PDF Oxu

Siyasət

  • 627

Gəmiçiliyin inkişafında yeni dövr başlayır - TƏHLİL

image

Dünya dəyişir, yeni texnologiyalar, müasir idarəetmə üsulları yaranır. Təyyarələr, avtomobillər, qatarlar, hətta veloseped və motosikillər müasir tələblərə uyğunlaşdırılsa da, gəmilər öz xüsusiyyətlərini qoruyub saxlayıb. Yaradıldığı zamandan bu günə qədər gəmilər ümumi konstruksiyaya və əsas fiziki xüsusiyyətlərə malikdir. Gəmiçilik hərbi, balıqçılıq, yük və sərnişin daşınmalarda unukal dəniz nəqliyyatıdır. Hələ qədim dövrlərdə, təxmini hesablamalara görə, 8-10 min il əvvəl Misir, Yunanıstan, Roma, Çin və Mesopotamiya dövlətlərdə gəmiçilik inkişaf etmişdir. Həmin ərazilərdə gəmiçilik ticarət, yükdaşınmalarla yanaşı, həm də ticarət yollarının genişlənməsi, hərbi qüdrətin artması məqsədləri üçün istifadə olunmuşdur. Dənizçilər, mühəndislər və idarəetmə mütəxəssisləri bu sahənin inkişafına töhfə verir. Yüz minlərlə insan gəmiçilikdə işləyir və bu sahənin daha da inkişaf etdirilməsinə öz tövhəsini verməyə çalışır. Yeni iş yerlərinin yaradılması gəmiçiliyin cəmiyyətə verdiyi töhfələrdəndir.

Birmənalı mövqe ondan ibarətdir ki, gəmilərin böyük yüklərin və insanların daşınmasında alternativi yoxdur. Ona görə də, müasir dövrdə dövlətlər daha çox gəmiçiliyin inkişafına diqqət ayırırlar. Hazırda dünyada elə dövlətlər var ki, gəmiçiliyin inkişafı baxımdan öndədir və hər il milyardlarla dollar gəlir əldə edir. Bu baxımdan gəmilər dünya iqtisadiyyatında vacib rol oynayır. Dünyada yeni inşa edilən gəmilərin ümumi həcminin təxminən 91%-i üç ölkənin payına düşür: Çin, Cənubi Koreya və Yaponiya. Ən böyük gəmi “Emma Maersk” hesab olunur. Gəminin uzunluğu 397 metr, eni 63 metrdir. O, hər biri 14 tonluq 11 min konteyneri qəbul edir. Belə yüklərin öh­dəsindən gəlmək üçün “Emma Maersk” dünyanın ən böyük daxiliyanma mühər­rikləri ilə təchiz olunub. Cənubi Koreyada inşa edilmiş “Berg Stahl” gəmisi də ən böyük yük gəmilərindəndir. Onun uzunluğu 343 metr, eni 63,5 metrdir. Bu gəminin ümumi yükgötür­mə qabiliyyəti 364 min tondan artıqdır. “Blue Marlin” gəmsi də nəhəng gəmi hesab edilir. Bu gəmi 2004-cü ildə çəkisi 60.000 ton olan ən böyük neft platforması və qazma qurğusunu Ko­reyadan Texasa daşıyıb. Bu zaman 15.000 dəniz mili səyahət edib.

Qədim dövrlərdə dənizlərin sahillərində yaşayan xalqlar, xüsusilə də misirlilər, finikiyalılar, çinlilər və yunanlar gəmiqayırmada mühüm irəliləyişlərə imza atıblar. Orta əsrlərdən başlayaraq Avropa ölkələri müxtəlif növ gəmilərdən istifadə edərək yeni torpaqlar kəşf olunmuşdur. Kristafor Kolumbun rəhbərlik etdiyi heyət gəmi ilə 1492-ci ildə ilk dəfə Atlantik okeanını üzüb keçməsi Hindistan, Baham, Kuba və Haiti (Espanyola) adalar kəşf olundu. İspan gəmi sahibləri 1499-1500-cü illərdə Ameriqo Vespuççinin iştirakı ilə Cənubi Amerikaya dörd ekspedisiya təşkil edirlər. Onlar 700-800 mil uzunluğunda sahilləri öyrənirlər və Amazon çayının başlanğıc nöqtəsini aşkar edirlər. 1500-cü ildə Hindistana yollanan portuqaliyalı Pedro Kabralın gəmilərini fırtına Braziliya sahillərinə atır, buranı o Santa-Krus adası adlandırır. Sonralar Portuqaliya tacirləri buraya boyaq ağacı (Braziliya) üçün üzməyə başlayırlar.

İlk gəmi nümunələri necə yaranıb?

Fakt ondan ibarətdir ki, bu gün dünyaya məlum olan ərazilərin böyük hissəsi orta əsrlərdən başlayaraq gəmi səyahətləri ilə kəşf olunub. Bu gün də tarixçilər, arxeoloqlar, tədqiqatçılar müxtəlif bölgələrə gəmilərlə səyahətlər təşkil edirlər. Bəlkə də, Kristafor Kolumbun, Ameriqo Vespuççinin, Martin Valdzemüllerin, Herard Merkatorun, Manuel Vasko da Qamanın, Fernan Magellan, Xuan Sebastyan Elkanonun və digərlərinin başçılığı ilə kəşf edilən torpaqların, coğafi ərazilərin yeniləri aşkar olunacaq.

Ağac gövdələrindən düzəldilmiş sadə vasitələr olsa da, zamanla dizaynı dəyişmiş və daha mükəmməl formaya çevrilmişdir. Qeyd etdiyimiz kimi, ilk gəmilər 8-10 min il əvvəl meydana gəlməyə başlayıb. İlk vaxtlar gəmilər, sadəcə, iki-üç nəfərin əyləşə biləcəyi sadə bir konstruksiyadan ibarət olub. Sonradan təkmilləşib və tədricən ölçü böyüdülməsi ilə yanaşı sürəti də artırılmışdır. Buna gəmiyə yelkənlər quraşdırmaqla nail olunmuşdur. Yeklənlərin tətbiqi ilə gəmilərin dənizdə yük daşımaları, sərnişinlərin bir yerdən digər yerlərə çatdırılmasında yeni imkanlar qazanılmışdır. Düşmən hesab olunan ərazilərə hücumlar zamanı hərbi məqsədlər üçün hazırlanan gəmilərdən istifadə olunmuşdur. Getdikcə gəmilərin hərəkəti üçün küləyin gücündən daha çox istifadə etməyə başlayıblar. Gəmilərdə yelkənlərin sayı getdikcə çoxaldılır, onların yükdaşıma qabiliyyəti və sürəti artırılırdı. Ən sürətli yelkənli gəmilər quru çay daşıyan gəmilər – kliperlər hesab edilirdi. “Katti Sark” adlı ingilis kliperi səmt küləyi zamanı sutkada təqribən 400 mil (700 kilometrdən çox) məsafə qət edirdi. Hətta hər müasir teploxod sutkada bu qədər gedə bilməz! Lakin kliperlər yalnız külək olanda yaxşı üzürdülər. Küləksiz havada isə ən yaxşı yelkənli gəmilər aylarla hərəkətsiz qalırdı. 1807-ci ildə amerikalı Robert Fulton gəmidə buxar maşınını quraşdırdı. Gəmilər küləyin şıltaqlığından yaxa qurtara bildi. İlk paroxod “Klermont” adlanırdı. Lakin “paroxod” sözünün özü 1815-ci ildə ilk rus paroxodu “Yelizaveta”nın inşası zamanı meydana gəldi. O, Peterburqla Kronştadt arasında işləyirdi.

Dünyanın əsas aparıcı hissəsi olan Azərbaycanda da gəmiçilik geniş inkişaf etdirilmişdir. Xəzər dənizində gəmiçilik təkcə iqtisadi, ticarət məqsədləri üçün deyil, həm də hərbi, eləcə də insanların bir yerdən başqa bir yerə daşınmasında geniş istifadə olunmuşdur. Eramızdan əvvəl X-VIII minilliyə aid edilən Qobustan dağlarında qayaüstü daş yazılarda, şəkillərdə gəmilər, balaca qayıqlar əks olunub. Böyükdaş, Kiçikdaş, Cingirdağ, Şonqardağ və Şıxqaya ərazilərində Daş dövrü və sonrakı dövrlərdə yaşamış insanların qayalara əks etdirdikləri gəmilər, qayıqlar onu təsdiq edir ki, qədim əcdadlarımız gəmiçiliyin inkişafına xüsusi diqqət ayırıblar. Bununla balıq ovlanmaq, qonşu qəbilələrlə əlaqələr saxlamaqla yanaşı, həm də uzaq ölkələrə ticarət əlaqələri yaratmışlar. Müasir dövrdə, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin əsası 1858-ci il mayın 21-də “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulub.

