PDF Oxu

Siyasət

  • 570

22 İyul – Milli Mətbuat Günü: Milli mətbuatımızın inkişaf mərhələləri xalqımızın azadlıq və müstəqillik mübarizəsinin aynasıdır - ŞƏRH

image

“Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.”

Ulu Öndər Heydər Əliyev

Hər il iyulun 22-si Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Bu əlamətdar tarix 1875-ci il iyulun 22-də görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabinin təşəbbüsü ilə Azərbaycan dilində ilk milli qəzet olan “Əkinçi”nin nəşrə başlaması ilə bağlıdır. “Əkinçi” yalnız bir qəzet deyil, xalqın maariflənməsi, milli özünüdərk hissinin formalaşması və ictimai fikir tariximizin inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur.

Azərbaycan milli mətbuatı yarandığı gündən cəmiyyətin maariflənməsinə, elm və təhsilin təbliğinə, milli-mənəvi dəyərlərin qorunmasına xidmət etmişdir. “Əkinçi”dən sonra nəşr olunan “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin”, “İrşad”, “Açıq söz” və digər qəzet və jurnallar xalqın milli şüurunun formalaşmasına, azadlıq və istiqlal ideyalarının yayılmasına mühüm töhfələr vermişdir. Bu nəşrlər dövrün ictimai-siyasi hadisələrini işıqlandırmaqla yanaşı, milli dilimizin inkişafına, ədəbiyyatımızın və mədəniyyətimizin zənginləşməsinə də xidmət etmişdir.

Milli mətbuatımızın keçdiyi inkişaf yolu Azərbaycan xalqının azadlıq, demokratiya və müstəqillik uğrunda mübarizəsi ilə sıx bağlı olmuşdur. Mətbuat həmişə xalqın səsini dünyaya çatdıran, həqiqətləri müdafiə edən və milli maraqları qoruyan mühüm tribuna rolunu oynamışdır. Xüsusilə XX əsrin əvvəllərində milli istiqlal ideyalarının yayılmasında, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına aparan ictimai fikrin formalaşmasında mətbuatın misilsiz rolu olmuşdur.Sovet dövründə mətbuat müəyyən ideoloji çərçivələr daxilində fəaliyyət göstərsə də, milli dəyərlərin, dilimizin və mədəniyyətimizin yaşadılmasında öz missiyasını davam etdirmişdir. Müstəqilliyin bərpasından sonra isə Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoymuş, söz və məlumat azadlığının təmin olunması istiqamətində mühüm islahatlar həyata keçirilmişdir.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə demokratik dəyərlərin inkişafı, söz və mətbuat azadlığının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. 1998-ci ildə Azərbaycanda kütləvi informasiya vasitələri üzərində senzuranın ləğv edilməsi milli mətbuat tarixində mühüm dönüş nöqtəsi oldu. Bu qərar jurnalistikanın daha sərbəst və peşəkar inkişafı üçün geniş imkanlar yaratdı. Ulu Öndər mətbuatın cəmiyyət həyatındakı rolunu yüksək qiymətləndirərək jurnalistləri milli maraqların müdafiəsində mühüm qüvvə hesab edirdi.Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə milli mətbuatın inkişafı, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması, informasiya təhlükəsizliyinin gücləndirilməsi və media sahəsində müasir çağırışlara uyğun islahatların həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Medianın peşəkarlığının artırılması, rəqəmsal transformasiya və informasiya mühitinin sağlamlaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı medianın fəaliyyətini daha da genişləndirmişdir. Rəqəmsal media, internet informasiya resursları və sosial platformalar xəbərin operativ yayılmasına imkan yaratsa da, jurnalistikanın əsas prinsipləri – obyektivlik, qərəzsizlik, dəqiqlik və məsuliyyət dəyişməz olaraq qalır. Bu baxımdan milli mətbuatın üzərinə düşən məsuliyyət daha da artır.

44 günlük Vətən müharibəsi və sonrakı dövrdə Azərbaycan mediası informasiya cəbhəsində mühüm rol oynayaraq ölkəmizin haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmış, dezinformasiyalara qarşı mübarizədə peşəkarlıq nümayiş etdirmişdir. Bu, milli jurnalistikamızın dövlətçilik maraqlarına sədaqətinin və vətənpərvərlik mövqeyinin bariz nümunəsidir.

Bu gün 151 illik şərəfli inkişaf yolu keçən Azərbaycan milli mətbuatı zəngin ənənələrə söykənərək yeni dövrün çağırışlarına uyğun inkişaf edir. Həsən bəy Zərdabinin əsasını qoyduğu maarifçilik ideyaları müasir jurnalistikamızda da yaşayır və gələcək nəsillərə ötürülür.

Anar Əhmədov

YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər