PDF Oxu

Siyasət

  • 1 202

Tarixi missiyadan qlobal informasiya çağırışlarına - ŞƏRH

image

Azərbaycan milli mətbuatı yarandığı gündən yalnız xəbər və məlumat ötürən vasitə deyil, xalqımızın milli şüurunun formalaşmasına, maariflənməsinə, ictimai-siyasi düşüncəsinin inkişafına xidmət edən mühüm təsisat kimi çıxış edib. Bu mənada milli mətbuatımızın keçdiyi inkişaf yolu Azərbaycanın azadlıq, müstəqillik və dövlətçilik tarixindən ayrı təsəvvür oluna bilməz.

Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. Həqiqətən də, “Əkinçi”dən başlayaraq Azərbaycan mətbuatı xalqın maariflənməsində, milli özünüdərk prosesinin güclənməsində, mütərəqqi ideyaların yayılmasında və istiqlal düşüncəsinin formalaşmasında mühüm rol oynayıb.

“Əkinçi”dən başlanan tarixi yol

1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən nəşr edilən “Əkinçi” qəzeti Azərbaycan milli mətbuatının əsasını qoydu. Azərbaycan dilində nəşr olunan ilk qəzet kimi “Əkinçi” sadəcə yeni bir informasiya vasitəsi deyil, həmin dövrün ictimai və mədəni həyatında böyük yenilik idi.

Qəzetin 1875-ci ilin iyulundan 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun milli fikir tariximizdəki yeri və təsiri nəşr olunduğu sayların miqyası ilə ölçülə bilməz. “Əkinçi” cəhalətə, savadsızlığa və xurafata qarşı çıxaraq elmə, təhsilə, maarifçiliyə və ictimai tərəqqiyə çağırış edirdi. Qəzet həm ziyalılar, həm də sadə insanlar arasında böyük maraq doğurmuş, milli dilin və ictimai fikrin inkişafına mühüm töhfə vermişdi.

Çar Rusiyası “Əkinçi”nin insanların maariflənməsində və ictimai-siyasi proseslərə marağın artmasındakı rolundan narahat olaraq qəzetin nəşrini dayandırdı. Lakin “Əkinçi”nin formalaşdırdığı maarifçilik ənənəsi sonrakı dövrlərdə daha geniş miqyasda davam etdirildi.

“Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb” və “Açıq söz” kimi nəşrlər Azərbaycan mətbuatının inkişafında mühüm mərhələ yaratdılar. Bu qəzet və jurnallar milli dilin, ədəbiyyatın, maarifçilik hərəkatının və ictimai düşüncənin inkişafına xidmət etməklə yanaşı, xalqın milli kimlik və istiqlal ideyaları ətrafında birləşməsinə də böyük töhfə verdilər.

Ulu Öndər Heydər Əliyev və azad mətbuatın inkişafı

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli mətbuatın qarşısında yeni inkişaf imkanları ilə yanaşı, mürəkkəb vəzifələr də meydana çıxdı. Xüsusilə müstəqilliyin ilk illərində ölkədə yaşanan siyasi böhran, iqtisadi çətinliklər və idarəçilik problemləri media sahəsinə də mənfi təsir göstərirdi.

1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda ictimai-siyasi sabitliyin təmin edilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun həyata keçirilməsi milli medianın inkişafı üçün də möhkəm zəmin yaratdı.

Ulu Öndərin rəhbərliyi dövründə söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirildi, jurnalistlərin peşə fəaliyyətinin və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atıldı.

Ən mühüm tarixi qərarlardan biri 1998-ci ilin avqustunda kütləvi informasiya vasitələri üzərində dövlət senzurasının tamamilə ləğv edilməsi oldu. Mürəkkəb geosiyasi şəraitdə, ölkənin müharibə vəziyyətində yaşadığı bir dövrdə qəbul edilən bu qərar Ulu Öndər Heydər Əliyevin azad sözə, demokratik prinsiplərə və milli mətbuatın inkişafına verdiyi yüksək dəyərin ifadəsi idi.

