Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri ölkəmizin Avropa istiqamətində həyata keçirdiyi çoxşaxəli xarici siyasətin növbəti mühüm uğuru kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər, imzalanan mühüm sənədlər və dövlət başçısının mətbuata verdiyi bəyanat göstərdi ki, Azərbaycan ilə Almaniya arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu mərhələ qarşılıqlı etimada, siyasi dialoqun dərinləşdirilməsinə, iqtisadi tərəfdaşlığın genişləndirilməsinə, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, yaşıl enerji, innovasiya və regional təhlükəsizlik kimi strateji istiqamətlər üzrə əməkdaşlığın sistemli şəkildə inkişaf etdirilməsinə əsaslanır.
Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan artıq yalnız Cənubi Qafqazın aparıcı dövləti deyil, Avropa ilə Asiya arasında mühüm geosiyasi və geoiqtisadi mərkəzlərdən biri kimi qəbul edilir. Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi balanslaşdırılmış, milli maraqlara söykənən və praqmatik xarici siyasət nəticəsində ölkəmiz həm Şərq, həm Qərb, həm də qlobal Cənub dövlətləri ilə etibarlı tərəfdaşlıq münasibətləri qurmağa nail olub. Almaniya kimi Avropa İttifaqının siyasi və iqtisadi baxımdan aparıcı dövləti ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi də məhz bu uğurlu siyasətin məntiqi nəticəsidir.
Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğuladığı kimi, bu gün imzalanmış sənədlər Azərbaycan–Almaniya münasibətlərini yeni səviyyəyə qaldıracaq. Dövlət başçısı bildirdi ki, hər iki ölkə uzun müddətdir strateji dialoqun başlanmasını arzulayırdı və artıq bu məqsədə nail olunub. İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair imzalanmış Birgə Bəyannamə münasibətlərin gələcək inkişafının siyasi yol xəritəsini müəyyən edən fundamental sənəd kimi böyük əhəmiyyət daşıyır. Bu sənəd iki ölkə arasında siyasi məsləhətləşmələrin daha intensiv aparılmasına, iqtisadi əməkdaşlığın genişləndirilməsinə, yüksək texnologiyalar, sənaye, elm, təhsil və innovasiya sahələrində yeni layihələrin həyata keçirilməsinə geniş imkanlar açır.
Azərbaycan və Almaniya arasında formalaşan strateji dialoq yalnız ikitərəfli münasibətlər baxımından deyil, Avropa ilə Cənubi Qafqaz arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcı kimi də xüsusi əhəmiyyət daşıyır. Almaniya Avropa İttifaqının ən güclü iqtisadiyyatına malik olmaqla yanaşı, qitənin siyasi qərarlarının formalaşdırılmasında da aparıcı rol oynayır. Belə bir dövlətlə münasibətlərin strateji xarakter alması Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmləndiyini, ölkəmizin etibarlı tərəfdaş kimi qəbul olunduğunu nümayiş etdirir.
Son illərdə Azərbaycan ilə Almaniya arasında iqtisadi əməkdaşlıq davamlı inkişaf edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda 200-dən çox Almaniya şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. Bu şirkətlər sənaye, maşınqayırma, tikinti, nəqliyyat, logistika, kənd təsərrüfatı, informasiya texnologiyaları, maliyyə və xidmət sektorlarında mühüm layihələr həyata keçirirlər. Dövlət başçısı əminliyini ifadə etdi ki, rəsmi səfərdən sonra Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti daha da genişlənəcək. Qarşılıqlı investisiya qoyuluşu ilə bağlı konkret təkliflərin irəli sürülməsi, biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi və yeni iqtisadi layihələrin hazırlanması bunu deməyə əsas verir.
Səfər zamanı Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması və fəaliyyətinə dair Birgə Bəyannamənin imzalanması iqtisadi münasibətlərin institusional inkişafı baxımından mühüm hadisədir. Bu qurum sahibkarlar arasında birbaşa əlaqələrin genişlənməsinə, yeni investisiya layihələrinin hazırlanmasına, texnologiya transferinə və birgə istehsal müəssisələrinin yaradılmasına geniş imkanlar yaradacaq. Azərbaycanın əlverişli investisiya mühiti, sabit siyasi şəraiti və geniş nəqliyyat imkanları Almaniya biznes dairələrinin marağını daha da artırır.
Prezident İlham Əliyevin bəyanatında enerji əməkdaşlığı xüsusi yer tutdu. Dövlət başçısının da qeyd etdiyi kimi, bu ildən etibarən Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlayıb. Bununla da Azərbaycan qazı artıq Avropa İttifaqına üzv on ölkəyə çatdırılır. Bu fakt ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu bir daha təsdiqləyir. Son illərdə qlobal enerji bazarlarında baş verən dəyişikliklər fonunda Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi nüfuzu daha da artıb. Ölkəmiz siyasi vəziyyətdən asılı olmayaraq bütün müqavilə öhdəliklərini vaxtında yerinə yetirməklə etibarlı tərəfdaş imicini möhkəmləndirib.
Azərbaycan yalnız təbii qaz və neft ixrac edən ölkə kimi deyil, həm də yaşıl enerji sahəsində Avropanın gələcək tərəfdaşlarından biri kimi çıxış edir. Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji zonası" elan olunması, Xəzər dənizində külək enerjisi layihələrinin həyata keçirilməsi, günəş və külək elektrik stansiyalarının tikintisi ölkəmizin enerji strategiyasının yeni mərhələyə keçdiyini göstərir. Almaniyanın alternativ enerji texnologiyaları sahəsində zəngin təcrübəsi bu istiqamətdə əməkdaşlıq üçün geniş perspektivlər yaradır.
