Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də görkəmli maarifçi, publisist və təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən nəşr edilən “Əkinçi” qəzeti ilə qoyulmuşdur. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, “Əkinçi” Azərbaycan xalqının milli oyanışında, maarifçilik ideyalarının yayılmasında və milli mətbuat ənənələrinin formalaşmasında əvəzsiz rol oynamışdır. Məhz buna görə də hər il 22 iyul tarixi ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd edilir.
XIX əsrin ikinci yarısında Azərbaycan cəmiyyətində savadsızlığın geniş yayıldığı, milli dilin inkişafına və maariflənməyə ciddi ehtiyac duyulduğu bir dövrdə Həsən bəy Zərdabi böyük çətinliklərə baxmayaraq ana dilində qəzet nəşr etməyə nail oldu. Onun əsas məqsədi xalqı elmə, təhsilə və tərəqqiyə səsləmək, cəmiyyətin sosial problemlərini işıqlandırmaq, milli şüurun formalaşmasına töhfə vermək idi. “Əkinçi”nin səhifələrində kənd təsərrüfatı, elm, təhsil, səhiyyə, iqtisadiyyat və ictimai həyatla bağlı maarifləndirici yazılar dərc olunur, sadə və anlaşıqlı dildə oxuculara təqdim edilirdi.
“Əkinçi” qəzeti təkcə informasiya vasitəsi deyildi. O, xalqın milli özünüdərkinin formalaşmasına xidmət edən, azərbaycançılıq ideyalarının təbliğinə yol açan mühüm bir maarifçilik məktəbi idi. Qəzet insanları cəhalətdən uzaqlaşmağa, elmə yiyələnməyə, milli-mənəvi dəyərləri qorumağa və dövrün yeniliklərinə açıq olmağa çağırırdı. Həsən bəy Zərdabi hesab edirdi ki, cəmiyyətin tərəqqisi yalnız savadlı və məlumatlı insanların yetişməsi ilə mümkündür.
“Əkinçi”nin nəşrindən sonra Azərbaycanda milli mətbuatın inkişafı sürətləndi. “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar məhz “Əkinçi”nin açdığı yolla irəliləyərək milli mətbuat ənənələrini daha da zənginləşdirdilər. Bu nəşrlər xalqın maariflənməsinə, milli azadlıq ideyalarının yayılmasına və ictimai fikrin formalaşmasına mühüm töhfələr verdilər.
Müasir Azərbaycan mətbuatı da “Əkinçi”nin müəyyən etdiyi prinsiplərə – obyektivlik, maarifçilik, milli maraqların müdafiəsi və cəmiyyətə xidmət missiyasına sadiq qalaraq fəaliyyət göstərir. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə media yeni imkanlar qazansa da, Həsən bəy Zərdabinin irəli sürdüyü əsas dəyərlər bu gün də öz aktuallığını qoruyur.
Bu gün Azərbaycan milli mətbuatı 151 illik zəngin inkişaf yoluna malikdir. Bu yolun başlanğıcı isə məhz “Əkinçi” qəzeti ilə qoyulmuşdur. Həsən bəy Zərdabinin uzaqgörən fəaliyyəti nəticəsində əsası qoyulan milli mətbuat ənənələri bu gün də uğurla davam etdirilir və Azərbaycan mediası dövlətçilik maraqlarının qorunmasına, cəmiyyətin obyektiv məlumatlandırılmasına və milli-mənəvi dəyərlərin təbliğinə öz layiqli töhfəsini verməkdədir.
“Əkinçi” qəzeti Azərbaycan mətbuat tarixinin ilk səhifəsi olmaqla yanaşı, xalqımızın maariflənməsinin, milli oyanışının və azad söz ənənələrinin möhkəm təməlini qoymuş tarixi bir məktəb kimi daim hörmət və ehtiramla xatırlanır.
Ulu Öndər Heydər Əliyev deyirdi: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.”
Prezident İlham Əliyev demişdir: “Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.”
XIX əsrin ikinci yarısında Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı genişlənməyə başlamış, milli mətbuatın yaranması zərurəti meydana çıxmışdı. Məhz buna görə də 151 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdür. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmuş, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc etmiş, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdir.
“Əkinçi”dən sonra onun ənənələrini davam etdirən çoxsaylı nəşrlər dövrün vətənpərvər ziyalılarını, maarifçilərini eyni məslək ətrafında birləşdirərək, milli oyanış prosesinin aparıcı vasitələrindən biri kimi, ümummilli məqsədlərin gerçəkləşməsində mühüm rol oynamışlar.
Keçən yüzilliyin sonlarında xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin və digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaratdı. Heydər Əliyev medianın inkişafını prioritet vəzifələrdən biri hesab etmiş, onun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılması, inkişafını əngəlləyən süni maneələrin aradan qaldırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul etmiş, dövlət–media münasibətlərində mütərəqqi ənənələrin əsasını qoymuşdur. Bu ənənə bu gün cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir, ölkə mediası hərtərəfli inkişaf edir.
Emil Vəliyev
YAP Culfa rayon təşkilatının fəalı