Senzuranın ləğvi ölkədə azad mətbuatın formalaşması, qəzet və jurnalların sayının artması, fikir müxtəlifliyinin və siyasi plüralizmin genişlənməsi üçün yeni şərait yaratdı. Məhz bu siyasətin nəticəsi olaraq Ulu Öndər Heydər Əliyev Azərbaycan jurnalistləri tərəfindən “Jurnalistlərin dostu” adına layiq görüldü.

Prezident İlham Əliyevin rəhbərliyi ilə medianın inkişafının yeni mərhələsi

Ulu Öndər Heydər Əliyevin milli mətbuatın inkişafına yönələn siyasəti Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir.

Dövlətimizin başçısı mətbuatı cəmiyyətin informasiya ilə təmin olunmasında, milli maraqların müdafiəsində, demokratik inkişafın dərinləşdirilməsində və dövlət-cəmiyyət münasibətlərinin möhkəmləndirilməsində mühüm institut kimi qiymətləndirir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, mətbuat qərəzsiz, çevik və operativ fəaliyyət göstərməli, insanları dolğun məlumatlarla təmin etməlidir. Azərbaycan mediasının həm operativliyi, həm də milli maraqların müdafiəsi sahəsindəki fəaliyyəti dövlətimizin başçısı tərəfindən hər zaman yüksək qiymətləndirilib.

Son illərdə media sahəsinin qanunvericilik və institusional əsaslarının təkmilləşdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilib. Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə Medianın İnkişafı Agentliyinin yaradılması ölkənin media siyasətində yeni mərhələnin başlanğıcı oldu.

Agentliyin fəaliyyəti çap və onlayn medianın inkişaf etdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması və müasir media layihələrinin dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

2021-ci il dekabrın 30-da qəbul edilən “Media haqqında” Azərbaycan Respublikasının Qanunu isə media fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müasir dövrün tələblərinə uyğun müəyyənləşdirdi. Qanun Azərbaycanın informasiya məkanının təhlükəsizliyinin təmin edilməsinə, yerli medianın rəqabət qabiliyyətinin artırılmasına, informasiya mühitinin sağlamlaşdırılmasına və jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə xidmət edir.

Media sahəsində idarəetmə mexanizmlərinin daha çevik və səmərəli qurulması məqsədilə institusional islahatların davam etdirilməsi də dövlətin bu istiqamətə verdiyi əhəmiyyəti göstərir. Media və Yayım Şurasının yaradılmasını nəzərdə tutan dəyişikliklər çap, onlayn və audiovizual media arasında getdikcə silinən sərhədlər fonunda media sahəsinə vahid və kollegial yanaşmanın formalaşdırılmasına xidmət edir.

Medianın iqtisadi və sosial əsaslarının gücləndirilməsi

Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən biri də media subyektlərinin iqtisadi dayanıqlılığının və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsidir.

2023-cü il yanvarın 1-dən media subyektlərinin media fəaliyyəti ilə bağlı əldə etdikləri gəlirlərin, o cümlədən reklam gəlirlərinin və dövlət tərəfindən göstərilən maddi yardımların müəyyən müddətə gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən azad edilməsi milli media məhsullarının istehsalının stimullaşdırılmasına yönələn mühüm addımdır.

Media məhsullarının təqdim edilməsinin əlavə dəyər vergisindən azad olunması da bu sahənin iqtisadi imkanlarının genişləndirilməsinə, media subyektlərinin maliyyə müstəqilliyinin artırılmasına və rəqabət qabiliyyətli milli informasiya resurslarının yaradılmasına xidmət edir.

Jurnalistlərin mənzil və sosial şəraitinin yaxşılaşdırılması, onların güzəştli ipoteka imkanlarından istifadə hüququnun genişləndirilməsi, media nümayəndələrinin fəxri adlar və dövlət mükafatları ilə təltif olunması mətbuat işçilərinin əməyinə göstərilən yüksək diqqətin bariz nümunəsidir.

