İyulun 22-si Azərbaycan milli mətbuatının yaranmasının növbəti ildönümüdür. Bu gün xalqımızın milli özünüdərk tarixinin, maarifçilik ideyalarının, azad söz ənənələrinin və milli dövlətçilik düşüncəsinin formalaşmasında mühüm rol oynayan Azərbaycan mətbuatının şərəfli inkişaf yoluna nəzər salmaq üçün əlamətdar gündür.
Düz 151 il əvvəl – 1875-ci il iyulun 22-də böyük maarifçi, alim və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr edilən "Əkinçi" qəzeti Azərbaycan milli mətbuatının təməl daşını qoydu. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, "Əkinçi" milli düşüncənin oyanmasına, ana dilinin qorunmasına, maarifçiliyin yayılmasına, cəhalətə və xurafata qarşı mübarizəyə misilsiz töhfələr verdi. Sonrakı illərdə yaranan yüzlərlə qəzet və jurnal məhz bu müqəddəs yolun davamçısına çevrildi.
Ulu Öndər Heydər Əliyevin dediyi kimi, "Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir." Əlbəttə təsadüfi söylənilməyən bu fikirdə görürük ki, milli mətbuatımız müxtəlif tarixi dövrlərdə xalqın azadlıq ideallarını yaşadıb, milli-mənəvi dəyərlərin qorunmasına xidmət edib, ictimai fikrin formalaşmasında əvəzsiz rol oynayıb.
XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanın ictimai-siyasi həyatında baş verən mühüm dəyişikliklər milli mətbuatın inkişafını zərurətə çevirdi. Maarifçilik hərəkatının genişlənməsi, milli ziyalı təbəqəsinin formalaşması, xalqın elmə və təhsilə marağının artması mətbuatın cəmiyyət həyatında mühüm tribuna kimi meydana çıxmasına səbəb oldu. Məhz buna görə də "Əkinçi" həm də milli oyanışın manifesti idi.
Azərbaycan mətbuatı ötən əsrlər ərzində ağır sınaqlardan keçib. Müxtəlif dövrlərdə senzura, qadağalar, siyasi təzyiqlərlə üzləşsə də, həqiqət yolundan dönməyib. Müstəqillik illərində isə ölkəmizdə söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atıldı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1998-ci ildə senzuranın ləğvi milli media tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu qərar jurnalistikanın sərbəst inkişafına, cəmiyyətin obyektiv məlumatlandırılmasına və demokratik dəyərlərin möhkəmlənməsinə geniş imkanlar açdı.
Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının media nümayəndələrinə ünvanladığı təbrik məktublarında da vurğulandığı kimi, Azərbaycan mətbuatı artıq yüksək inkişaf mərhələsinə çatıb və milli maraqların qorunmasında mühüm missiya yerinə yetirir. "Media haqqında" Qanunun qəbul olunması, Medianın İnkişafı Agentliyinin yaradılması, jurnalistlərin peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi bu sahəyə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Müasir dövrdə informasiya məkanı əvvəlki dövrlərlə müqayisədə tamamilə fərqli xarakter daşıyır. İnformasiya saniyələr içində dünyanı dolaşır, sosial şəbəkələr milyonlarla insanın əsas xəbər mənbəyinə çevrilir. Belə bir şəraitdə peşəkar medianın məsuliyyəti daha da artır. Çünki operativlik nə qədər vacibdirsə, obyektivlik, dəqiqlik, qərəzsizlik və peşə etikası da bir o qədər önəmlidir. Həqiqəti ilk çatdırmaq qədər, doğru çatdırmaq da jurnalistin əsas vəzifəsidir.
Bu gün medianı yalnız xəbər istehsal edən sahə kimi düşünməməliyik, o, cəmiyyətlə dövlət arasında etibarlı körpüdür, ictimai rəyin formalaşmasına təsir edən mühüm institutdur. İnsanların maariflənməsi, milli həmrəyliyin möhkəmlənməsi, vətəndaş məsuliyyətinin artırılması məhz peşəkar jurnalistikanın fəaliyyətindən birbaşa asılıdır. Demokratik cəmiyyətlərin əsas dayaqlarından biri də məhz azad və məsuliyyətli mətbuatdır.
Azərbaycan jurnalistləri hər zaman dövlət və xalq maraqlarını üstün tutaraq fəaliyyət göstəriblər. Birinci Qarabağ müharibəsi illərində olduğu kimi, 44 günlük Vətən müharibəsində də media nümayəndələri informasiya cəbhəsində böyük fədakarlıq nümayiş etdirdilər. Döyüş bölgələrindən hazırlanan reportajlar, dünya ictimaiyyətinə çatdırılan həqiqətlər, erməni təxribatlarının ifşası Azərbaycanın informasiya müharibəsində qazandığı uğurların mühüm hissəsinə çevrildi.
Bu gün isə işğaldan azad olunmuş torpaqlarda aparılan bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramı, yeni şəhər və kəndlərin salınması, tarixi abidələrin bərpası Azərbaycan mediasının diqqət mərkəzindədir. Jurnalistlər bu tarixi prosesləri gələcək nəsillər üçün sənədləşdirərək əsl salnamə yaradırlar.
