"Mətbuatı olmayan millətin mövcudiyyəti, istiqbalı qətiyyən yoxdur” deyən M. Cəlilin amal dostu Ömər Faiq Nemanzadənin "Əhməd bəy Ağayev”, "Molla Nəsərəddin” bağlandı”, "Haşım bəy üçün”, "Açıq sözlər”, "Dəvət”, "Dərdimiz və dərmanımız”, "Şərqi-rus” qəzeti” və s. məqalələrində Azərbaycan mətbuatının yaranmasında, inkişafında M. Cəlilin, Ə. Ağaoğlunun, N. Vəzirovun misilsiz xidmətlərindən geniş söhbət açılır. "Mətbuat” adlı məqaləsində Ömər Faiq Nemanzadə yazırdı: "Millətlərin dərəceyi-tərəqqiləri məhz bir şeylə ölçülür ki, o da ancaq mətbuatdır. Hansı məmləkətdə çoxlu nəfli, davamlı, nüfuzlu mətbuat var isə ən mütərəqqi və mədəni məmləkət də oradır. Mətbuatı olmayan millətin mövcudiyyəti-istiqbalı qətiyyən yoxdur”.
1910-cu ildən sonra dövrü mətbuatda ədəbi-tənqidi məqalələr çap etdirən” Yusif Vəzir Çəmənzəminli "Azərbaycan mətbuatının inkişaf yolları” və "Molla Nəsrəddin” satirasının əhəmiyyəti” adlı məqalələrində mətbuatın inkişafı üçün mühüm təkliflər, mülahizələr irəli sürüb. O, "Molla Nəsrəddin”i "Azərbaycan mətbuatının zinəti”, Mirzə Cəlili isə "ədəbi dövrün başçısı” adlandırırdı.
Azərbaycan mətbuatının ilk nümunəsi, Həsən bəy Zərdabi tərəfindən 1875-ci ildə nəşrə başlayan "Əkinçi" qəzetidir. "Əkinçi" qəzetinin ilk sayı 22 iyul tarixində işıq üzü gördüyü üçün bu tarix Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.
"Əkinçi" qəzeti ilə başlayan Azərbaycan mətbuatı tarixi, xalqın maariflənməsi və milli şüurun oyanması yolunda mühüm rol oynamışdır. Qəzet, əsasən, kənd təsərrüfatı, təhsil, maariflənmə və milli məsələlərə dair məqalələr dərc edirdi. "Əkinçi"nin nəşri, həmçinin Azərbaycan dilinin islahatına da təsir göstərmiş, ilk dəfə durğu işarələrindən istifadə edilməsinə şərait yaratmışdır.
Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir. Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Jurnalistlərin dostu adını qazanmış Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə informasiya vasitələri üzərində dövlət senzurasını ləğv etdi.
Göstərilən ali siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, habelə qəzet və jurnal bolluğu yaranmışdır. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanmış və qəbul olunmuşdur.
Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin azad mətbuatın inkişafı istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir. Cənab İlham Əliyev daim bu çağırışı edir ki, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıb. Həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndiririk.
Tarixi Zəfərimizdən sonra başlanan yeni dövr islahatları, təkmilləşməni bir zərurət kimi qarşıya qoydu. Bu baxımdan mətbuat ilə bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Dövlətimizin başçısı İlham Əliyev 12 yanvar 2021-ci il tarixdə “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzaladı. Medianın inkişafının dəstəklənməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə imzalanan sənədə əsasən Medianın İnkişafı Agentliyi yaradıldı.
Atılan hər bir addım dövlətimizin azad mətbuatın inkişafına diqqət və qayğısının aydın mənzərəsini yaradır. Qalib, bütövləşən Azərbaycanın mətbuatı özünün sürətli inkişaf dövrünü yaşayır. Bu gün Azərbaycan mətbuatı, müxtəlif sahələrdə fəaliyyət göstərən çoxsaylı nəşrləri ilə ölkə həyatında mühüm yer tutur. Milli Mətbuat Günü isə, mətbuat işçilərinin peşə bayramı olmaqla yanaşı, xalqın maariflənməsində və milli dövlətçilik ənənələrinin qorunub saxlanmasında mətbuatın rolunu xatırladır.

Qismət Həbibov
YAP Biləsuvar rayon təşkilatı Yuxarı Ağalı kənd ərazi partiya təşkilatının sədri

Digər xəbərlər