Azərbaycan Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir

XIX və XX əsrlərdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzəryanı ölkələrə müxtəlif təyinatlı yüklər daşıyan ən böyük gəmiçilik şirkəti kimi fəaliyyət göstərib. Hazırda 250-dək müxtəlif təyinatlı gəmisi olan Azərbaycan Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. Ölkəmizdə gəmiçiliyin fəaliyyəti təkcə Xəzərlə məhdudlaşmayıb. Eyni zamanda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilər Xəzərdə və Xəzərdənkənar hövzələrdə fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2013-cü il 22 oktyabr tarixli Sərəncamı ilə Azərbaycanda mövcud olan iki böyük donanmanın - Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradılıb. Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən donanmalarını vahid formada birləşdirərək qarşıya qoyulan vəzifələri yüksək səviyyədə və operativ yerinə yetirmək əzmindədir. Bu yaxınlarda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Gəmi heyəti üzvlərinin siyahısının, sərnişinlərin siyahısının, gəmi, radio və maşın jurnallarının aparılması Qaydaları”nı təsdiqləməklə kəmiçiliyin inkişafında yeni mərhələnin əsası qoyulub. Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev imzaladığı yeni qərara əsasən bundan sonra gəmi heyəti üzvlərinin siyahısı gəminin kapitanı tərəfindən aparılacaq. Məlumatlar belə olacaq: Gəminin adı, gəminin Beynəlxalq Dəniz Təşkilatı nömrəsi, gəminin çağırış siqnalı, gəminin səfər nömrəsi,gəminin giriş/çıxış limanının və ya dəniz əməliyyatları bazasının adı, gəminin limana və ya dəniz əməliyyatları bazasına girişin/çıxışın tarixi, gəminin milli mənsubiyyəti (bayraq dövləti), gəminin tərk etdiyi son limanın və ya dəniz əməliyyatları bazasının adı.Bundan başqa, gəmi heyəti üzvlərinin siyahısına gəminin hər bir heyət üzvü haqqında aşağıdakı məlumatlar daxil edilir: soyadı, adı, gəmidə tutduğu vəzifə, vətəndaşlığı və ya vətəndaşlığı olmayan şəxsin daimi yaşadığı ölkənin adı, doğulduğu yer və tarix,cinsi, dənizçinin şəxsiyyət sənədi, olmadığı təqdirdə şəxsiyyəti təsdiq edən müvafiq sənədi və ya sərhədkeçmə sənədi barədə məlumatlar (növü, seriyası, nömrəsi, sənədi verən dövlət və etibarlılıq müddəti). Həmçinin gəmi sərnişinlərinin siyahısına aşağıdakı məlumatlar daxil ediləcək, gəminin adı, əminin milli mənsubiyyəti (bayraq dövləti), habelə şəxsiyyət vəsiqəsi və ya sərhədkeçmə sənədi (növü, seriyası, nömrəsi, sənədi verən dövlət və etibarlılıq müddəti), vizanın (tələb olunduğu təqdirdə) seriya və nömrəsi, yaxud müvəqqəti və ya daimi yaşama icazəsinin (olduğu təqdirdə) seriya və nömrəsi, minmə/enmə limanı və ya dəniz əməliyyatları bazası, tranzit keçib-keçməməsi barədə məlumatlar.

Bütün bunlar onu deməyə əsas verir ki, artıq Azərbaycanda gəmiçiliyin inkişafında yeni dövr başlayır. Bundan sonra Azərbaycan gəmiləri beynəlxalq sularda Azərbaycanın qürurla dalğalanan bayrağı altında üzəcək və ölkəmizin qitələrlə əlaqələrinin birləşdirilməsində əsaslı rolunu daha da artıracaq.

İ.ƏLİYEV

Digər xəbərlər