PDF Oxu

Siyasət

  • 1 521

Milli mətbuat: inkişaf və yeni çağırışlar - MƏQALƏ

image

Mətbuat hər bir xalqın intellektual və mənəvi inkişafında mühüm rol oynayan, elm, təhsil və mədəni dəyərlərin təbliğini təmin edən, ictimai maarifləndirməyə xidmət göstərən əsas vasitələrdən biridir. Azərbaycan mətbuatı XIX əsrin sonlarından etibarən ölkənin ictimai-siyasi və mədəni həyatında baş verən prosesləri işıqlandıraraq zəngin inkişaf yolu keçdi, böyük təcrübə qazandı və bu gün müasir dünya mediasında özünəməxsus yer tutmaqdadır.Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzeti ilə qoyuldu.

Ana dilində işıq üzü görən ilk qəzet kimi “Əkinçi” yalnız elm, təhsil, mədəniyyət və kənd təsərrüfatı mövzularını işıqlandırmaqla kifayətlənmədi, eyni zamanda milli dilin, milli kimliyin və mədəni irsin qorunması və təbliği istiqamətində müstəsna rol oynadı. Bu nəşr sonrakı dövrdə milli mətbuatın formalaşmasına və medianın inkişafına güclü təkan verdi.Həsən bəy Zərdabinin böyük fədakarlıqla yaratdığı “Əkinçi” qəzeti xalqın milli oyanışında yeni mərhələnin əsasını qoydu. “Daxili xəbərlər”, “Əkin və zirayət xəbərləri”, “Elm xəbərləri” və “Təzə xəbərlər” bölmələri vasitəsilə müxtəlif mövzularda oxuculara məlumat çatdıran qəzet cəmi 56 nömrə nəşr olunsa da, maarifçilik ideyalarının yayılmasında əvəzsiz rol oynadı. Lakin onun fəaliyyəti çar Rusiyası tərəfindən 1877-ci ilin sentyabrında dayandırıldı. Buna baxmayaraq, “Əkinçi” Azərbaycan mətbuat tarixində silinməz iz qoyaraq milli jurnalistika ənənələrinin təməlini formalaşdırdı və sonrakı qəzet və jurnallar üçün örnəyə çevrildi.XIX əsrin sonu və XX əsrin əvvəlləri Azərbaycan mətbuatının yüksəliş dövrü kimi xarakterizə olunur. Həmin illərdə nəşr olunan “Kəşkül”, “Füyuzat”, “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Şərqi-Rus”, “Həyat”, “Dəbistan”, “Təzə Həyat”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq Söz”, “İrşad” və “Molla Nəsrəddin” kimi qəzet və jurnallar dövrün ictimai-siyasi, sosial və mədəni hadisələrini əks etdirərək maarifçilik hərəkatının inkişafına mühüm töhfələr verdi. Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə nəşr olunan “Kaspi” qəzeti də Həsən bəy Zərdabinin ideyalarını davam etdirən mühüm mətbuat orqanlarından biri oldu. Bu nəşrlər milli düşüncənin formalaşmasında və istiqlal ideyalarının yayılmasında əhəmiyyətli rol oynadı.Ötən il Azərbaycanda milli mətbuatın yaranmasının 150 illiyi qeyd edildi. Prezident İlham Əliyevin imzaladığı 3 fevral 2025-ci il tarixli fərmanla “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı təsis edildi, 25 aprel 2025-ci il tarixli Sərəncamla isə yubiley tədbirlərinin keçirilməsi təmin olundu.Mətbuat cəmiyyətin həyatını əks etdirən güzgü olmaqla yanaşı, ictimai rəyin formalaşmasına, milli-mənəvi dəyərlərin qorunmasına və maarifçilik ənənələrinin inkişafına mühüm təsir göstərir. Uzun inkişaf yolu keçən Azərbaycan mətbuatı bu gün zəngin ənənələrə malik güclü ictimai institut kimi fəaliyyət göstərir. Milli Mətbuat Günü isə təkcə peşə bayramı deyil, həm də söz azadlığı uğrunda mübarizə aparan media nümayəndələrinin əməyinə verilən yüksək dəyərin ifadəsidir.Azərbaycan mətbuatının inkişafında həyata keçirilən dövlət islahatları mühüm rol oynayıb. 1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkənin bütün sahələrində olduğu kimi, media sahəsində də mühüm islahatlar aparıldı. Söz və məlumat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırıldı, senzura ləğv edildi, medianın hüquqi və iqtisadi bazası möhkəmləndirildi. Eyni zamanda, mətbuatın müstəqil fəaliyyətini təmin edən qanunvericilik bazası yaradıldı, vətəndaş cəmiyyətinin inkişafında medianın rolunun artırılması istiqamətində ardıcıl addımlar atıldı.Heydər Əliyevin mətbuatın inkişafına göstərdiyi diqqət və qayğı Azərbaycanda demokratik media mühitinin formalaşmasına mühüm töhfə verdi. “Jurnalistlərin dostu” kimi tanınan Ulu Öndər, ölkənin mürəkkəb dövründə belə mətbuat azadlığının qorunmasını prioritet hesab etmiş və 1998-ci ildə dövlət senzurasını ləğv etməklə milli medianın inkişafında yeni mərhələnin əsasını qoymuşdur.Azərbaycanda media azadlığının təmin edilməsi istiqamətində həyata keçirilən siyasət nəticəsində kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün əlverişli