Prezident İlham Əliyevin müxtəlif illərdə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi də dövlətimizin başçısının mətbuata açıq münasibətinin, jurnalistlərlə davamlı dialoqunun və media sahəsinin inkişafına göstərdiyi diqqətin ictimai qiymətidir.

Azərbaycan mediası informasiya müharibəsinin ön cəbhəsində

Müasir dövrdə media yalnız ictimaiyyəti məlumatlandıran vasitə deyil, dövlətlərin milli təhlükəsizliyinin və strateji maraqlarının qorunmasında mühüm rol oynayan güc mərkəzidir.

Azərbaycan mediası həm Birinci Qarabağ müharibəsi, həm də 44 günlük Vətən müharibəsi dövründə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Jurnalistlərimiz cəbhə bölgələrindən operativ məlumatlar çatdırıb, Ermənistanın və erməni lobbisinin yalan təbliğatına qarşı mübarizə aparıb, Azərbaycan həqiqətlərini yerli və beynəlxalq ictimaiyyətə təqdim ediblər.

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan mediası xalqımızın həmrəyliyinin və milli birliyinin möhkəmləndirilməsində, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı tarixi nailiyyətlərin cəmiyyətə çatdırılmasında mühüm rol oynadı.

Azərbaycan jurnalistləri döyüş bölgələrində peşəkarlıq və fədakarlıq nümayiş etdirdilər. Onların bir qismi hərbi əməliyyatların gedişini işıqlandırarkən həyatlarını təhlükəyə atdı, bir sıra media nümayəndələri isə göstərdikləri xidmətlərə görə müxtəlif medallarla təltif olundular.

Postmüharibə dövründə də Azərbaycan mediası işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini, Böyük Qayıdış prosesini, regionda yaranan yeni geosiyasi reallıqları və Azərbaycanın sülh gündəliyini dünya ictimaiyyətinə çatdırmaq missiyasını davam etdirir.

Şuşa Qlobal Media Forumu – beynəlxalq media dialoqunun mühüm platforması

Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın qlobal media dialoqunun aparıldığı beynəlxalq platformaya çevrilməsi xüsusi tarixi və siyasi məna daşıyır.

2023-cü ildən etibarən Şuşada keçirilən Qlobal Media Forumları media nümayəndələri, ekspertlər və ictimai-siyasi xadimlər arasında qlobal informasiya məkanının aktual problemlərinin müzakirə edildiyi mühüm platforma kimi formalaşıb.

Forumlarda yeni media, dezinformasiya ilə mübarizə, rəqəmsal transformasiya, süni intellekt dövründə media dayanıqlılığı, informasiya təhlükəsizliyi və məsuliyyətli jurnalistika kimi aktual mövzular müzakirə olunub.

2026-cı il iyulun 13-14-də “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilmiş IV Şuşa Qlobal Media Forumu medianın yalnız informasiya yaymaq deyil, həm də xalqlar arasında qarşılıqlı etimadın yaradılması, sülhün təşviqi və həqiqətlərin bərpası prosesində mühüm rol oynadığını bir daha nümayiş etdirdi.

Forum çərçivəsində sərhədlərarası media dialoqu, ictimai etimadın bərpası, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika ətrafında aparılan müzakirələr Azərbaycanın qlobal informasiya gündəliyinin formalaşmasında fəal iştirak etdiyini göstərdi.

Rəqəmsal dövrün yeni çağırışları

Müasir informasiya texnologiyalarının sürətli inkişafı ənənəvi jurnalistikanın fəaliyyət prinsiplərini əhəmiyyətli dərəcədə dəyişdirir. İnternet mediası və sosial platformalar informasiyanın hazırlanması və yayılması imkanlarını genişləndirsə də, yeni risklər də meydana çıxarır.

Saxta xəbərlər, məqsədli dezinformasiya kampaniyaları, manipulyativ məzmunlar, süni intellekt vasitəsilə yaradılan saxta görüntü və məlumatlar, sosial şəbəkələrdə yayılan yoxlanılmamış informasiyalar media savadlılığının və peşəkar jurnalistikanın əhəmiyyətini daha da artırır.