Tarixə nəzər salsaq, Azərbaycan milli mətbuatının tarixini yalnız paytaxtda fəaliyyət göstərən nəşrlər yazmayıb. Bölgə mətbuatı da bu böyük salnamənin ayrılmaz hissəsidir. Rayon qəzetləri onilliklər ərzində bölgələrin ictimai-siyasi, iqtisadi, mədəni və ədəbi həyatını yaşadaraq gələcək nəsillərə qiymətli irs ötürüblər.
Biləsuvar rayonunun mətbuat tarixi bunun bariz nümunəsidir. Rayonun ilk qəzeti 1931-ci ildən fəaliyyət göstərərək müxtəlif dövrlərdə "Qırmızı pambıqçı", "Yeni Muğan", daha sonra isə "Məhsul" adı ilə nəşr olunub. Bu gün artıq 95 illik tarixə malik olan həmin qəzetin hər nömrəsi bir dövrün aynasıdır. Onun saralmış səhifələrində rayonun ictimai-siyasi həyatı, kənd təsərrüfatının inkişafı, zəhmət adamlarının uğurları, ziyalıların fəaliyyəti, mədəni tədbirlər və insanların taleyi yaşayır. Əbəs yerə demirlər ki, köhnə qəzetlər xalqın yaddaşıdır. Həqiqətən də "Məhsul" qəzetinin hər səhifəsində bir tarix yatır desək, yanılmarıq.
2005-ci ildən fəaliyyətə başlayan Biləsuvarın müstəqil ictimai-siyasi və ədəbi qəzeti "Region-Press" isə rayon mediasında yeni mərhələnin əsasını qoydu. Müasir jurnalistikanın prinsiplərinə söykənən bu nəşr bölgənin ictimai həyatını, sosial problemlərini, mədəni mühitini, ədəbi yaradıcılığını və ziyalılarını geniş şəkildə işıqlandıraraq oxucuların rəğbətini qazandı. Beləliklə, "Qırmızı pambıqçı", "Yeni Muğan", "Məhsul" və "Region-Press" qəzetləri birlikdə Biləsuvarın mətbuat salnaməsini yaratdılar və milli mətbuat tariximizin dəyərli səhifələrinə çevrildilər.
Bu gün artıq ənənəvi media ilə yanaşı televiziya, radio, xəbər portalları və rəqəmsal platformalar vahid informasiya məkanını formalaşdırır. Süni intellekt, rəqəmsal texnologiyalar və sosial media informasiya istehsalını sürətləndirsə də, jurnalistin vicdanını, peşəkarlığını və məsuliyyətini əvəz edə bilməz. Çünki cəmiyyət hər zaman həqiqəti peşəkar jurnalistin qələmində və sözündə axtarır.
Milli mətbuatımızın 151 illik yolu həm də böyük fədakarlıqlar tarixidir. Bu yolda ömrünü qələminə, sözünə, həqiqətə həsr edən minlərlə jurnalist çalışıb. Onların əməyi sayəsində tariximiz yazılıb, milli yaddaşımız qorunub, gələcək nəsillərə zəngin mənəvi irs ötürülüb.
Bu gün Azərbaycan mediası qarşısında duran əsas vəzifələrdən biri də informasiya təhlükəsizliyinin təmin olunması, dezinformasiyaya qarşı mübarizə, milli maraqların müdafiəsi və peşəkar jurnalistika ənənələrinin gələcək nəsillərə ötürülməsidir. Güclü dövlət güclü media ilə, güclü media isə cəmiyyətin etimadı ilə inkişaf edir.
Azərbaycan milli mətbuatı yüz əlli ildən artıq bir yol keçərək böyük məktəb formalaşdırıb. Bu məktəbin təməlində Həsən bəy Zərdabinin maarifçilik ideyaları, Ulu Öndər Heydər Əliyevin mətbuata verdiyi yüksək dəyər və Prezident İlham Əliyevin müasir media siyasəti dayanır. Bu zəngin irsə söykənən milli mətbuatımız bundan sonra da dövlətçiliyimizin möhkəmlənməsinə, cəmiyyətimizin maariflənməsinə, milli maraqlarımızın qorunmasına və Azərbaycanın dünyada daha layiqincə tanıdılmasına xidmət edəcək.
22 İyul – Milli Mətbuat Günü münasibətilə ömrünü həqiqətin keşiyində dayanmağa həsr etmiş bütün qələm sahiblərini, televiziya və radio jurnalistlərini, fotojurnalistləri, operatorları, redaktorları, nəşriyyat işçilərini və media ictimaiyyətini ürəkdən təbrik edir, hər birinə möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi, qələmlərinə qüvvət, sözlərinə etibar və yeni-yeni uğurlar arzulayırıq.
Samir Qurbanov
YAP Biləsuvar rayon təşkilatının fəalı, ARB televiziyasının bölgə müxbiri, AJB-nin üzvü