Müasir dövrdə qlobal iqtisadiyyatın əsas dayaqlarından biri nəqliyyat və logistika marşrutlarıdır. Prezident İlham Əliyevin çıxışında bu məsələyə toxunaraq vurğuladığı kimi, Almaniya şirkətləri logistika və nəqliyyat sahəsində böyük uğurlar əldə ediblər və Azərbaycan bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Son illərdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri nəticəsində Azərbaycan Avropa ilə Asiya arasında əsas tranzit qovşaqlarından birinə çevrilib. Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir avtomobil magistralları və beynəlxalq hava limanları Orta Dəhlizin səmərəli fəaliyyətini təmin edən mühüm layihələrdir.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olması ölkəmizin Avropa ilə Mərkəzi Asiya arasında strateji körpü rolunu daha da gücləndirib. Bu baxımdan Almaniya ilə logistika və tranzit sahəsində əməkdaşlıq həm iqtisadi, həm də geosiyasi baxımdan xüsusi əhəmiyyət kəsb edir. İmzalanmış Birgə Bəyannamənin icrası məqsədilə bir neçə işçi qrupunun yaradılması barədə əldə olunan razılıq da tərəflərin bu istiqamətdə konkret fəaliyyətə üstünlük verdiyini göstərir.
Prezident İlham Əliyevin bəyanatında Cənubi Qafqazda yaranmış yeni siyasi reallıqlar da geniş şəkildə əks olundu. Dövlət başçısı bildirdi ki, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı və imzası ilə qəbul edilmiş Birgə Bəyannamə faktiki olaraq otuz il davam etmiş Ermənistan–Azərbaycan münaqişəsinə son qoydu. Bu, regionun tarixində yeni səhifənin başlanğıcıdır. Azərbaycan sülh prosesinə yalnız siyasi bəyanatlarla deyil, konkret addımlarla da töhfə verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan tərəfindən Ermənistana benzin və dizel yanacağının tədarükü həyata keçirilir, eyni zamanda Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin daşınması sürətlə artır. Qısa müddət ərzində 40 min tondan artıq yükün ölkəmizin ərazisindən tranzit daşınması yeni əməkdaşlıq mühitinin real nəticəsidir.
Dövlət başçısı Almaniyanın bu prosesdə oynadığı rolu da yüksək qiymətləndirdi. O vurğuladı ki, Almaniyada xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlər və Berlinin sülh dialoquna verdiyi dəstək etimad mühitinin formalaşmasına mühüm töhfə verib. Bu yanaşma Almaniyanın Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsində maraqlı olduğunu nümayiş etdirir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətlərə də toxundu. O vurğuladı ki, Azərbaycan öz gücü hesabına işğala son qoydu, ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdi, BMT Təhlükəsizlik Şurasının uzun illər icra edilməyən dörd qətnaməsinin həyata keçirilməsini təmin etdi və bundan sonra regionda sülh təşəbbüslərinin müəllifi kimi çıxış etdi. Bu gün Azərbaycanın irəli sürdüyü əməkdaşlıq və qarşılıqlı fayda prinsipləri regionda yeni münasibətlər sisteminin formalaşmasına xidmət edir.
Prezident İlham Əliyev Avropa İttifaqı ilə münasibətlərin inkişafına da toxunaraq qeyd etdi ki, bu il Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfərləri xüsusi siyasi əhəmiyyət daşıyır. Bu səfərlər Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətinin göstəricisidir. Almaniyanın Avropa İttifaqında aparıcı mövqeyi nəzərə alınarsa, Berlinin bu münasibətlərin gələcək inkişafına verəcəyi töhfə xüsusi əhəmiyyət kəsb edir.
Səfərin ən mühüm nəticələrindən biri Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts tərəfindən "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"nin imzalanması oldu. Eyni zamanda, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması və fəaliyyətinə dair Birgə Bəyannamənin qəbul edilməsi iqtisadi əməkdaşlığın gələcək inkişafı üçün yeni institusional mexanizmlər formalaşdırdı. Bu sənədlər qarşıdakı illərdə siyasi dialoqun dərinləşdirilməsini, ticarət dövriyyəsinin artırılmasını, qarşılıqlı investisiyaların genişləndirilməsini, enerji və yaşıl texnologiyalar, rəqəmsal iqtisadiyyat, sənaye kooperasiyası, elm və təhsil sahələrində əməkdaşlığın yeni mərhələyə keçməsini təmin edəcək.
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri bir daha təsdiqlədi ki, Azərbaycanın həyata keçirdiyi müstəqil, milli maraqlara əsaslanan və uzaqgörən xarici siyasət kursu ölkəmizin beynəlxalq mövqeyini davamlı şəkildə gücləndirir. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında, regionda davamlı sülhün möhkəmləndirilməsində və çoxtərəfli əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayan etibarlı tərəfdaş kimi çıxış edir. Almaniya ilə strateji tərəfdaşlığın yeni mərhələsi isə bu siyasətin uğurlu nəticəsi olmaqla yanaşı, gələcək illərdə Azərbaycan–Avropa münasibətlərinin daha da dərinləşəcəyinin mühüm göstəricisidir.
Bəhruz Məmmədov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, doesnt,
NDU şəhərciyi ƏPT-nin sədri