Bu şəraitdə jurnalistdən yalnız xəbəri sürətlə yaymaq deyil, informasiyanın doğruluğunu yoxlamaq, mənbələri dəqiqləşdirmək, hadisələri obyektiv təhlil etmək və ictimaiyyət qarşısında peşə məsuliyyəti daşımaq tələb olunur.

Azərbaycan mediası qlobal informasiya şəbəkəsinin fəal iştirakçısı kimi müasir texnologiyaların imkanlarından yararlanmalı, eyni zamanda milli informasiya təhlükəsizliyinin qorunmasına xüsusi diqqət yetirməlidir.

Söz və mətbuat azadlığı jurnalistə geniş imkanlar verdiyi kimi, böyük məsuliyyət də yaradır. Azadlıqdan sui-istifadə edilməsi, yoxlanılmamış məlumatların yayılması, şəxsi və ya siyasi maraqlar naminə ictimai rəyin manipulyasiya olunması peşəkar jurnalistikanın prinsipləri ilə ziddiyyət təşkil edir.

Dövlətçilik maraqları və peşəkar məsuliyyət

Azərbaycan jurnalistikasının əsas prinsipləri peşəkarlıq, obyektivlik, qərəzsizlik, operativlik, yüksək milli şüur və vətənpərvərlik olmalıdır.

Media cəmiyyətdə mövcud olan problemləri işıqlandırmalı, ictimai nəzarətin həyata keçirilməsinə töhfə verməli, insanların dolğun və düzgün məlumat əldə etmək hüququnu təmin etməlidir. Bununla yanaşı, Azərbaycanın dövlətçilik maraqları, milli təhlükəsizliyi və beynəlxalq mövqeyi hər zaman diqqətdə saxlanılmalıdır.

Azərbaycan mediası dövlətimizin uğurlarını, ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatları, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərini və Azərbaycanın beynəlxalq təşəbbüslərini obyektiv və peşəkar formada dünya ictimaiyyətinə təqdim etməlidir.

Bu gün milli informasiya resurslarımızın qlobal informasiya məkanındakı mövqelərinin gücləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Xarici dillərdə peşəkar media məzmunlarının hazırlanması, beynəlxalq media qurumları ilə əməkdaşlığın genişləndirilməsi, yeni texnologiyaların tətbiqi və jurnalistlərin peşə hazırlığının yüksəldilməsi Azərbaycanın informasiya imkanlarını daha da artıracaq.

Milli mətbuat gələcəyə inamla addımlayır

151 illik şərəfli inkişaf yolu keçən Azərbaycan milli mətbuatı bu gün ölkəmizin ictimai-siyasi həyatının mühüm təsisatlarından biridir.

“Əkinçi”nin əsasını qoyduğu maarifçilik və milli özünüdərk ənənəsi müasir dövrdə peşəkar, çevik, rəqəmsal və milli maraqlara söykənən media modeli ilə davam etdirilir. Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı azad mətbuat siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni çağırışlara uyğun şəkildə inkişaf etdirilir.

Bu gün Azərbaycan mediası ölkənin tərəqqisinin, müasir cəmiyyət quruculuğunun və milli həmrəyliyin fəal iştirakçısıdır. Qarşıdakı dövrdə süni intellekt, rəqəmsallaşma, dezinformasiya ilə mübarizə, media savadlılığı və informasiya təhlükəsizliyi kimi məsələlər milli mətbuatımızın inkişaf istiqamətlərini müəyyənləşdirəcək.

Əminliklə demək olar ki, Azərbaycan jurnalistləri bundan sonra da xalqımızın dolğun və düzgün məlumat əldə etmək hüququnun təmin olunmasına, milli dövlətçilik maraqlarının qorunmasına və ölkəmizin həqiqətlərinin dünyaya çatdırılmasına layiqli töhfələr verəcəklər.

22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində yeni uğurlar arzulayırıq.

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Digər xəbərlər