şərait formalaşdırılmış, plüralizm prinsipləri möhkəmləndirilmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” medianın institusional inkişafına mühüm töhfələr vermişdir.Müasir dövrdə Azərbaycanın əldə etdiyi uğurlar milli medianın qarşısında yeni məsuliyyət müəyyənləşdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, mətbuat informasiya cəmiyyətinin qurulmasına, şəffaflığın və sosial ədalətin möhkəmləndirilməsinə, milli həmrəyliyin gücləndirilməsinə və milli-mənəvi dəyərlərin təbliğinə xidmət etməlidir. Jurnalistlər peşəkarlıq, obyektivlik, qərəzsizlik və vətənpərvərlik prinsiplərinə sadiq qalmalı, söz və məlumat azadlığından sui-istifadə hallarına qarşı prinsipial mövqe nümayiş etdirməlidirlər.Rəqəmsal texnologiyaların sürətli inkişafı Azərbaycan mətbuatının da fəaliyyət istiqamətlərini əhəmiyyətli dərəcədə dəyişmişdir. Hazırda ölkədə ənənəvi mətbuatla yanaşı, onlayn media və rəqəmsal informasiya platformaları da geniş inkişaf edib. Bu proses Azərbaycan jurnalistikasının müasir dövrün çağırışlarına uğurla uyğunlaşdığını və qlobal informasiya məkanında mövqeyini daha da möhkəmləndirdiyini göstərir.Azərbaycan milli mətbuatının inkişafı və zəngin irsinin qorunması istiqamətində həyata keçirilən dövlət siyasəti ardıcıl xarakter daşıyır.Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında milli mətbuatın 125, 130, 135, 140, 145 və 150 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi jurnalistika tariximizin təbliği, milli mətbuat ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.Qloballaşma, rəqəmsal transformasiya və informasiya texnologiyalarının sürətli inkişafı media sahəsində yeni idarəetmə mexanizmlərinin formalaşdırılmasını zəruri etdi. Bu məqsədlə Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli Fərmanı ilə media islahatlarının yeni mərhələsinə start verildi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldı. Agentlik media subyektlərinin institusional inkişafı, iqtisadi dayanıqlığının artırılması və müasir informasiya mühitinə uyğun fəaliyyət göstərməsi istiqamətində mühüm layihələr həyata keçirir.Media sahəsində aparılan islahatların əsas tərkib hissələrindən biri də 30 dekabr 2021-ci ildə qəbul edilmiş “Media haqqında” Qanundur.Həmin qanun media fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən etməklə yanaşı, informasiya təhlükəsizliyinin gücləndirilməsi, milli medianın rəqabət qabiliyyətinin artırılması və peşəkar jurnalistikanın inkişafı üçün müasir hüquqi baza formalaşdırır. Qanun rəqəmsal dövrün tələblərinə uyğun çevik və şəffaf media sisteminin qurulmasına xidmət edir.İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı internet jurnalistikasının sürətlə genişlənməsinə səbəb oldu. Onlayn media operativ informasiya mübadiləsini təmin etməklə yanaşı, ictimai rəyin formalaşdırılmasında və vətəndaşların məlumatlandırılmasında mühüm rol oynayır.Eyni zamanda jurnalistlərin beynəlxalq təlim və təcrübə proqramlarında iştirakı onların peşəkarlığının artırılmasına və milli medianın beynəlxalq standartlara uyğun inkişafına töhfəverir.Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş söz və mətbuat azadlığı prinsipləri ölkədə müstəqil və azad medianın fəaliyyətini təmin edən əsas hüquqi dayaqlardan biridir. Bu prinsiplər media institutunun həm ictimai nəzarətin həyata keçirilməsində, həm də cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasında rolunu daha da gücləndirir.Dövlət siyasətinin prioritet istiqamətlərindən biri də jurnalistlərin sosial rifahının yaxşılaşdırılmasıdır. Son illər media nümayəndələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə müxtəlif dəstək proqramları həyata keçirildi, mənzil və ipoteka imkanları genişləndirildi. Xüsusilə Media Reyestrində qeydiyyatda olan jurnalistlər üçün güzəştli ipoteka mexanizminin tətbiqi bu sahəyə göstərilən dövlət qayğısının bariz nümunəsidir.Media subyektlərinin maliyyə dayanıqlığının gücləndirilməsi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliklər nəticəsində media fəaliyyəti ilə bağlı gəlirlər və bir sıra xidmətlər üçün vergi güzəştləri tətbiq edildi. Bu addımlar milli media məhsullarının istehsalını stimullaşdırmağa, reklam bazarını inkişaf etdirməyə və informasiya sektorunun rəqabət qabiliyyətini artırmağa xidmət edir.Dövlətin mətbuata verdiyi yüksək qiymətin göstəricilərindən biri də “Jurnalistlərin dostu” mükafatıdır. Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə bu mükafata layiq görülməsi dövlət-media münasibətlərinin qarşılıqlı etimada əsaslandığını və medianın inkişafına göstərilən diqqəti nümayiş etdirir.Peşəkar jurnalistika cəmiyyətin obyektiv informasiya ilə təmin edilməsində xüsusi məsuliyyət daşıyır. Dezinformasiyanın geniş yayıldığı müasir şəraitdə jurnalistlər peşə etikası prinsiplərinə sadiq qalmalı, milli maraqları qorumaqla ictimaiyyətə dəqiq və qərəzsiz informasiya təqdim etməlidirlər.Azad söz və plüralizm demokratik cəmiyyətin əsas göstəricilərindən biridir.Azərbaycanda media azadlığının hüquqi əsaslarının möhkəmləndirilməsi və müasir media mühitinin formalaşdırılması bu istiqamətdə həyata keçirilən ardıcıl dövlət siyasətinin nəticəsidir.Prezident İlham Əliyevin də vurğuladığı kimi, söz və mətbuat azadlığının təmin edilməsi demokratik inkişafın mühüm şərtlərindəndir. Bu istiqamətdə həyata keçirilən islahatlar ölkədə media institutunun daha da güclənməsinə və ictimai etimadın artmasına xidmət edir.Azərbaycan mediası həm Birinci Qarabağ müharibəsi, həm də 44 günlük Vətən müharibəsi dövründə informasiya cəbhəsində mühüm missiya yerinə yetirmişdir. Jurnalistlər Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması, düşmən dezinformasiyasının ifşa olunması və operativ məlumatlandırmanın təmin edilməsində əhəmiyyətli rol oynadılar.Vətən müharibəsi zamanı jurnalistlər çətin və təhlükəli şəraitdə fəaliyyət göstərərək informasiya təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verdilər, onların fədakarlığı dövlət tərəfindən yüksək qiymətləndirildi.Azərbaycan ilə Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq iki qardaş ölkənin informasiya təhlükəsizliyi, media təcrübəsinin mübadiləsi və dezinformasiyaya qarşı birgə mübarizə istiqamətində əməkdaşlığını daha da möhkəmləndirdi. Birgə Media Platforması bu əməkdaşlığın əsas mexanizmlərindən biridir.Bununla belə, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında vahid qurumun – Media və Yayım Şurasının yaradılması nəzərdə tutulur.Bununla bağlı “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlara müvafiq dəyişikliklərin edilməsi barədə qanun layihəsi 2026-cı il iyulun 14-ü Milli Məclisdə qəbul olunub.Media və Yayım Şurasının yurisdiksiyasına media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görmək,jurnalistlərin peşəkarlığını və məsuliyyətini artırmaq, media sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsilinin təşkili məqsədilə tədbirlər həyata keçirmək, həmçinin media nümayəndələri üçün müsabiqələr təşkil etmək, audiovizual məhsulların istehsalı və yayımı üzrə dövlət sifarişçisi kimi çıxış etmək, bu məqsədlə müsabiqələr keçirmək, media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində tədbirlər görmək, dezinformasiyanın yayılmasının qarşısının almaq, o cümlədən onun aşkarlanması, qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində tədbirlər görmək daxil olacaq.Şuşada 2023-cü il 21-23 iyul tarixlərində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” I, 2024-cü il 20-22 iyul tarixlərində “Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda II, 2025-ci il 19-21 iyul tarixlərində “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Qlobal Media Forumu keçirildi.2026-cı il 13-14 iyul tarixlərində “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilmiş IV Şuşa Qlobal Media Forumu çərçivəsində medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi aktual mövzular ətrafında panel müzakirələri, təkbətək görüşlər və interaktiv sessiyalar təşkil edildi.Bu gün Azərbaycan mediası yalnız informasiya yayan institut deyil, həm də milli maraqların qorunmasına, ictimai həmrəyliyin möhkəmləndirilməsinə və dövlətin kommunikasiya siyasətinin həyata keçirilməsinə töhfə verən mühüm strateji resursdur. Süni intellekt, rəqəmsallaşma və yeni media texnologiyalarının sürətli inkişafı fonunda milli medianın peşəkarlığının artırılması, media savadlılığının gücləndirilməsi və beynəlxalq informasiya məkanında mövqeyinin daha da möhkəmləndirilməsi qarşıdakı dövrün əsas prioritetləri olaraq qalır.

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Digər xəbərlər