PDF Oxu

Siyasət

  • 1 112

“Əkinçi” qəzeti ilə başlanan milli mətbuat tariximiz - ŞƏRH

image

Jurnalistika çətin və şərəfli peşədir. Çətindir ona görə ki, dəqiq, qərəzsiz, vicdanlı olmalısan. Şərəflidir ona görə ki, bu üç keyfiyyət səndə var. Ulu öndər Heydər Əliyevin jurnalistlərlə dəfələrlə görüşlərində dediyi cümləni xatırlayaq: “Jurnalistlər mənim dostumdur. Ona görə ki, bəzən ölkədə baş verən hadisələri onların dilindən eşidirəm”.
Azərbaycan jurnalsitikası “Əkinçi” qəzeti ilə öz bünövrəsini qoydu. Əlbəttə, bu həmin dövr üçün çox çətin məsələ idi. Amma bütün bu çətinliklərə, məhrumiyyətlərə baxmayaraq böyük ziyalı Həsən bəy Zərdabinin redaktorluğu ilə “Əkinçi” qəzeti nəşrə başlayır. Bu qəzetin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının yaranmasında və təşəkkül tapmasında əvəzsiz rolu oldu. Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük əhəmiyyət daşıdı. Əsasən maarifçilik missiyasını üzərinə götürən “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış edirdilər. "Əkinçi" Azərbaycanda ictimai fikrin canlanmasına təkan verdi. H.Zərdabi nəşr etdirdiyi qəzetin adını "Əkinçi" qoysa da, orada qabaqcıl mütərəqqi ideyalar təbliğ olunurdu. Xalqımızın ana dilində oxuması çox əlamətdar bir hadisə idi. "Əkinçi" də öz növbəsində ana dilinin saflığı,
zənginləşməsi uğrunda mübarizə aparırdı. Qəzetin "Daxiliyyə", "Elm xəbərləri", "Mətbuat", "Əkin və ziraət xəbərləri" və "Əfhali-əhli-dehat" bölmələrində faktlara əsaslanan çox qiymətli yazılar dərc olunurdu. H.Zərdabi müxtəlif rubrikalar altında verilən qəzet materiallarında özünün və əqidə dostları Seyid Əzim Şirvani, Əlimədəd Abdullahzadə, Məmnun Əlqədari, Əhsənül-Qəvaid, Məhbus Dərbəndi, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqalarının mütərəqqi fikirlərini yayır, məqsədinə
nail olmaq üçün müxtəlif formalardan bacarıqla istifadə edirdi. Hər bir sahədən oxuculara bilik və məlumat verməyə, həmvətənlərində savad ehtiyatı yaratmağa səy göstərirdi.

"Əkinçi"yə nəzər salarkən onun ictimai, iqtisadi, elmi, mədəni işi sırf əməli və maarifləndirici işlə bir yerdə paralel surətdə aparmasının canlı şahidi oluruq. Qəzetin səhifələrində dərc olunan yazıların əksəriyyətində yeni tipli mədəniyyət yaradılması məsələləri - qədim ədəbiyyat, incəsənət, dil, pedaqogika, dərslik, tərcümə, kitab nəşri, kitabxana, məktəb və digər məsələlər əsas yerlərdən birini tuturdu. Bütün bu dəyərlər mətbuatımızın yaşamasında və inkişafında öz real təcəssümünü tapdı. "Əkinçi" özündən sonra "İrşad", "Həyat", “Kaspi”, "Azərbaycan" və başqa qəzetlər, "Molla Nəsrəddin" jurnalının meydana çıxmasına yol açdı. İctimai fikir və mətbuat tariximizə Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Abdulla Şaiq, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Ömər Faiq Nemanzadə kimi şəxsiyyətlərin adları yazıldı.
Bu gün Azərbaycan mətbuatını təkcə qəzet və jurnallar bəzəmir. İndi biri-birindən maraqlı saytlar, ölkədən və dünyadan müntəzəm olaraq xəbərlər, verilişlər hazırlayan televiziyalar da Azərbaycan mətbuatının, mediasının müasir inkişafına xidmət edir. Bu gün bizim günümüzdür. Böyük mücadilə və mübarizələrdən keçən milli mətbuatımız 151 il ərzində öz yüksəliş və inkişaf mərhələsinə gəlib çıxıb. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbuat orqanı qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başlandığı gün-22 iyul Milli Mətbuat Günü kimi qeyd olunur.
Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə milli
mətbuatımızın 125, 130, 135, 140, 145və 150 illik yubileyləri ölkə miqyasında geniş qeyd olunmuşdur. Bu yubileylər milli jurnalistikamızın tarixinə ədalətli qiymət verilməsini və nəsillərin varisliyini qəbul etməklə,mediamızın sabahkı hüdudlarına aydın baxışı təmin etdi.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il 3 fevral tarixində “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis olunmuşdur. Süni intellekt, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə medianın qarşısında yeni və daha mürəkkəb vəzifələr dayanır. Süni intellekt vasitəsilə hazırlanmış saxta görüntülər, kiberhücumlar və informasiya manipulyasiyası jurnalistikanın fəaliyyətinə yeni risklər gətirib. Bu şəraitdə operativlik qədər dəqiqlik, xəbərin ilk verilməsi qədər onun doğruluğunun yoxlanılması da əsas peşə meyarına çevrilir. Media savadlılığının artırılması, faktların yoxlanılması mexanizmlərinin gücləndirilməsi və rəqəmsal təhlükəsizliyin təmin edilməsi bütövlükdə cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir. Bu reallıqlar fonunda artıq 4-cü ildir keçirilən Şuşa Qlobal Forumu bir da vacib əhəmiyyət kəsb edir. Bu gün müasir media təkcə informasiya daşıyıcısı deyil, həm də ictimai etimadın, dövlət təhlükəsizliyinin və beynəlxalq kommunikasiyanın mühüm elementidir. Bu gün Azərbaycan mediasının qarşısında duran əsas vəzifələrdən biri peşəkarlıq, obyektivlik və dövlətçilik prinsiplərini qorumaqdır. Saxta xəbərlərin qlobal miqyas aldığı, informasiya manipulyasiyalarının geniş yayıldığı şəraitdə cəmiyyətin etibarlı informasiya ilə təmin olunması xüsusi əhəmiyyət kəsb edir. Milli media həm vətəndaşların düzgün məlumat almaq hüququnu təmin etməli, həm də ölkənin milli maraqlarını beynəlxalq informasiya məkanında layiqincə müdafiə etməlidir. Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirir. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Bununla əlaqədar, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Əminik ki, Azərbaycan mətbuatı bundan sonra da milli maraqların keşiyində dayanaraq, həqiqətin carçısı olacaq və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına, mədəni zənginliyimizin tanıdılması və təbliğ edilməsinə, Azərbaycan reallıqlarının, milli-mənəvi dəyərlərimizin, respublikamızın həyatında baş verən yeniliklərin operativ, obyektiv və peşəkar şəkildə yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasına layiqli töhfələr verməyə davam edəcəkdir.

Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı

Digər xəbərlər